Səbail RPİ-nin baş müstəntiqi Ziya Əliyev keçmişin haqq-hesabını çəkir
Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyi (qafqaznews.az ) olaraq Səbail rayonu ərazisində baş verən zorakılıq hadisəsindən bəhs etmişdik. Xatırlatma üçün bildirək ki, 18 fevral 2014-cü il tarixdə təxminən saat 10:00 radələrində Səbail rayonu ərazisində Dövlət Dəniz Adminstrasiyasının yaxınlığındakı binanın sakini Fariz Şahbazov əslən şəmkirli iş adamı Hüseyn Hacıyev və onun RİAD Təhlükəsizlik Xidmətinin əməkdaşları olan mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülmüşdü. Hadisəyə müdaxilə etmək istəyən binanın komendantı Anar Səttarzadə də mühafizəçilərin hücumuna məruz qalmışdı.
Hadisə zamanı zərərçəkən Fariz Şahbazov öz açıqlamasında bildirmişdi ki: “Baş verən hadisə əvvəlcədən mənə qarşı planlaşdırılmış təxribat idi. Belə ki, mənim yaşadığım bina iş adamı Hüseyn Hacıyevin şərikliyi ilə tikilib. Hüseyn Hacıyev hər ay binanın sakinlərindən qanunsuz olaraq pul yığır, belə demək mümkündürsə, reketlik edir, məndən hər ay 150 manat pul tələb edir. Mən dəfələrlə buna etiraz etmişəm və sakinlərə demişəm ki, qanunsuz pul verməyin. Mənim bu hərəkətlərim Hüseyn Hacıyevin xoşuna gəlmirdi. Digər tərəfdən Hüseyn Hacıyev istəyirdi ki, öz istədiyi adamı binaya komendant təyin etsin. Biz sakinlər isə şəffaf qaydada Anar Səttarzadənin binanın komendantı olmasına razılaşdıq. Ona görə də Hüseyn Hacıyev mənə qarşı əvvəlcədən təxtibat hazırlamışdı. Bütün bunlara görə Hüseyn Hacıyev guya maşını orada saxlamaq səbəbindən mənə söyüş söydü və məni vurdu. Mən özümü müdafiə eləmək istəyəndə onun RİAD-ın əməkdaşları olan mühafizəçiləri məni vəhşicəsinə döyməyə başladılar. Sonra səs-küyə gələn binanın komendantına da hücum etdilər.
Hazırda mən və binanın komendantı məhkəmə-tibb ekspertizasına müraciət etmişik, hər ikimiz ağır kəllə-beyin travması almışıq. Səbail RPİ-nin 8-ci Polis Bolməsi işi araşdırır”.
Zərərçəkən öz açıqlamasında onu da bildirmişdi ki, Hüseyn Hacıyevin ikili vətəndaşlığı var, o, eyni zamanda Almaniyanın vətəndaşıdır. Və alman banklarının birindən götürdüyü kreditlə qanunsuz olaraq həyat yoldaşının adı ilə tikinti biznesi ilə məşğul olur. Həm də Hüseyn Hacıyev ölkənin baş uşaq cərrahı Asim Uluxanovun kürəkənidir.
Məlumat üçün qeyd edək ki, Fariz Şahbazov MSK-nın keçmiş sədri mərhum Cəfər Vəliyevin nəvəsidir.
Dünən redaksiyamıza müraciət edən Fariz Şahbazovun dediklərindən məlum oldu ki, Səbail RPİ-nin 8-ci PB-nin baş müstəntiqi mayor Ziya Əliyev işi obyektiv aparmır: “ Ziya Əliyev heç bir rəsmi bildiriş göndərmədən məni təhdidli tonla telefonla idarəyə çağırdı. Mən onun qəbulunda olanda mənə qarşı baş verən zorakılıq hadisəsini, kəllə-beyin travması almağımı danışanda Ziya müəllim gülərək məni ələ salırdı. Mən soruşdum ki, Ziya müəllim, burada gülməli nə var ki, siz gülürsünüz. O, isə gülməyində davam edərək, mənə dedi ki, sən yalan danışırsan. Mən hiss elədim ki, Ziya Əliyev işi obyektiv aparmaq istəmir, mənimlə cinayətkar kimi davranır. Ona görə də işin obyektiv aparılması üçün cənab Baş prokuror Zakir Qaralova müraciət ünvanladım”.
Fariz Şahbazov bizimlə söhbətində onu da bildirdi ki, elə bil müstəntiq məndən qisas alır. Çünki Ziya Əliyevin atası cəbhə hakimiyyəti dövründə rayonlardan birinin polis rəisi olub. Və əslən Masallıdan olan rəis oğlunun dediyinə görə hələ cəbhə hakimiyyəti dövründə cənab Ramil Usubovla dost olublar. Sonradan keçmiş rəis cənab nazirdən xahiş edib ki, oğlunun polis akademiyasına daxil olmasına kömək etsin. Beləliklə Ziya Əliyev polis akademiyasına daxil olaraq oranı bitirib. Birinci təyinatı da DİN-in Baş təşkilati- inspeksiya idarəsində inspektor olub. DİN-də isə Ziya Əliyevin kabinet yoldaşı Babayev Fərman Ağababa oğlu olub.
Yəqin ki, diqqətli oxucular söhbətin kimdən getdiyini müəyyən edə bildilər. Söhbət Nərimanov rayon məhkəməsinin keçmiş sədri, Elşad Abdullayev məsələsində video çəklişi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, qalmaqallı Ağababa Babayevdən gedir. Ağababa Babayev Suraxanı RPİ-in keçmiş rəisi Məhəmməd Mikayılovla yeznə qayın olublar. Oğlu Fərman isə atasının video çəklişindən xəbər tutandan sonra təcili öz xahişi ilə DİN-dən xaric olunub. İndi guya vəkilliklə məşğuldur. Ancaq buna baxmayaraq ona DİN-lə bağlı yeni məlumatları yaxın dostu, yerlisi Ziya bu günədək verir. Fərman DİN-dən xaric olunandan sonra Ziya da DİN-ən Binəqədi RPİ-yə müstəntiq, sonra isə Səbail RPİ-ə baş müstəntiq vəzifəsinə gətirilir. Qeyd edək ki, Ziya bir neçə ilə mayor rütbəsinə qədər qalxa bilib.
Bu gün isə Ziya Əliyev MSK-ın keçmiş sədri mərhum Cəfər Vəliyevin nəvəsinin işini araşdırır. İlk gündən işə qeyri-obyektiv yanaşan Ziya Əliyev hətta Fariz Şahbazova söhbət əsnasında bildirib ki, vaxtı ilə onun atası polis rəisi olanda hələ Cəfər Vəliyevlə fikir ayrılıqları olub. Yəni Ulu Öndərin etimadı ilə Cəfər Vəliyev MSK-ya sədri təyin olub, Ziyanın polis rəisi olan atası isə vəzifəsindən uzaqlaşdırılıb. Sözün qısası, deyəsən, Ziya Əliyev köhnə dövrün haqq-hesabını çəkir.
Qafqaznews.az