Bu günlərdə Qafqaznews.az-da Bakı sakini Zöhrab Əliyevin Qafqaz Xəbər Agentliyinə müraciəti və bu istiqamətdə bir sıra jurnalist araşdırmaları dərc olunmuşdu. Z.Əliyevin sözlərinə görə, FHN başçısının müavini Orucəli Hacıyevlə yaxın olduğunu deyən “Axund FTKA” şirkətinin rəhbəri Fuad Axundov onu və 16 torpaq sahibini aldadaraq, əvvəlcə onlardan etibarnamə alıb, sonra isə həmin torpaq sahələrini öz ailə üzvlərinə satıb.
Z.Əliyev məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova və onun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. Həmin müraciətin mətnini Qafqaznews.az oxucularına təqdim edirik:
“Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Zakir Bəkir oğlu Qaralova
Surəti: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri, cənab Kamran Bayram oğlu Əliyevə
Bakı Şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küç., ev 39 ünvanında yaşayan Zöhrab Zülfi oğlu Əliyev (AZE № 09070769, Sabunçu RPİ – 21.12.2011) tərəfindən
MÜRACİƏT
Cənab Zakir Qaralov!
Sizin hər zaman qanunların və dövlətçiliyin keşiyində durmanız, haqqı tapdanan vətəndaşların yanında yer almanız danılmazdır. Azərbaycanın Baş Prokuroru olaraq, haqsızlığa məruz qalan bir çox vətəndaşın şikayətlərini eşitmiş, problemlərini həll etmisiniz. Sizin Azərbaycan dövlətçiliyinə göstərdiyiniz xidmətləri və məzlum vətəndaşların problemlərinə göstərdiyiniz həssaslığı nəzərə alaraq, mən özümün və on altı vətəndaşın üzləşdiyi bir problemi diqqətinizə çatdırmaq qərarına gəldim.
Hörmətli Baş Prokuror!
Yazıb bildirirəm ki, 2010-cu ildə tanışlıq münasibətlərimiz olan “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov mənə bildirdi ki, Pirşağı qəsəbəsində böyük torpaq sahəsi əldə etmək istəyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi “Axund FTKA” şirkəti həmin ərazidə kotteclərdən ibarət böyük istirahət kompleksi tikəcək. Pirşağıda, dəniz sahilində mənim dostlarım və qohumlarımın torpaq sahələri var idi. O mənə təklif etdi ki, onlardan etibarnamə alım və sonra ona satım.
Fuad Axundov mənə bildirmişdi ki, bu işdə əsas söz sahibi “ağsaqqal” deyə təqdim etdiyi fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevdir. F.Axundovun sözlərinə görə, bu torpaqların pulunu və tikiləcək istirahət kompleksinin də sərmayəsini Orucəli Hacıyev verəcəkdi.
Mən həmin ərazidə hər birinin 0,12 hekar qanuni torpaq sahəsi olan 16 nəfərlə danışaraq, onlardan etibarnamə aldım. Məsələni torpaq sahiblərinə izah etdim. Təxminən 2 hektara yaxın ərazinin etibarnaməsini aldıqdan sonra, Fuadla əlaqə saxladım və torpaq sahələrini nə vaxt alacağını soruşdum. O, məni inandırdı ki, tezliklə “ağsaqqal” dediyi Orucəli Hacıyevlə görüşəcək və ondan sərmayə alacaq, lakin ilk əvvəl mən ona etibarnamə verməliyəm. F.Axundovun sözlərinə görə, o, etibarnamələri Orucəli Hacıyevə göstərərək, onu sərmayə yatırmağa inandırmalı idi.
Beləliklə, Fuad Axundov mənim etibarımdan sui-istifadə edərək, həmin torpaq sahələrinə 16 mülkiyyət sahibinin adına etibarnamə aldı. Mən torpaq sahiblərinin şifahi razılığını alaraq, onların mənə verdiyi etibarnamələri Fuad Axundovun adına dövr etdim. İnanırdım ki, bu işdə nazir müavininin adı varsa, hər hansı fırıldaq olmaz. Ondan sonra Fuad Axundovdan səs çıxmadı və məsələ uzandı. Mən Fuad Axundovla görüşmək istəyəndə isə, o, mənim zənglərimə cavab vermədi və daim görüşdən qaçdı.
Cənab Baş Prokuror!
Daha sonra isə öyrəndim ki, Fuad Axundov mülkiyyət sahiblərinin xəbəri olmadan həmin torpaq sahələrini 2012-ci ildə özünə yaxın adamlara, ailə üzvlərinə “satıb”. Daha doğrusu, Fuad Axundov formal “alqı-satqı” prosesi ilə, özgələrinin əmlakını mənimsəyib. Həmin ərazidə hələ də tikinti başlamayıb, lakin Fuad Axundov həmin torpaq sahələrini özününküləşdirərək, vətəndaşların dədə-baba torpaqlarını, bağ sahələrini zəbt edib. Mən bu hadisədən sonra dəfələrlə həm Fuad Axundovla, həm də FHN başçısının müavini Orucəli Hacıyevlə görüşməyə çalışdım, lakin cəhdlərim boşa çıxdı. Son nəticə olaraq, mən 16 mülkiyyət sahibinin yanında yalançı çıxdım. Sizdən xahiş edirəm ki, vətəndaşların mülkiyyət hüquqlarının bərpası naminə, Fuad Axundovun dələduzluq əməllərini araşdıraraq, cinayət məsuliyyətinə cəlb edəsiniz və torpaqlarımızın qaytarılmasında bizə köməklik edəsiniz.
Bir daha qeyd edirəm, aşağıda adı çəkilən torpaq sahibləri də təsdiqləyə bilər ki, etibarnamələrini Fuad Kamal oğlu Axundova dövr edərkən, məhz Fuad Axundovun vədlərinə inanaraq şifahi razılıq veriblər, lakin sonradan baş tutan alqı-satqıya görə, onlara heç nə verilməyib: Mirismayıl Miryəhyaoğlu, Nəcəfzadə Aslan Nəcəf oğlu, Yaqubov Əfqan Sabir oğlu, Nəcəfov Salman Əjdər oğlu, Yaqubov Mübariz Sabir oğlu, Hacıbəyov Teymur Adil oğlu, Nəcəfov Sərdar Mirismayıl oğlu, Yəhyayev Muxtar Mirismayıl oğlu və digərləri (bir neçə şikayətçi xanım olduğuna görə, adlarının hələlik mətbuatda açıqlanmamasını xahiş ediblər – red.)
Möhtərəm Zakir Qaralov!
Sizdən xahiş edirəm ki, mənim və 16 torpaq sahibinin etibarından sui-istifadə edən, məni həqiqi mülkiyyətçilər yanında “fırıldaqçı” vəziyyətinə salan, özgələrinin əmlakını mənimsəyən Fuad Kamal oğlu Axundovun cəzalandırılması və torpaq sahələrinin əsl sahiblərinə qaytarılması üçün müvafiq tapşırıqlarınızı verəsiniz.
Hörmətlə: Zöhrab Zülfi oğlu Əliyev
Qafqaznews.az
Mövzuya aid linklər:
http://qafqaznews.az/2016/07/oruc-li-haciyevin-adi-pirsagida-torpaq-firildaginda-hallanir-sikay-t/
http://qafqaznews.az/2016/07/axund-ftka-nin-r-hb-ri-ozg-sinin-torpagini-oz-ogluna-satib/
http://qafqaznews.az/2016/07/axund-ftka-nin-r-hb-ri-kecmis-iscisin-d-pul-atib/
http://qafqaznews.az/2016/07/fhn-bascisinin-muavini-qanundan-alidir/