Kommersiya banklarının xarici valyuta satışı ilə bağlı vəziyyət gərgindir. Turan-ın məlumatına görə, ötən həftənin sonundan bankların bir hissəsi valyuta satışını ya dayandırıb, ya da sərt limit qoyub. Sentyabrın ilk günündə banklar arasında keçirilən sorğu göstərib ki, vəziyyət normallaşmayıb. Belə ki, «Respublika», «Silkway» xarici valyuta satmır.
, «Accessbank», «Azərbaycan Beynəlxalq Bankı» bir nəfərə 100 dollar/avro limit qoyub, «Azəritürkbank»da bildiriblər ki, dollar alışına limti kassaya yaxınlaşanda bilmək olar. «Paşabank»da deyiblər ki, xarici valyutanı yalnız müştərilərinə satırlar. Maraqlıdır ki, müvafiq maliyyə strukturları banklarda dollar qıtlığına və bununla bağlı yaranan təşvişə rəsmi reaksiya vermirlər. AMB Turan-ın valyuta qıtlığı və vəziyyəti yaxşılaşdırmaq üçün görülən tədbirlər barədə sorğusuna cavab verməyib. Maliyyə Bazarlarına Nəzarət Palatasında qeyd ediblər ki, onlar bankların kommersiya siyasətinə qarışmır, 4% marjaya nəzarət edirlər. Bununla belə, Palatada qeyd ediblər ki, əksər kommersiya banklarının valyuta satışından imtinası ilə bağlı əhali arasında təlaşın mövcud olduğunu hesab etmirlər (contact.az).
Qeyd edək ki, banklardan fərqli olaraq, “qara bazar”da valyuta qıtlığı hiss olunmur. “Defisit valyuta rezervlərinin çatışmadığına görə müşahidə olunur”, – bunu Kavkaznews.az saytına iqtisadçı Oqtay Haqverdiyev bildirib. Onun sözlərinə görə, ölkədə qızıl-valyuta ehtiyatları var. “Amma onlara qəti toxunmaq olmaz”, – deyə iqtisadçı Oqtay Haqverdiyev vurğulayıb. O qeyd edib ki, neft qiymətləri yüksək olduğu zaman ölkəmizə çox dollar daxil olurdu.
“Bu gün neft qiymətləri aşağıdır. Beynəlxalq bazara başqa məhsul çıxara bilmirik. Ona görə də, ölkəmizdə dollar çatışmazlığı yaranıb”, – deyə iqtisadçı əlavə edib. “Axı “qara bazar”da nədənsə qıtlıq hiss olunmur”, – deyə əməkdaşımız qeyd etdi.
“Kommersiya banklarına dollarları rəsmi məzənnədən yuxarı satmaq daha sərfəlidir. Ona görə də, onlar “qara bazar”a üstünlük verirlər”, – deyə iqtisadçı cavab verib.
Çingiz Rüstəmoğlu
Kavkaznews.az