“Hökumət Beynəlxalq Bankdakı paylarını satacaq”

oktay-haqverduyev_211114Oqtay Haqverdiyev: “ABB-ni dövlətləşdirmək düzgün deyil və belə şey baş verməyəcək”

Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirib. ARDNF 2001-ci ildən ilk dəfə kapitalını daxili bazara yerləşdirib. Bu, hökumətin xahişi ilə baş verib. Neft Fondunun 1 milyard dollar depozitindən ABB-nin xarici borclarının ödənilməsi üçün istifadə ediləcək. BVF-nin məlumatına görə, AMB və Maliyyə Nazirliyinin auditi göstərib ki, ABB-nin “pis” aktivləri 7 mlrd manata (aktivlərin 70%-i) yaxındır. “Bankın 3 mlrd. dollar xarici öhdəlikləri var. ABB gözləyir ki, hökumət onun üçün əlavə 500 mln AZN ayıracaq. Bundan başqa. AMB ABB-yə 1 mlrd AZN subordinasiyalı borc verib, ABB-ni daimi gəlirlə təmin etmək üçün 5%-lə 3 mlrd manat depozit cəlb edib”, – deyə BVF bildirir. Hesabata əsasən, ABB-nin səhmdarı olan Maliyyə Nazirliyi 2016-cı ilin sonuna kimi bankda payını 95%-ə çatdıracaq. “2014-cü ilin sonunda Maliyyə Nazirliyinin payı 51%, 2015-ci ilin sonunda 85% olub. Bu ilin sonuna bu göstərici 95%-ə çatacaq”, – deyə hesbatda bildirilir (fins.az).

İqtisadçı ekspert Oqtay Haqverdiyev Qafqaznews.az-a bildirdi ki, borclar varsa, ödənilməlidir: “Lakin burda özəl payçıların da rolu olmalıdır. İstər bankın, istərsə də hökumətin o qədər imkanı yoxdur ki, yaranan problemləri qısa zamanda həll etsin. Beynəlxalq Bankda vəziyyət heç də ürəkaçan deyil… Məncə, BVF-nin məlumatını tam həqiqətə uyğun deyil. ABB-ni dövlətləşdirmək düzgün deyil və belə şey baş verməyəcək”.

Onun sözlərinə görə, Maliyyə Nazirliyinin sifarişi ilə ABB-nin emissiyaları çıxarılsa da, proporsiya qalır. “Məndə olan məlumata görə, hökumət Beynəlxalq Bankın özəlləşdirilməsində maraqlıdır və hökumət paylarının satılması planlaşdırılır. Neft Fondundan vəsaitlər əsasən büdcəyə yönəlir. Bank sisteminə yardım edilməsi də normaldır, lakin o yardım necə bölüşdürüləcək, başqa məsələdir”, – deyə O.Haqverdiyev vurğulayıb. Ekspert hesab edir ki, Azərbaycanda bank sistemi ağır vəziyyətdədir: “Son vaxtlarda 5-6 bank bağlandı. Depozitlər və kreditlərlə bağlı ciddi problemlər var. Mən düşünürəm ki, ümumiyyətlə, banklar birləşdirilməli və 15-17 bank olmalıdır. Hətta fikrimcə, bankların nizamnamə kapitalı 50 milyondan 200 milyon manata qaldırılmalıdır. Banklar əsasən iqtisadiyyatın inkişafına xidmət etməlidir”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR