Mətbuat katibi: “Cavid Qurbanovu “seryoznı” qəbul etməyin”

nazim“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi qalmaqallı açıqlamalara görə məsuliyyət daşımaq istəmir?

Nazim Bəydəmirli: “Bu boyda zarafat olmaz… Dövlət qurumları təcili reaksiya verməlidir”

. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovkl4koct9un ötən gün verdiyi açıqlamalar cəmiyyətdə səs-küyə səbəb olub.

Belə ki, onun QSC-dəki “yeyinti”lər və korrupsiya hallarıyla bağlı verdiyi açıqlamalar, əvvəlki rəhbərliyin (hazırda nəqliyyat nazirinin müavini olan Arif Əsgərovun – red.) ünvanına ittihamlar həm mətbuatın, həm də müxtəlif tanınmış şəxslərin müzakirə mövzusuna çevrildi.

Məsələn, tanınmış hüquqşünas Aslan İsmayılov öz “Facebook” statusunda yazıb: “Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun müsahibəsini oxuduqda əvvəlcə yalnışlıq olduğunu düşündüm. Axtarıb həmin çıxışı onun öz dilindən dinlədim. Çıxış olaraq bütövlükdə çox maraqlıdır. Əvvəl işləyənlərin cinayətlərini açıq-aşkar dilə gətirir”. Onun sözlərinə görə, sonrası necə olacaq deyə bilməz: “Mənim üçün çıxışın ən maraqlı yeri Cavid Qurbanovun “yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər” deməsidir. Yəni yol ayrıcının hər birində 27 min manat, təxminən qiyməti qədər yeyintiyə yol verilməsidir”. A.İsmayılovun fikrincə, prokurorluq orqanları təcili olaraq məsələyə reaksiya verməli, tədbir görülməlidir.cavid-qurbanov

Oktyabrın 14-də Qafqaz Xəbər Agentliyi olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. “Nadir müəllim, dünən Cavid Qurbanov çıxışında “Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni insaflı olmağa…” – elə bu an Nadir Əzməmmədov sözümüzü kəsdi: “O zarafat eləyir, mətbuat da “seryoznı” qəbul edir. Onlar dostdurlar ( XDG-nin rəhbəri Rauf Vəliyevlə Cavid Qurbanov nəzərdə tutulur – red.), dünən banketə təbrik etməyə də gəlmişdi, bir yerdə oturmuşdular.. Zarafat edirlər, bir-birlərinə belə söz atırlar”.

“Nadir müəllim, bəs ötən gün Cavid Qurbanovun açıqladığı yeyinti faktlarıyla bağlı hər hansı tədbir görülübmü? Hüquq mühafizə orqanlarına məlumat verilibmi?”, – deyə soruşduq.

“O da zarafat idi. Mətbuat niyə bunu belə “seryoznı” qəbul edir? Zarafatyana söhbətlər eləyirlər orda, camaat da ciddi qəbul eləyir… Özünüz tekstə qulaq assanız görərsiniz ki, orda deyilənlər hamısı zarafatdır. “Seryoznı” qəbul etməyin”, – deyə N.Əzməmmədov Qafqaznews.az əməkdaşına tövsiyə verdi. “Belə çıxır ki, heç bir “yeyinti” olmayıb?” – deyə dəqiqləşdirmək istədik. “Əlbəttə, “yeyinti” olsaydı, tədbir görülərdi”, – deyə QSC-nin mətbuat katibi cavab verdi. Qafqaz Xəbər Agentliyi olaraq, ümid edirik ki, Nadir Əzməmmədovun bu açıqlaması da zarafatca deyilən sözlərdən ibarət deyil… Lakin oxucularda da sual yaranar ki, belə bir zarafata ehtiyac var idimi?

e0230b3275a4be70c5421dbed226256bSabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli də hesab edir ki, Cavid Qurbanovun 13 oktyabr çıxışında konkret iddialar səsləndirilmişdi: “Düşünürəm ki, bu boyda zarafat olmaz… Cavid Qurbanov öz çıxışında konkret olaraq rəqəmlər açıqladı. QSC rəhbərinin bu açıqlaması cəmiyyətdə rezonans doğurmaya bilməzdi. Çünki dəmiryollarındakı “yeyinti”lər ictimai məsələdir, burda dövlətin malının talanmasından, dövlət büdcəsindən pulların yayındırılmasından söz gedir…

Hesablama Palatası, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi bu qurumda yoxlamalar aparmalıdır.Əlbəttə, prosedur olaraq “Azərbaycan Dəmir Yolları” QSC aidiyyatı olan dövlət qurumlarına, eləcə də prokurorluq orqanlarına məlumat verməlidir. Lakin bunu QSC-nin özü etməyəcəksə belə, dövlət qurumları dərhal reaksiya verməlidir.

Bu məsələ ictimaiyyətin müzakirəsinə çıxıbsa, fikrimcə, mütləq bütün suallara aydınlıq gətirilməlidir.Əgər indi bir tədbir görülməsə, gələcəkdə belə faktlar aşkarlandıqda məhz indiki rəhbərlik məsuliyyət daşıyacaq”.

Sözardı: Təxminən 3 il əvvəl, Fəxri Xiyabanın qapısında nəqliyyat naziri Ziya Məmmədova korrupsiya halları ilə bağlı sual verən jurnalist Turxan Qarışqaya cənab nazir belə cavab vermişdi: “Özün də “simpatiçni” oğlansan, belə şeylər soruşma”… Məmurlarımızın bu qədər zarafatcıl olması bizi çox sevindirir.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR