Sudef Məcidov: “Mən elə bilirdim ki, Prezident Administrasiyasından yönəldilən məktubumu “Bandotdel”də ciddi araşdıracaqlar, amma gözləntilərim boşa çıxdı”
İyulun 13-də Qafqaznews.az saytında “Sələmçi Fatma Yolçiyevanın işi “Banditizm”də araşdırılır” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Fatma Məhəmməd qızı Yolçiyeva və onun rəhbərlik etdiyi sələmçilər şəbəkəsini ifşa edən Sudef Hacıbala oğlu Məcidovun dövlət başçısı İlham Əliyevə müraciəti DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılır. Qafqaznews.az xatırladır ki, S.Məcidov dövlət başçısına müraciətində onu aldadaraq əmlakını mənimsəyən, vətəndaşlara faizə pul verərək onları iflas həddinə çatdıran Fatma Yolçiyevanın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdi. S.Məcidov Qafqaz Xəbər Agentliyinə Fatma Yolçiyevanın və onun əlaltısı İradə Vəliyevanın da etirafları olan videogörüntüləri təqdim etmişdi və bu videolar artıq saytımızda yayımlanıb.
İyulun 13-də vətəndaş Sudef Məcidov LEGİON.AZ-la əlaqə saxlayaraq, dövlət başçısına etdiyi müraciətin artıq hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını bildirdi. “Mənim məktubum DİN-ə göndərilib, ordan isə araşdırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə olunub. İyulun 11-də DİN Baş MCMİ-nin İstintaq Şöbəsinin rəis müavini Fikrət Quliyevin qəbulunda oldum, məsələ ilə bağlı ifadə verdim. Fikrət Quliyev bildirdi ki, Fatma Yolçiyevanı da çağıraraq, onun ifadəsini alacaq. Mən ona bildirdim ki, Qafqaz Xəbər Agentliyinin saytlarında bu istiqamətdə apardığı araşdırmaları oxuyub məsələ ilə daha yaxından tanış ola bilər. Fikrət Quliyev isə dedi ki, hələ o mərhələyə çatmamışıq”, – deyə S.Məcidov qeyd etdi.
O, əmlakını mənimsəyən sələmçilərin əməllərinə obyektiv hüquqi qiymət veriləcəyinə inandığını əlavə etdi. Lakin avqustun 4-də Qafqaznews.az-la yenidən əlaqə saxlayan Sudef Məcidov bildirdi ki, şikayətinin kimlərsə tərəfindən “itirilməsindən” narahatdır. O, təxminən 2 həftə əvvəl DİN Baş MCMİ-nin istintaq şöbəsinin rəis müavini Fikrət Quliyevin qəbulunda olduğunu dedi.
“Fikrət Quliyev mənə dedi ki, Fatma Yolçiyevanın şikayəti əsasında Nərimanov RPİ-də iş açılıb, bu işi də ona birləşdirib, Nərimanov RPİ-yə göndərəcək. Qeyd edim ki, bir neçə ay əvvəl Fatma Yolçiyeva guya onu təhdid etməyimlə bağlı Nərimanov RPİ-yə ərizə yazmışdı. Fikrət Quliyev mənə kompüterdə yazdığı izahatı uzadıb imzalamağımı istədi. Mənsə latın əlifbasıyla oxuya bilmədiyimi deyərək, ondan bu izahatı ucadan oxumasını xahiş etdim. Lakin Fikrət Quliyev vaxtı olmadığını deyərək, tələsik o izahatı mənə imzalatdırdı”, – deyə S.Məcidov Qafqaznews.az saytına bildirdi.
Vətəndaş əlavə etdi ki, Fatma Yolçiyevanın şikayəti əsasında açılan birinci işə artıq xitam verilib: “Müstəntiq Nadir Rzazadə mənə dedi ki, o işə əsassız olduğuna görə xitam verilib, ikinci işi isə ona göndərməyiblər. İki həftə içində MCMİ-dən Nərimanov RPİ-yə mənim şikayətimlə bağlı heç bir iş daxil olmayıb”. Qafqaznews.az olaraq, özümüz də məsələni araşdırmaq istədik. Nərimanov RPİ-nin müstəntiqi Nadir Rzazadə bizimlə geniş danışmaq istəmədi, lakin b
ildirdi ki, ona Sudef Məcidovun şikayəti ilə bağlı heç bir iş gəlməyib. DİN Baş MCMİ-nin istintaq şöbəsinin rəis müavini Fikrət Quliyev bizə bildirdi ki, Nərimanov rayonunda araşdırma gedir.
“Ora məktub gəlməyib axı”, – dediyimizdə Fikrət Quliyev “İş göndərilib” deyərək dəstəyi asdı. Nərimanov RPİ-nin növbətçi hissəsindən Qafqaznews.az-a bildirdilər ki, sözügedən şəxslərlə bağlı bir neçə iş də olsa, bunlar eyni fakt sayılır və bir nəfər araşdırmalıdır. Qafqaznews.az bu dəfə Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Fəxrəddin Şirəliyevlə əlaqə saxladı. F.Şirəliyev Qafqaznews.az-a bildirdi ki, bu məsələ ilə bağlı MCMİ-dən Nərimanov RPİ-yə heç bir məktub daxil olmayıb.
“Bizə “Mütəşəkkil”dən elə bir iş gəlməyib”, – deyə Fəxrəddin Şirəliyev cavab verdi. Biz araşdırmamızın nəticələrini Sudef Məcidovla bölüşdükdə, qarşı tərəfin reaksiyası belə oldu: “Mən anlamıram, burda nə baş verir?! Mən elə bilirdim ki, Prezident Administrasiyasından yönəldilən məktubumu “Bandotdel”də ciddi araşdıracaqlar, amma gözləntilərim boşa çıxdı. Son ümid yeri kimi, Prezidentə müraciət etmişdim. İnanırdım ki, hüquq mühafizə orqanları bu məsələdə obyektiv və operativ iş görəcəklər. Lakin bundan sonra məndə bir çox suallar yarandı. Olmaya, hüquq mühafizə orqanlarında kimlərsə sələmçilər şəbəkəsini himayə edir? Əgər belə deyilsə, təcili tədbirlər görülməlidir. İnanıram ki, cənab nazir Ramil Usubov tezliklə məsələni öz nəzarətinə götürəcək”.
Araşdırmamız davam edir…
Rüfət Əhmədzadə
Qafqaznews.az
Mövzuya aid linklər:
http://qafqaznews.az/2016/07/s-l-mci-fatma-yolciyevanin-tor-una-dus-n-v-t-ndasin-xanimi-zakir-qaralova-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/s-l-mci-fatma-yolciyevaya-vasit-cilik-ed-n-qadinin-etiraflari-video/
http://qafqaznews.az/2016/06/fatma-yolciyeva-m-nims-diyi-obyektl-ri-satisa-cixardi-t-cili/
http://qafqaznews.az/2016/06/v-t-ndaslari-muflis-ed-n-s-l-mci-fatma-yolciyeva-kimin-adamidir-video/
http://qafqaznews.az/2016/05/huquq-muhafiz-orqanlarinda-s-l-mci-fatma-yolcuyevani-kim-himay-edir/
http://qafqaznews.az/2016/06/s-l-mcil-r-t-r-find-n-muflis-edil-n-v-t-ndas-prezident-muraci-t-etdi/
http://qafqaznews.az/2016/06/s-l-mcil-ri-ifsa-ed-n-sudef-m-cidova-qarsi-t-zyiql-r-basladi/
http://qafqaznews.az/2016/06/134166/
http://qafqaznews.az/2016/06/s-l-mcil-rd-n-dolya-alan-m-murlar-hakiml-r-v-polisl-r-movqe/
http://qafqaznews.az/2016/06/131479/
http://qafqaznews.az/2016/05/s-l-mcil-r-s-b-k-sinin-sima-si-ozunu-ifsa-etdi-video/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-notariusa-bohtan-atib/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-cinay-tkar-s-b-k-yaradib/
http://qafqaznews.az/2016/07/s-l-mci-fatma-yolciyevanin-isi-banditizm-d-arasdirilir-foto-video/