“Gözləyirlər ki, kimsə maşınla dərəyə aşsın?” – Çay daşdı, kənd yolu sıradan çıxdı – VİDEO

snimokQubada çayın daşması kənd yolunu sıradan çıxarıb

ARB Şimal xəbər verir ki, sentyabrın 1-dən 2-sinə keçən gecə şimal regionuna yağan güclü leysan yağışlarının Qubanın Afurca kəndinin Durahi yaşayış məntəqəsindəki sakinlər üçün yaratdığı problem hələ də həllini tapmayıb. Vəlvələ çayının daşması nəticəsində 50 yaxın ev olan kəndə gedən yol sıradan çıxıb.

Sakinlər bildirir ki, öz aralarında vəsait toplayaraq əraziyə daş tökdürüblər. Lakin bu da məsələnin həlli üçün kifayət etməyib. Selin vurduğu zərər çay yatağını da genişləndirib. İndiki vəziyyətdə ərazidə avtomobillərin hər an sürüşərək çayda aşması təhlükəsi yaşanır.

Kənd sakini: “Bu yola 5-10 maşın daş boşaltmaq olmazdı, gözləyirlər ki, kimsə maşınla dərəyə aşsın? Bəlkə bunu istəyirlər?”

Sakinlər bildirir ki, ərazidən yalnız yolsuzluq avtomobilləri hərəkət edə bilir. Kənd camaatı isə uzunboğaz çəkmə geyinməklə yolu keçir. Hər gün kəndin azyaşlıları ərazidən keçərək məktəbə yollanır.

Habil Hədiyayev – kənd sakini: “Uşaqların hərəkəti daha təhlükəlidir. Məktəb bizdən 3 km məsafədə yerləşir”.

Sakinlər qış günlərində burda hərəkətin daha da çətin olacağını bildirir. Çətinlik aradan qaldırılmazsa güclü qar zamanı yaşayış massivinin mərkəzlə əlaqəsi tamamı ilə məhdudlaşa bilər.

Quba Rayon İcra Hakimiyyəti başçısının yerli nümayəndəsi Arif Məmmədov ARB-yə açıqlamasında problemin həlli üçün lazımı addımların atılacağını bildirdi.

Onun sözlərinə görə, İcra Hakimiyyətinin və Fövqəladə Hallar nazirliyinin nümayəndələri əraziyə baxış keçiriblər. Əraziyə baxış keçirildikdən sonra son vəziyyətə bağlı akt tərtib olunub. Problemin birdəfəlik həlli üçün həmin ərazidə bəndin qurulması nəzərdə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR