“Ruhi xəstələrə ödənilən təqaüdlə yaşamaq mümkün deyil”

 Martın 21-də gecə saat 01 radələrində “Şıx” çimərliyinin ərazisindəki sahildən Yasamal rayon sakinləri 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və 1963-cü ildə anadan olmuş Səlimova Gülnar Təyyar qızının meyitləri aşkar olunub. Məlum olub ki, onlar özlərini dənizə ataraq intihar edib. İntihar edən kişi ilə qadın bacı-qardaş olub. Bildirilir R.Əliyev ruhi xəstə olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (lent.az).

Ölkə KİV-ində ruhi xəstələrin intiharı ilə bağlı məlumatlara çox rast gəlmək olar. İntihar edən şəxslərin qohumlarının bildirdiyinə görə, ruhi xəstələrin sosial problemləri çox zaman intihar hadisəsində başlıca rol oynayır.

Psixoloq Azad İsazadə LEGİON-a bildirdi ki, ruhi xəstə olan insanlar əmək qabiliyyətini itirirsə, onlar üçün əlillik qrupu müəyyən olunur. “Əgər xəstənin vəziyyəti ağır deyilsə, ona ikinci qrup əlillik dərəcəsi müəyyən etməklə yanaşı, yüngül işlə məşğul olmağa da icazə verilir.

Əgər bir şəxsin daimi diqqətə və qulluğa ehtiyacı varsa, ona birinci qrup əlillik dərəcəsi verilir. Əgər xəstə özünə baxa bilmirsə, ən yaxın qohum ona qəyyum təyin olunur. Bu halda təqaüd xəstənin qəyyumuna ödənilir. Əgər xəstə uzun müddət xəstəxanada qalarsa, təqaüdü xəstəxananın üzərinə rəsmiləşdirə bilərlər”, – deyə A.İsazadə bildirdi.

Psixoloq qeyd etdi ki, təqaüd iş stajını nəzərə almaqla müəyyən edilir: “Əgər iş təcrübəsi yoxdursa, ruhi xəstəyə minimal təqaüd təyin olunur. Buna görə də, eyni diaqnozlu ruhi xəstələr ayrı-ayrı ölçüdə təqaüd ala bilərlər”. O, həmçinin ruhi xəstələrin məşğulluq probleminə də toxundu: “Bir çox işlərdə psixi sağlamlıq haqqında arayış tələb olunur. Amma bəzi işlər də var ki, orda psixi sağlamlıq haqqında arayış tələb olunmur”.

Deputat, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə LEGİON-a bildirdi: “Ruhi xəstələrə verilən təqaüdlə yaşamaq mümkün deyil. Mən əlillik təqaüdünü “kəndir pulu” adlandırıram, çünki bu pulla ancaq özünü asmaq üçün kəndir ala bilərsən”. Deputatın sözlərinə görə, o, dəfələrlə Milli Məclisdə əlillik təqaüdünün artırılması ilə bağlı məsələ qaldırıb. “Lakin təəssüf ki, mənim bu təklifim deputatlar tərəfindən dəstək görmədi”, – deyə A.Əlizadə əlavə etdi.

 R.Həsənoğlu

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR