Gül dükanlarımızda əsasən xarici güllər satılır

Əməkdaşımız milli gülçülüyümüzün böhran keçirməsinin səbəblərini araşdırıb; paytaxt dükanlarındakı satıcılar nə deyir?..

img1629741Güllər gözəlliyi, ətri, zərifliyi ilə insanı həmişə valeh edib, onda xoş ovqat yaradıb. Xüsusən də qızılgül hər zaman öz təravətini, cazibədarlığını saxlayıb və hər kəs tərəfindən sevgi ilə qarşılanıb. Araşdırmalara görə, qızılgül 5 min il bundan əvvəl Asiyada yetişdirilməyə başlanıb. SSRİ dönəmində demək olar ki, paytaxtın hər küçəsində əlində gül satan insanlara rast gəlirdik.  İndi isə onları yalnız sevgililər günündə və ya 8 martda görmək olar. Azərbaycanda onlarla gülçülük təsərrüfatı olub. O sırada Abşeronda Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan gülçülük sovxozları fəaliyyət göstərib. Bu kəndlərin sakinləri nəinki Bakını, ümumən bütün MDB məkanını güllə təmin edib. Ancaq gəlirli sahə olan gülçülük son 10-15 ildə unudulub. İndi güllər yalnız ayrı-ayrı şəxslərə məxsus istixanalarda yetişdirilir.

Mütəxəssislərə görə, Bakı kəndlərində gülçülüyün durumu 20-25 il əvvəlki dövrlə müqayisə edilərsə, 20 faiz gülçülük təsərrüfatının qaldığı məlum olar. Maraqlıdır, hazırda gül mağazalarında Azərbaycanda yetişən yerli güllər varmı? Ümumiyyətlə, azərbaycanlıların gülü əsasən hansı məqsədlə aldıqlarını öyrənmək üçün “Neftçilər” metrosu yaxınlığında fəaliyyət göstərən bir neçə gül dükanına baş çəkdik.
İlk baş çəkdiyimiz gül salonunda güllərin rəngarəngliyi və təravəti insanı bihuş edirdi. Daha çox diqqət cəlb edən isə bir neçə rəngi özündə birləşdirən qeyri-adi qızılgül idi. Dükanın satıcısı Tural Abbasov bu güllərin Ekvadordan gətirildiyini dedi: “Bizim mağazamızda qızılgülün müxtəlif növləri var. Onların bir ədədi isə 4 manatdır. Daha çox satılan da elə bu qızılgüllərdir. Bayram olmayan ərəfələrdə gülləri ad günləri, nişan, toy və ya sadəcə olaraq evə qoymaq üçün alırlar. Bizdə qeyri-adi güllər də var. Onlardan biri də riyatris gülüdür. Bu gülün özəlliyi gec solmasındadır. Qızılgül sərin hava şəraitində saxlanılarsa 10 gün qalır. Digər güllər isə növündən asılı olaraq 15-20 gün arasında solmur”.
Başqa bir gül salonunun sahibi Anar Əliyev isə güllərin Ekvadordan əlavə, həm də Türkiyədən gətirildiyini dedi: “Mağazamızda Azərbaycanda yetişən güllər də var. Məsələn, qərənfil. Ancaq onun alıcısı yoxdur. Təəssüflər olsun ki, qərənfil ancaq qəbir üstünə qoyulan gül kimi xarakterizə edilir. Ona görə də alıcıları yalnız qəbirüstünə gedənlərdir”.
A.Əliyev gül alarkən bir neçə məqama diqqət etməyin vacibliyini də vurğuladı: “Qızılgül alarkən onların qönçələrini yoxlayın. Qönçəni əlinlə yoxlayırsan, əgər möhkəmdirsə, demək, gül təzədir. Yumşaqdırsa, almağa dəyməz. Belə gül artıq təravətini itirib və tez solacaq. Çəmən güllərinin ortası yaşıldırsa, demək, tam yetişməyib. Yanlarında da ara-sıra qönçələr görünürsə, gül körpədir. Ümumiyyətlə, kalalar bir həftə, çəmən gülləri 15-20 gün, qış aylarında hətta 1 ay da qala bilər. Qızılgüllər ev şəraitində 4-5 gün qalır. Amma mağazada düzgün qulluq sayəsində gec solur. Güllərin gec quruması üçün otağın havası tez-tez dəyişilməlidir. Otaqda təmiz hava olmalıdır, temperatur 15-20 dərəcəni keçməməlidir. Temperatur 20 dərəcədən yuxarı olarsa, güllər məhv olar. Ümumiyyətlə, güllərin gec solması üçün onları vaxtaşırı olaraq soyuq su ilə doldurulmuş pulverizator vasitəsilə sulamaq lazımdır”.
Həmsöhbətim seçim edərkən daha çox qızılgüllərə üstünlük verildiyini deyir. “Ağ qızılgüllər əsasən kişilərə, qırmızı qızılgüllər isə xanımlara hədiyyə olunur. Elə xanımlar da var ki, ağ qızılgülləri xoşlayırlar. Ən bahalı və nadir gül isə orxideya hesab olunur. Orxideyanın 1 dənəsini 50 manatadır. Çəmən güllərini əsasən Hollandiyadan gətiririk”.
Onu da qeyd edək ki, xarici ölkələrdə hər bir gül nəyisə simvolizə edir. Məsələn, bir çox ölkələrdə ən məşhur gül qızılgül sayılır. Xüsusilə də Bolqarıstanda bu güllər çox məşhurdur. Lotos gülü isə Hindistanın rəmzi hesab olunur. Bu güllər rəssamların əsərlərində, tikililərin sütunlarında və məbədlərdə təsvir olunur. Hindistan xanımları bu çiçəklərlə öz saçlarını bəzəməyi xoşlayırlar. Hesab olunur ki, bu güllərin müalicəvi əhəmiyyəti var. Elə ölkələr də var ki, orada güllərə xüsusi yanaşırlar.
Güllərlə bağlı bir sıra əfsanələr, adət-ənənələr də var. Misal üçün, Yaponiyada sakura çiçəyi çox məşhurdur. Sakura gülünün açması yaponlar üçün vacib bir hadisədir. Yaponlar ailəsi, iş yoldaşları, tanışları və qohumları ilə yığışıb bu güllərin açmasına tamaşa etməyə gedirlər. Xrizantem gülü də Yaponiyada çox sevilən güllərdəndir. Bu gülün rəsmini yaponların pasportunun üzündə də görmək olar. Ən yüksək orden imperator möhürünü simvolizə edən Xrizantem Ordenidir.
Amerikada isə hər ştatın öz rəmzi – gülü var. Texasda valehedici göy rəngli lupin ştatın rəmzi sayılır. Lupin gülləri açanda torpağın üstünü sanki göy xalça örtür. ABŞ-ın özünün isə rəmzi ümid verən və sevinc gətirən qızılgül hesab olunur. Qızılgül həm də İngiltərənin rəmzi sayılır. Çinin isə rəmzi pion gülüdür. Bu gül əmin-amanlıq, xoşbəxtlik və sevgi mənasını verir. Hər il Çinə pion gülünün festivalında iştirak etməyə minlərlə adam gəlir. Pion gülü festivalı həm də nikah bağlamaq üçün uğurlu gün sayılır.
Rusiyada çobanyastığı günü təbiəti simvolizə edir. İspaniya və İtaliyanın rəmzi isə zanbaq gülüdür. Fransada da ağ zanbağa böyük əhəmiyyət verilir. Lakin elə ölkələr də var ki, güllər mənfi hadisələri simvolizə edir. Bu səbəbdən də gül hədiyyə etməzdən əvvəl bu haqda ətraflı məlumat öyrənmək lazımdır. Məsələn, Almaniyada zanbaq gülü ölülərin dünyası ilə assosiasiya edilir.
Günel MANAFLI
musavat.com
cd108d8e0916
c38adea89765

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR