“Ermənistan müharibəyə hazırlaşır”

Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət narahatlıq doğurur”, – bu bəyanatla fevralın 24-də ATƏT PA-nın qış sessiyasında ATƏT-in baş katibi Lamberto Zannier çıxış edib. L.Zanyer deyib ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb, vəziyyəti dəyərləndirib: “Ötən il orada böyük eskalasiya baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümünə səbəb olur. Ötən il atəşkəsdən sonra ən çox qurban verildiyi il olub. Biz bundan xəbərdarıq və narahatıq” (APA).

Onun bəyanatını LEGİON-a şərh edən politoloq Tofiq Abbasov deyib: “Bu gün  Serj Sarkisyan Dağlıq Qarabağda referendum təşkil edir və prezident idarə üsulunu həyata keçirir.

Bununla da, özünə yer hazırlayır. Digər tərəfdən, Ermənistan tərəfi Dağlıq Qarabağı birbaşa özünə bağlamaq üzərində işləyir”.

Onun fikrincə, Ermənistan tərəfi tamamilə sülh prosesini pozmağa çalışır. “Ümidləndirici hansı amildən söz gedə bilər ki? Hiss olunur ki, İrəvan sülhün bərqərar olunmasına köklənməyib. Dağlıq Qarabağda prezident idarə üsulu yeridilir, amma Ermənistanda parlament sistemidir. Ermənistan baş naziri qondarma “DQR”in qondarma “prezident”ini öz cib alətinə çevirir və Azərbaycanı təhdid etməyə başlayır. Sülhə hazırlaşan tərəf bunu əməlində göstərməlidir. Amma Ermənistan müharibəyə hazırlaşır”, – deyə politoloq vurğulayıb.

Murad İbrahimli

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR