Ukraynadakı böhrana dair üçtərəfli təmas qrupunun Minskdə bu gün keçirilən danışıqlarda tərəflər müddətsiz atəşkəs razılaşması əldə ediblər.
Virtualaz.org saytı xəbər verir ki, Ukrayna hakimiyyətinin, separatçıların və ATƏT nümayəndələrinin bir neçə saat davam edən danışıqlarının nəticəsi olaraq Donbasda sentyabrın 5-I, Bakı vaxtı ilə saat 20^00-dən etibarən atəşin dayandırılmasına dair protokol imzalanıb.
Bundan sonra Ukrayna prezidenti Pyotr Poroşenko və separatçıların lideri atəşin dayandırılmasına dair əmr veriblər. Poroşenkonun bəyanatında deyilir ki, o, Rusiya prezidenti Vladimir Putinin Donbasdakı qanunsuz silahlı birləşmələrə atəşin dayandırılması çağırışından və Minskdə imzalanmış protokoldan çıxış edərək Silahlı Qüvvələrin Baş Qərargahına atəşi dayandırmağı əmr edib.
Poroşenko həmçinin xarici işlər naziri Pavel Klimkinə tapşırıb ki, atəşkəsə riayət edilməsi üçün ATƏT-lə birlikdə effektiv beynəlxalq nəzart mexanizmi yaratsın.
Separatçıların tərəfindən isə atəşin dayandırılması barədə əmri “Donetsk xalq respublikası”nın “baş naziri” Aleksandr Zaxarçenko verib. Bununla belə separatçıların qərargahı atışmaların hələ davam etdiyini, Mariupol şəhəri ətrafında Ukrayna qüvvələrinin atəşi kəsmədiklərini bildirir.
Atəşkəs razılaşması əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini də nəzərdə tutur və cəmi 14 bənddən ibarətdir. Qondarma “Luqansk respublikasının” lideri İqor Plotnitski bildirib ki, protokol onların tələblərinin əksəriyyətini özündə əks etdirir və atəşkəsə baxmayaraq Donbasın Ukraynanın tərkibinə qayıtması istisnadır.
Protokolun imzalanmasından sonra təmas qrupunun müzakirələri bağlı qapılar arxasında davam ediib. İclasda Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov, ATƏT nümayəndəsi Haydi Ttalvinyi və separatçıların liderləri iştirak edir.
Əsirlərin dəyişdirilməsi prosesinin sabahdan başlayacağı gözlənilir.
Bundan başqa, Ukrayna prezidenti ölkənin şərqində sülh planının əhatə etdiyi hər kəsə aministiya elan edib. O deyib ki, sabahdan başlayaraq Donetsk və Luqansk vilayətlərində hakimiyyətin mərkəzləşdirilməsinin qarşısının alınmasına, bu bölgələrə tam iqtisadi azadlıq verilməsinə, yerli əhalinin istədiyi dildən istifadə etməsinə dair tədbirlərin görülməsi başlayacaq.
Əgər Minsk razılaşmasını həyata keçirmək mümkün olsa, o zaman heç bir mübaliğəyə yer vermədən demək mümkündür ki, Ukraynanın da artıq öz “Qarabağı” var.
Belə ki, separatçıların Rusiya ordusunun dəstəyi ilə Ukrayna ordusunun əsas döyüşkən hissələrini darmadağın etməsindən və ölkənin şərqinə nəzarəti böyük ölçüdə ələ almasından sonra Kiyevin atəşkəsdən başqa yolu qalmırdı.
Poroşenko başa düşür ki, daha bir neçə gün müqavimət göstərmək Mariupolun itirilməsinə, ardınca Krıma quru dəhlizinin açılmasına səbəb olacaq. Ukrayna ordusunun döyüşü davam etdirmək imkanlarının getdikcə tükənməsi və itkilərin artması Poroşenkonu Putinin istədiyi kimi separatçılarla atəşkəsə getməyə məcbur etdi.
1994-cü ildə Bişkekdə Ermənistanla Azərbaycan arasında imzalanmış Bişkek protokolunun bənzəri Minskdə imzalandı. Bu atəşkəs razılaşması işləsə, Ukraynanın şərqində münaqişə qeyri-müəyyən müddətə dondurulmuş olacaq. Yəni Donbas və Donetsk separatçıları Ukraynanın Rusiya ilə sərhədləri boyu nəzarəti ələ keçirərək “Rusiyaya birləşmək məsələsini” faktiki olaraq həll ediblər.
Gözləmək olar ki, bundan sonra proseslər separatçıların “öz sərhədləri” daxilində möhkəmlənməsi istiqamətində gedəcək və keçmiş sovet məkanında daha bir, hətta iki tanınmayan “respublika”nın meydana çıxmasını bütün oyunçular qəbul etməli olacaq.