Yaşar Ustanın sapla üz qırxdıran turistlərdən şikayəti var
Bu gün şəhərdə bərbərxanada olanda bərbərim Yaşardan maraqlı söhbət eşitdim. Deyir bu bayram İrandan Bakıya 300 min turist gələcək, sonra da özü dediyinə cavab verərək bildirdi ki, əşi gəlsinlər ey, gəlsinlər, ərəblərdənsə, lap qoy iranlılar gəlsinlər. Əlbəttə ki, bərbərin bu cür reaksiyasına məndə də sual yarandı ki, ay Yaşar səndə ərəblərə qarşı bu qədər aqressiya haradan yaranıb? Yaşar cavab verdi ki, burda ərəblər mənim də müştərimdi, ancaq bizimkilərdən fərqli olaraq onlar qaşlarını ülgüclə, üzlərini isə sapla aldırır. Ona görə də qoy ərəblərdənsə bu bayrama iranlılar gəlsin.
Birdə ki, mən özüm Bakının Maştağa kəndindənəm, bizim kənddə belə şeylərə çox pis baxırlar. Sonra başladı ki, bəs şayiələr yayılıb, ərəblər Şəkidə ov yerinə bizimkiləri vurublar. Adə, belə şey olar?! Elə bu vaxt Yaşarın söhbətinə qulaq asaraq, yadıma təxminən 7 il bundan əvvəl yazılan bir köşə düşdü. Köşədə söhbət maştağalı Əli dayı ilə Obamadan gedirdi, hətta Brejnevdən də söhbət açılırdı.
O vaxt güya Brejnev əsgərlik yoldaşı Əli dayıya məktub yazaraq SSRİ-yə dal-dala hücum edən çinlilərlə yaranan konfliktin həllində yardım istəyib. Brejnev xatırladır ki, bəs sənlə almanlara qarşı bir yerdə döyüşmüşük, indi sən gülsatan, mənsə SSRİ-nin ali rəhbəri: “Tez-tez OBXSS ilişirdi deyə, sənə məsləhət verdim ki, Puşkindən 2-3 şeir əzbərləyəsən, gedib Puşkinin heykəlinin yanında şəkil çəkdirəsən. İndi də sənə işim düşüb”.
Maştağadan Əli dayını hərbi təyyarəyə mindirib göndərirlər SSRİ-ÇİN sərhəddinə. Bu xəbər Pekinə çatır: “Brejnevin cəbhə yoldaşı maştağalı Əli dayı üstümüzə gəlir”…. Dərhal da, Çin geri çəkilir. Brejnevin məsləhəti çox dəyərliydi. Əli dayı Moskvaya hər gül satmağa gedəndə Puşkinin heykəlinə baş çəkib, orda şəkil çəkdirirdi.
“Obexeyis” işçiləri onu tutanda da, cibində Puşkinlə şəklini çıxarıb göstərir, hələ cuşa gəlib, “milisaner”lər üçün şeir də oxuyurdu: “Peredo mnoy yavilas tı, kak mimolyotnoye videniye”… İndi isə elə bil ərəblər bizimkilərin üstünə hucuma keçib. Bərbərxanalarda üz-başların sapla aldırıb, ova çıxırlar. Ancaq çox maraqlıdır ki, ərəblərin Şəkidəki ovuna niyə Şəkidəki Hacı dayıdan reaksiya verilməyib. Bəlkə də, bu hadisədən sonra elə Hacı dayı da Brejnev kimi Maştağaya Əli dayıya teleqram vurub. Ancaq teleqram ya Əli dayıya gec çatıb və yaxud da, Əli dayı Brejnevdən savayı heç kimi eşitmir.
Çox güman ki, Hacı dayının teleqramına reaksiya verilməyib. Bunu Ərəblərin regionlarda bu cür ov etməklərində də bəlli olur. Və bu davam etsə, Hacı dayı Əli dayıya bir də teleqram vurmalı olacaq. Bildiyimə görə, pul da, var-dövlət də ərəblərdədir. Ancaq nə Hacı dayıda, nə də ki, Əli dayıda pul yoxdur.
İndi ərəblər bu dayıları dilə tutub pula oturtsalar, vay bu cəmiyyətin ərəblərdən qurtulmağına… Ərəb turistlərinin dərdi çəkiləsi deyil… Amma öz aramızdır, bu ərəblərin gəlişiylə, yağışdan sonra çıxan göbələkləri xatırladacaq saysız-hesabsız turizm şirkətləri də peyda oldu.
“Fısqırıq Travel”, “Dumbul turizm” və s. Halbuki, o şirkətlərdə çalışanların çoxu turizmin T-sindən belə xəbərsizdir. Hətta 1-2 turizm şirkətinin rəhbərini də tanıyıram ki, gecə klublarına düşüb, yüngüləxlaqlı qadınların adları, şəkilləri və əlaqə nömrələri olan “kataloq”lar yaradır, onları öz ərəb müştərilərinə təklif edir… hətta “xidmətlər”ə görə şişirdilmiş qiymət deyərək, ordan öz faizlərini də götürürlər. Hər halda, “At izinin it izinə qarışması” buna deyirlər…
M.RASİMOĞLU
Qafqaznews.az