Çörək vəhşiliklə qazanılarsa…

Bəs “20 Yanvar”dakı özbaşınalığa nə vaxt son veriləcək?

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəza cəmiyyətimiz üçün “soyuq duş” oldu. Qəzada dünyasını dəyişən gənclərimizi hörmətlə anır, Allahdan rəhmət dilləyirik. Yaxınlarının başı sağ olsun. Qəzanın səbəblərilə bağlı bir çox məlumatlar yayıldı. Yaxın saatlarda isə məlum oldu ki, iki “Ford” mikroavtobusu öz aralarında “abqon” edərkən, onlardan biri yolun kənarında dayanan “Zil”ə dəyib və … nəticə məlumdur. Başqa bir məlumata görə, qəzaya uğrayan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş. Nəyə görə, Bakı-Sumqayıt istiqamətində işləyən mikroavtobusların qeydiyyatı həyata keçirilməyib?

Belə bir mövzuda yazmağı heç istəməzdim. Amma nə edək ki, günahsız insanlar belə “xırda” şeylər ucbatından həlak olur. O “xırda” şeylər ki, vaxtında nizama salmaq olar. Bir ara “20 Yanvar”da təmizlənmə başlamışdı. O vaxt mətbuatda yayılan yazılar məmurları 1-2 aylıq məsuliyyətli olmağa məcbur etmişdi, lakin bu dəfə…

Görünür ki, yenə də kasıb-kusub əziyyət çəkəcək. Amma indiyə kimi özbaşınalıqdan “bixəbər” məmurlar TV-lərə çıxıb, sərt açıqlamalar verəcəklər. “Əcəmi” stansiyası yaxınlığında Masazıra işləyən taksilər var. Burda vaxtaşırı vətəndaşlarla kobud mübahisələrə, hətta əlbayaxaya da çıxan taksi sürücüləriylə üzləşmək olar.

Kənardan kimsə maşınına adam mindirəndə isə həmin maşının sürücüsünə də, o maşına əyləşən sərnişinə də düşməncəsinə rəftar göstərərlər. Hətta belə bir “səhv”ə yol verdiyimə görə, bir dəfə bəzi “Əcəmi” taksiləri məni öz maşınlarına mindirməməklə hədələmişdilər.

Belə də olur, vətəndaşlara xidmət göstərmək əvəzinə, onları borclu çıxaran insanlarla üzləşirik. Onlara bu cəsarəti məhz cəzasızlıq verir… Çörək vəhşi kimi qazanılanda qənim olur. İtki, faciə… Sonra deyəcəklər baisə lənət! Lənət o şəxslərə ki, insan həyatıyla oynadığının fərqində deyil…

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR