“Qatıq-TV” təqdim edir

Eşşək və at başlılar…

Kənd təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti və polis əməkdaşları bir müddətdir ki, kənd-kəsəkdə at və eşşək qənimçiləri ilə mübarizəyə başlayıb. Nəticə pisdir. Yəni, bu at və eşşək başlılarla mübarizə arzulanan nəticəni vermir. Amma mən dünya təcrübəsinə istinad edərək maraqlı təkliflə çıxış etmək qərarına gəldim. İnanıram ki, bu dəfə nəticəsi əla olacaq. Təklif edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bundan sonra kimin qapısında qanunsuz at və eşşək kəsimi ilə Bakıya gətirilən əti tutulsa, şou əhlinin lifçiyindən tutmuş plavkasını, güngörməzini, baldırını və digər “yerlərini” nümayiş etdirən bəzi TV-lərin bazasında bir “Eşşək və ət leşi şou” proqramı açsınlar. Kuxna tipli bu proqramda həmin at və eşşək kəsən adamın ailə üzvlərini bu proqrama gətirib həmin murdar at və eşşək ətindən bişirilmiş bozbaşı bir həftə onlara yedirtsinlər, bu səhnə canlı efirdən nümayiş olunsun…

İkinci təklifim: kənd yerlərində camaat səhər at və eşşəyini örüşə göndərir, axşam bu Allahın yazıq heyvanları yoxa çıxır, Bakıda sosiska və dönərə, kolbasaya çevrilir. Bəs həmin heyvanları necə axtarıb tapmalı, sahibindən ən azı halallıq almalı? Çox sadə: Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankının qrantı kimi bir-iki milyon birka alıb atı və eşşəyi olan kənd camaatına paylasın, bütün at və eşşəklərimiz birkalansın. Elektron simkart tipli bu birkaların yerini o saat bilmək olur. Dünya təcrübəsində ondan çöl heyvanlarına tətbiq edilir. Sonra “Xəzər-TV”də “Səni axtarıram” kimi bir proqramm açıb kimin atı və eşşəyi itibsə, orada soraqlaya bilər…
***
Amma məni yandıran budur ki, bu millət atasından, bacısından (srağagün Sevinc Osmanqızının bacısı ondan imtina etdi), dədəsindən, hətta bəzən ölkəsindən (bir talış qardaşımız, deyilənə görə, Ermənistana gedib) imtina edir, amma oğurluq at və ya eşşək əti kəsib mal əti adı ilə əhaliyə satmaq kimi murdar hərəkətindən imtina etmir? Niyə belədir?
***
Deyir, bir gün Bakıda yaşayan qadın Şəkiyə zəng edir ki, onu qohumları ilə calaşdırsınlar… Bayram axşamı olduğundan Şəki ATS-nin növbətçisi olan Hacı dayı dəstəyi götürüb “Allo, ha indii bəs sizə hara lazımdır?” deyir… Qadın deyir, mənə kişi verin… (Kiş kəndini nəzərdə tutur.Red.). Hacı dayı fikirləşir ki, sən öl kimdisə, bayram gecəsi onunla zarafatlaşır:
– Ha indii kişi mən…
Qadın əsəbləşir:
– Bura bax eyyy, durub gələrəm ora, başına bir oyun açaram ki, adın yadından çıxar…
– Ay bacı, deyirsən ki, mənə kişi verin, mən də deyirəm ki, kişi mən… Mən nə pis söz dedim axı?
– Mənə Kiş kəndi lazımdır… Tez olun, mənə Kişi verin…
***
Aprelin 1-i el dili ilə desək, aldatma günü idi… Amma, öz aramızdır, ötən illərdə camaat bir-birinə zəng vurub aldadar, deyib gülərdi. Bu il bunların heç biri olmadı. Niyə?
P.S. Mən bunun səbəbini onda görürəm ki, qabaqlar camaat ildə bir dəfə aldanardı, bu da maraqlı görünərdi… Amma indi hər gün orda-burda, bankda-yolda… o qədər aldadırlar ki, daha kiməsə zəng vurub aldadıb gülməyə yer qalmır…
***
Bazar günü axşam “Lider-TV”də yaşı həşdada yaxınlaşmış (bəlkə də keçib, dəqiq bilmirəm) Niyaməddin Musayevin müğənni Nazəninin aparıcılıq etdiyi (Allah, sən saxla! Ona görə deyirlər ki, elçisi gülüm olanın… Və sair…) bir proqramında gerçəkdən də əttökən bir mahnı oxudu ki…
P.S. Görəsən, Milli Tele-Radio Şurasınən sədri hörmətli Nuşirəvan müəllim hara baxır ki, ətin bu baha vaxtında belə əttökən mahnılarla sadə camaatımızın olan-qalan əti də tökülür…
***
Bakı meriyası parkomatlarını hara gəldi “əkir” və artıq belə getsə, yaşayış binalarının həyətlərinə də gətirib soxuşduracaqlar…
P.S. Məncə, Hacıbala müəllim “Hərəyə bir ağac əkək!” kampaniyasını tərsinə başa düşüb və “hərəyə iki parkomat əkək!” tapşırığı verib… Amma öz aramızdır, bu parkamatdan 10-15-i Prezident Administrasiyasının əsas girişinə qoyulsa, Hacıbala müəllimə yaxşı pul gətirər, büdcənin kəsir hissəsinin xeyli hissəsini bununla da doldurmaq olar…

Abdal Qasım

tezadlar.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR