Sahibkarlar Gömrük Komitəsini ittiham edir

Fevralın 4-də Kavkaznews.az saytında “Məhkəmə-Hüquq Şurası: “Məhkəmə sədrinin məhkəmə prosesinə müdaxilə etmək hüququ yoxdur”  adlı məqalə dərc olunmuşdu.  Məqalədə “Rovel Trading” şirkətinin rəhbəri İntiqam Həsənovun şikayəti işıqlandırılmışdı. “Ötən ilin oktyabrından bəri, Dövlət Gömrük Komitəsinin Enerji Gömrük İdarəsi ilə problemlərimiz var. Dövlət Gömrük Komitəsinin Enerji Gömrük İdarəsində rəsmiləşdirilən yeni mallar daxil olub. İdarə rəhbərliyi bizə qərəzli yanaşma göstərərək  bizi guya hələ gömrük rəsmiləşdirilməsini keçməyən, anbarımızda olan malları satmaqda günahlandırdı. Onlar bizim anbarımızda qondarma baxış keçirdilər. İdarə işçiləri öz hal şahidlərini gətirib malların anbarda olmadığı deyilən protokol rəsmiləşdirdilər. Ancaq bu yalandır. Onda da elə indi də bizim konteynerlərimiz anbarda saxlanılırlar və kim istəsə, bunu yoxlaya bilər”,- Rovel Trаyding şirkətinin direktoru bildirdi.

Direktor həm də qeyd edib ki, Enerji Gömrük İdarəsi Binəqədi rayon məhkəməsinə müraciət edib. “Rayon məhkəməsinin qərarına əsasən biz malın dəyərinin 50% -ni təşkil edən məbləği cərimə olaraq ödəməli idik. Biz məhkəmənin qərarı ilə razılaşmadıq və apellyasiya şikayəti verdik. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etdi və yenidən işi baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərdi. İşin təkrar baxılması 2017-ci il fevralın 3-də hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilmişdir. Məhkəmə iclası zamanı Binəqədi rayon məhkəməsinin sədri Sədrəddin Hacıyev məhkəmə zalına daxil olub və bizim vəkil Zaur Niftəliyevin üstünə qışqırıb.

“Siz niyə süründürməçiliklə məşğulsunuz? Sizə cərimə yazıblar, siz də onu ödəməyə borclusunuz”,- hakim deyib. Biz qorxuruq ki, Binəqədi məhkəməsinin hakimi Vüqar Məmmədov, Sədrəddin Hacıyevin təzyiqi altında heç bir məhkəmə araşdırması aparmayacaq və Enerji Gömrük İdarəsinin xeyrinə qərar çıxaracaq”,- İntiqam Həsənov öz narahatlığınl bildirib (kavkaznews.az).

İntiqam Həsənovun narahatlığı doğru ççıxdı. Binəqədi Rayon Məhkəməsi həqiqəqətən də işi Enerji Gömrük İdarəsinin xeyrinə həll etdi. “Rovel Trading” şirkəti isə yenidən apellyasiya şikayəti verib. Martın 2-də LEGİON nümayəndələri Bakı Apellyasiya Məhkəməsində iclasda iştirak ediblər. “Rovel Trading”in vəkili gəlmədiyinə görə, işə baxış üzrə iclas martın 3-nə təyin olunub. İclasdan sonra biz DGK nümayəndəsi Elmar müəllimlə (soyadını bizə bildirmədi – red) görüşdük. “Mən sizin suallarınıza cavab verə bilmərəm. Əgər sizin hər hansı sualınız varsa, DGK-nın mətbuat xidmətinə müraciət edin”, – deyə Elmar adlı DGK nümayəndəsi bildirdi. O bildirdi ki, DGK üçün hər kəs eyniidir: “Biz kiməsə qərəzli yanaşmırıq. Əgər hansısa sualınız varsa, DGK-nın mətbuat xidmətinə və ya Enerji Gömrük İdarəsinə müraciət edə bilərsiniz.

“Rovel Trading”in satış meneceri olan Həmid Vəkilovun adına gələn 25 TIR akkumlyator heç bir maneəsiz gömrükləşdirilib. Bu da bizim qərəzi olmadığımızı göstərir”.

“Dövlət Gömrük Komitəsinin nümayəndəsi doğru demir. Həmid Vəkilov bizim işçimiz deyil və fiziki şəxs kimi fəaliyyyət göstərir”, – deyə “Rovel Trading”in  direktoru İntiqam Həsənov bildirib. Həmid Vəkilov da İntiqam Həsənovun sözlərini təsdiqlədi. “Mən “Rovel Trading”də işləmirəm və fiziki şəxs kimi fəaliyyət göstərirəm”, – deyə H.Vəkilov vurğuladı.

R.Həsənoğlu

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR