Vaxtaşırı İradə Gülməmmədovadan yazdığımıza görə, filialımızın açılmamış bağlanması da təsadüfdür?
Azərbaycanda az qala hər kəs pul qazanmağa, sərvət toplamağa çalışır – ilk baxışdan gözəl arzudur. Amma təəssüf ki, insanlarımızın əksəriyyəti bu arzunu özəl sektorda, sahibkarlıqla yox… Məhz dövlət qulluğunda işləməklə, “yaxşı” vəzifə tutmaqla reallaşdırmağa çalışır.
Vəzifə xalqımızın ən yaralı yeridir. Artıq fevralın 13-dən tarixə qovuşan Nəqliyyat Nazirliyi vaxtilə azərbaycanlıların ən çox narazı olduğu, tənqid etdiyi qurumlardan idi. Cəmi il yarım əvvələ qədər “Ziya Məmmədovun qoçuları” kimi tanınan nəqliyyat müfəttişləri vətəndaşlara göz verib işıq vermirdilər.
Amma buna baxmayaraq, yüzlərlə və hətta minlərlə insan rüşvət verib bu nazirliyə işə düzəlməyə (və ya oğlunu, qardaşını düzəltdirməyə) hazır idi. O qoçulara qarşı nifrətlə yanaşı, bir həsəd də müşahidə olunurdu: “Pay atonnan, gündə filan qədər pul qazanırlar”. Bu cür nifrətqarışıq həsəd bu gün də cəmiyyətdə müxtəlif vəzifə sahiblərinə qarşı var. Və çox təhlükəlidir.
Zarafat deyil. Qoluna adi “stoyanşik” sarğısı bağlayan adam belə, bir anda özünü SS zabiti hiss etməyə başlayır. Ən xırda vəzifənin sahiblərindən də nazir ədası görəndə, ölkəmizin gələcəyi barədə acı təəssüflərimiz yaranır.
Elə məmurlar var ki, şəxsi maraqları naminə, illərini ölkəsinə və xalqına həsr edən jurnalistləri ləkələməyə, təhdid altında qoymağa hazırdırlar. Məsələn, Abşeronun baş memarı Akif Əliyev mənə 15 iyul 2016-cı ildə verdiyi müsahibəni inkar edir.
Necə olur, “Yeni Bakı”dakı binalara baxış keçirən, müsahibəsində “çatlar və çökmə əlamətləri” var deyən baş memar sonradan deyir ki, yox, mən elə müsahibə verməmişəm?!
Əziz oxucu! Sizcə, bu cür absurda görə, jurnalisti 243 min manat cərimələyəndən sonra, hansı haqq-ədalətdən söz gedə bilər? Tunisdəki göyərtisatan özünü haqsız cəriməyə görə yandırmışdı.
Mən bu haqsızlıq qarşısında hansı addım atmalıyam? Əlbəttə, mən göyərtisatan deyiləm, tunisli də deyiləm… Azərbaycan jurnalistiyəm!
Akif Əliyevin yazılı arayışını əlində bayraq edən “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi inadla məndən və “Legion İnformasiya Agentliyi” MMC-dən 243 min 367 manat qoparmağa çalışır.
Hakim Fuad Talışinski mənim Akif Əliyevdən aldıgım müsahibəmi “şəxsi həyata müdaxilə” hesab edir, bizim Akif Əliyevi məhkəməyə çagırmaq haqda qaldırdığımız vəsatətimizi təmin etmir. Məhkəmə-Hüquq Şurasının məsləhətçisi Xoca Hüseynov isə deyir ki, “biz məhkəmənin işinə qarışa bilmərik”.
“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlının hələ bir neçə ay əvvəl mənə təhdidlərinə görə DİN başçısı Ramil Usubova müraciət etmişdim. Nazir isə bu şikayətimi DİN Baş MCMİ-yə yönəltmişdi.
Amma təsadüfə bax, əməliyyat müvəkkili Ramil Səlimov da hansısa maraqlara görə, təhdidi təhqir kimi dəyərləndirir və mənə deyir ki, məhkəməyə müraciət edə bilərsən. Bəli, sadəcə deyir, məktubdan, yazılı arayışdan isə xəbər yoxdur – haçan və hara göndərilib, bir Allah bilir.
Baxın, beləcə Abşeronu “poliqon”a çeviriblər. Kim xoşlarına gəlmir, bir anda məhv etməyə hazırdırlar…
P.S: Ötən ilin oktyabrında Masazırda xudmani bir yer icarəyə götürərək, Qafqaz Xəbər Agentliyinin Abşeron filialını açmağa hazırlaşırdıq. Lakin filialı açmağımıza 1-2 gün qalmış, obyekt sahibi bizimlə əməkdaşlıqdan imtina etdi. Səbəb isə İradə Gülməmmədova haqqında vaxtaşırı yazmağımız imiş… Bu qədər təsadüf olmaz. “Yeni Bakı”da çat yoxdur, Abşeronda problem yoxdur, İradə xanım da yaxşı işləyir… Urra!
P.S.S: Konstitusiyon hüquqlarımın qorunmasında Prezidentimə inanıram. Məni öz dövlətimdən küskün salmaq elə asan iş deyil…
Rüfət Əhmədzadə
Qafqaznews.az