DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Seymur Quliyev tərəfindən zorakılığa məruz qalan Anar Asim oğlu Qasımov baş prokurora müraciət edib
365info.az saytının təsisçisi və baş redaktoru Anar Asim oğlu Qasımov Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ünvanında yerləşən “Oba” MTK yaşayış kompleksində fiziki zorakılığa məruz qalıb. Bu barədə Qafqaznews.az-da dərc olunan “DİN əməkdaşı tərəfindən döyülən jurnalist Baş Prokurorluğa müraciət edəcək” başlıqlı yazıda məlumat vermişdik.
DİN Baş NMİ-nin əməliyyat müvəkkili Seymur Quliyevin onu döyəndən sonra, şərləyib həbs etdirəcəyi haqda təhdid səsləndirməsindən narahat olan, eləcə də korrupsiya faktlarının araşdırılmasının vacib olduğunu hesab edən Anar Qasımov məsələ ilə bağlı Baş prokuror Zakir Bəkir oğlu Qaralova müraciət ünvanlayıb. Müraciətin mətnini oxuculara təqdim edirik.
“Cənab Baş Prokuror!
Əvvəla, qeyd etmək istərdim ki, bir jurnalist və sayt rəhbəri olaraq, korrupsiyaya qarşı mübarizədə və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən hüquq mühafizə orqanları əməkdaşlarının məsuliyyətə cəlb olunmasında Sizin xidmətləriniz danılmazdır.
Cənab Prezident İlham Heydər oğlu Əliyevin siyasi kursuna sədaqət nümunəsi olaraq, rəhbərlik etdiyiniz prokurorluq orqanları korrupsiya faktlarının, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının ifşa olunmasında əvəzedilməz rol oynayır. Bildirirəm ki, Binəqədi Rayonu, Cəfər Xəndan küçəsində yerləşən, ailəmlə birlikdə yaşadığım “Oba” MTK yaşayış kompleksinin komendantı, “Hacı Rahim” kimi tanınan Rahim Rahib oğlu Məmmədov və onun yaxın adamı, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Seymur Quliyev korrupsiya əməlləri törətmiş və öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər.
Hazırda isə həyatım təhlükədədir, çünki DİN-in rütbəli əməkdaşı olan Seymur Quliyev noyabrın 20-də axşam saat 22:00 radələrində mənə qulaq, gicgah və diz nahiyələrimdən fiziki xəsarət yetirmiş, mən uzaqlaşdıqdan sonra isə ona jurnalist olduğumu deyən şəxslərə “qoy hardasa yazsın, cibinə narkotik atıb” tutduracam demişdir.
Cənab Zakir Qaralov!
Qeyd edim ki, bizim binalara qaz çəkilib, sayğaclar da quraşdırılıb, lakin “Oba” MTK-nın komendantı Rahim Məmmədov sakinlərə qaz kartını 600 manata “satır”. Rahim Məmmədovun kartı vətəndaşlara pulla satmasını sübut edən, mənimlə telefon söhbətinin səs yazıları da var və bu faktları prokurorluq orqanlarına təqdim etməyə hazıram.
Mən dəfələrlə ona bildirmişəm ki, mənim bu qədər pulum yoxdur, kart isə pulsuz verilməlidir. R.Məmmədov da mənə əvəzində deyib ki, “bu sayğac və kartlar üçün mən də “yuxarılara” rüşvət vermişəm”. Eyni zamanda, son günlərdə evlərdəki istilik sistemləri işləmir. Məqsəd isə ondan ibarətdir ki, hər şeyə görə elektrik enerjisi sərf etməli olan, soyuqdan donan sakinlər sonda məcbur qalaraq “Hacı Rahim” kimi tanınan komendanta 600 manat versinlər və qaz kartı alsınlar. Bu ay mənə 328 manat işıqpulu çeki gəlib. Mənim o qədər pulum yoxdur, amma nə qaz, nə də istilik sistemi var deyə, məcburuq evi də elektrik enerjisiylə qızdıraq, xörəyi də elektrik peçində bişirək.
Komendantlıqdan deyirlər ki, guya istilik sisteminin işləməməsi “Azəristilik”lə bağlıdır. “Mən getdim “Azəristilik”in Binəqədidəki idarəsinə və müəyyən etdim ki, problem onlarda deyil, “Oba” MTK komendantlığı özü qəsdən istilik sistemini qoşmur. Ordan Elman adlı əməkdaşı götürərək, Hacı Rahimin ofisinə gəldim. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Seymur Quliyev də onun yanındaydı.
“Azəristilik” nümayəndəsi Elman da bildirdi ki, idarə istilik sistemini tam təmin edir. Mən Hacı Rahim Məmmədovdan xahiş etdim ki, evlərin isidilməsinə əngəl törətməsin. Həmçinin, qaz kartı ilə bağlı bizi daha süründürməməsini xahiş etdim… O isə bildirdi ki, get” Təzə Bazar”da adamlarım var, onlara 110 manat ver, ayda da 90 manat verəcəksən, evinə kombi qoşacaqlar.
Həmçinin, Rahim Məmmədov bildirdi ki, “600 manat verənə qədər, sənə qaz kartı yoxdur”. Ofisdən çıxanda ona “Sən necə hacısan, insanlar soyuqdan qırılır, sənin vecinə deyil” deyə narazılığımı bildirdim. Elə bu an DİN Baş NMİ-nin əməliyyat müvəkkili Seymur Quliyev məni qaraj olan zirzəmiyə çəkərək, yumruq və təpik vurmağa başladı, müxtəlif nahiyələrdən mənə xəsarət yetirdi.
Hazırda sağ qulağım və gicgahım, eləcə də sol dizim şişib. Bir tərəfdən, yeriməkdə çətinlik çəkirəm, digər tərəfdən də, yaşadığım şəhərcikdə döyülmüşəm deyə, istər-istəməz narahatlıq keçirirəm. Seymur Quliyev bizim şəhərcikdə yaşayır və komendant Rahim Məmmədovla dostluq münasibətləri var. Onun tərəfindən hər an yeni zorakılıq, təzyiq və təxribata məruz qala bilərəm.Qeyd edim ki, Rahim Məmmədov mən döyüldüyüm yerdə olan kameranı da söküb, guya burda heç vaxt kamera olmayıb.
Əgər bu məsələnin qısa müddətdə araşdırılması və tibbi ekspertiza təyin edilməsi barədə göstəriş versəniz, mənə Seymur Quliyev tərəfindən törədiləcək növbəti təxribatların qarşısını almış olarsınız. Çünki Seymur Quliyev bu məsələni ictimailəşdirəcəyim halda cibimə narkotik atıb tutduracağı ilə təhdid edib.
Vurğulamaq istərdim ki, sabah-birigün mənim və ya ailə üzvlərimin başına bir iş gəlsə, ilk şübhəli şəxslər kimi, məhz Rahim Məmmədov və Seymur Quliyevi görürəm.
Cənab Baş Prokuror!
Sizdən xahiş edirəm, “Oba” MTK-nın komendantı Rahim Məmmədovun korrupsiya əməllərinin araşdırılması, eləcə də, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Rahim Məmmədov üçün “şilləvuran”lıq funksiyasını yerinə yetirən Seymur Quliyevin məsuliyyətə cəlb olunması üçün müvafiq tapşırıqlar verəsiniz.
Öncədən, Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə, Anar Asim oğlu Qasımov“.
Mövzu ilə bağlı link:
http://qafqaznews.az/2016/11/din-m-kdasi-t-r-find-n-doyul-n-jurnalist-bas-prokurorluga-muraci-t-ed-c-k/