Baş prokurorluq müstəntiqə təzyiq edib? FOTO,VİDEO

“Prokurorlar müstəntiqin qanunsuz qərarını ləğv etmir”

11 aprel 2017-ci il tarxidə “Qafqaz Xəbər” media mərkəzində xüsusi amansızlıqla törədilən qətl hadisəsinə görə məhkum olunan Zaur Tərlanovun valideynləri və vəkili Vüqar Xasıyev mətbuat konfransı keçirdi. Mətbuat konfransında Vüqar Xasıyev bildirdi ki, həmişə mətbuatla fəal əmkdaşlıq edib: “ Bizim keçirdiyimiz mətbuat konfransının məqsədi hüquqlarını müdafiə etdiyim Bakı şəhərinin Qaradağ rayonu Sahil qəsəbə sakini Zaur Tərlanovun barəsində 1-ci məhkəmə instansiyasında əsassız qəbul olunmuş qərarın ictimaiyyətin diqqətinə çatdırlımasıdır”.

Vüqar Xasıyev jurnalistlərə bildirdi ki, Zaur Tərlanov odlu silahdan atəş açmaqla Cahid və Cavid Rəhimov qardaşlarını güllələyib: “ O, AR CM-nin 120.4, 120.9 maddələri ilə təqsirli bilinib. Onu xüsusi amansızlıqla qətl törətməkdə ittiham ediblər. Hakim öz qərarını ibtidai istintaq zamanı toplanmış dürüst olmayan dəlil-sübutlar əsasında verib”.

Vəkilin fikrincə, Zaur Tərlanovun əməllərinə düzgün hüquqi qiymət verilməyib: “ Zaur Tərlanov öz həyat yoldaşından ayrılandan sonra başqa bir xanımla kəbin kəsdirib. Bu qadın bankda işləyib. Mərhum Cavid Rəhimov kredit bəhanəsi ilə onun evinə daxil olub və qadını zorlayıb. Qonşuları bu barədə Zaura məlumat veriblər. Buna görə də Zaur Cavid Rəhimovu döyüb. Bu səbəbdən Cavid Rəhimov çoxsaylı şahidlərin yanında bildirmişdir ki, əlimə imkan düşən kimi onu öldürəcəm”.

Vüqar Xasıyev onu da qeyd etdi ki, Cavid Rəhimovun təhdidlərindən ehtiyat edən Zaur Tərlanov bir neçə ay öz ailəsi ilə Ağsu rayonunda gizlənmişdi: “ Təsəvvür ediriniz aravadı zorlanan, ailəsi təhqir olunan Zaur qisas barədə düşünməli olduğu halda Cavid Rəhimov qisas almağa çalışır. Cavid Rəhimov Zaurun atasına, ailə üzvlərinə, qohumlarına hədə-qorxu gəlib. Hətta Zaurun dostlarına hədə-qorxu gəlib ki, Zaurun yerini desinlər. Zaurun övladı xəstələndiyi üçün qəsəbəyə qayıtmalı olub. O kafedə dostları ilə oturarkən onun kafedə olmasını kimdənsə öyrənən Cavid və Cahid Rəhimov qardaşları qəflətən kafeyə daxil olublar. Zaur Tərlanov qardaşlardan böyüyü ilə tanış olmayıb. Cahid Rəhimov Zauru dostlarının yanında hər cürə təhqir edərək onu şərəfsiz adlandırıb. Qardaşlar Zauru zorla kafedən çıxardaraq “razborka”ya aparıblar. Hərəkət zamanı Zaurun avtomobilini mərhum qardaşların dostları müşaiət edib”.

Xasıyev bildirdi ki, hərəkət zamanı qardaşlar qəflətən maşını kimsəsiz yer olan dəniz qırağı tərəfə hərəkət etdirmişdir: “ Bu qardaşları qəsəbədə hamı yaxşı tanıyır. Onların anası Nigar Rəhimova sələmçidir, faizə pul verir. Pulu qaytara bilməyənərə qarşı qardaşlar həmişə hədə-qorxu gəliblər. Bu işdə kiçik qardaş Cavid daha çox canfəşanlıq edirdmiş. Qardaşlarla mübahisə zamanı Zaur Tərlanov Cavidin üstündə iri bir bıçaq -soyuq silah görüb. Cahiddə isə odlu silah var imiş. Düzdür, bu silah müstəntiq tərəfindən aşkar edilməmişdir, ancaq avtombildə həmin silahın patronları olub. Zaur başa düşüb ki, onu bu yerə öldürmək məqsədilə gətiriblər. Ona görə də avtomobilindəki “Vinçester”  silahı ilə qardaşlara atəş açmışdır. Ekspertlər bizə bildirib ki, hər iki qardaş 5 saniyə ərzində güllələnib. İstintaq hesab edir ki, qardaşlar xüsusi amansızlıqla qətlə yetirilib. Ancaq xüsusi amansızlıqdan söhbət gedə bilməz. Çünki xüsusi amansızlıq zamanı qətlə yetirilən doğmalarının yanında əzab-işgəncə verməklə öldürülür. Bu hadisə zamanı qardaşlar bir neçə saniyə ərzində güllələnib. Qardaşlardan biri məhz Zauru öldürmək üçün avtomobildən düşüb. Yəni Tərlanovun hərəkətləri özünü müdafiə xarakteri daşıyır. Bizim dediklərimizi 29 şahid də təsdiq edir.

Məsələn, şahid Qəhrəman Nəcəfov bildirir ki, Cavid və Cahid qardaşları Zauru təhqir edərək ölümlə hədələdilər. Hətta Cavidin dostları bildirir ki, mərhum Zaurun arvadını zorlayıb və Zauru ölümlə hədələyib. Bütün bunlar məhkəmədə öz təsdiqini tapdı. Bütün bunlara baxmayaraq hakim şahidlərin ifadələrini nəzərə almayaraq Zaur Tərlanova ömürlük cəza verdi”.

Vüqar Xasıyev qeyd edib ki, onunla Zaur Tərlanovun qohumları arasında müqavilə Apellyasiya məhkəməsində işə baxılarkən bağlanıb: “Mən işlə tanış olarkən gördüm ki, Zaur Tərlanova qarşı böyük ədalətsizlik olub. Bu subyektiv səbəblərdən olub. Mərhumların anası Baş prokurorun və ədliyyə nazirinin qəbulunda olub. Bundan sonra məhkəməyə təzyiqlər olub. Hazirda işə hakim Əflatun Qasımovun sədrliyi ilə Apellyasiya Məhkəməsində baxılır. İşlə tanış olandan sonra mən apellyasiya şikayəti verdim. Bizim məhkəmədən tələbimiz məhkəmə istintaqıdır. Əminəm ki, belə olan halda tərəfimizdən göstərilən faktlar öz təsdiqini tapacaq”.

Vəkil onu da qeyd etdi ki, Zaur Tərlanovu biri öndə, digəri arxada olmaqla iki avtomobil müşaiət edib və ona aradan çıxmağa imkan verməyiblər:” Həmin avtomobillərin sahibləri müəyyən edilməlidir. Həmin vaxt mərhumlar öz dostları ilə və anaları ilə telefon əlaqəsi saxlayıblar. Hakim bu danışıqları ortaya çıxarmalıdır. Əlbəttə biizm ölkədə məhkəmə sədrinin razılığı olmadan hakim heç bir qərar qəbul edə bilməz. Biz media mənsublarından xahiş edirik ki, Zaur Tərlanova qarşı ədalətsiz cəzanın dəyişdirilməsində dəstək olsunlar”.

Jurnalistlər vəkilə sualla müraciət etdi: “ Siz bildirdiniz ki, istintaq mərhumların ölüm qabağı kimə və nə məqsədlə zəng etməyini araşdırmayıb. Siz Rəhimov qardaşlarının həmin vaxt kimə zəng etməyini araşdırmısınız?” Vəkil bildirib ki, telefon danışıqları məhkəmə qərarı ilə təqdim edilir: “Həmin 30 səhifəlik danışıqlar təqdim olunub. Ancaq istintaq zamanı aradan çıxarılıb”. KİV nümayəndələri mərhumlar tərəfindən Tərlanovlar ailəsinə olan təzyiqlə maraqlandılar. Suala cavab olaraq Zaur Tərlanovun atası Ənvər Tərlanov cavab verdi: ” Bizim ailə üzvləri istintaq vaxtı öz ifadələrini verib. Mənim oğlum istintaq zamanı mərhumların bizim ailə üzvlərimizə və oğlumun dostlarına etdiyi təhdidlər barədə ifadə verib”.

Ənvər Tərlanov qeyd etdi ki, mərhumlar həmişə onları təhqir edib, özünü və arvadını izləyiblər və Zauru öldürəcəklərini bildiriblər. Vəkil bildirib ki, işdə xüsusi amansızlıq məsələsini təsdiq edən sübutlar yoxdur, bu xüsusi sifarişdir. Ənvər Tərlanov isə bildirib ki, mən dəfələrlə prokurorluq orqanlarında mərhum qardaşların cinayət işləri ilə bağlı soruşmuşam, çünki bütün Sahil qəsəbəsinin sakinləri bu qardaşlardan qorxurdu. Jurnalistlərin “ Qəsəbə sakinləri qardaşlardan niyə qorxurdu” sualına Ənvər Tərlanovun cavabı belə oldu: “ Çünki qəsəbədə mərhumların anası Nigar Rəhimovadan sələmə pul götürənlər çoxdur. Pulu qaytara biməyənləri qardaşlar cəzalandırırdı. Sakinlər bu gün də Nigar Rəhimovadan qorxurlar”.

Vəkil Vüqar Xasiyev isə əlavə etdi ki, cinayət işində qardaşların qəsəbə sakinlərini təhdid etməsilə bağlı bağlı material var, ancaq sakinlər qorxularından polisə şikayət etməyiblər. Jurnalistlər “ Müstəntiqin hansl əsasla Zaur Tərlanovu xüsusi amansızlıqla ittiham etməsi ilə maraqlandı”. Ənvər Tərlanov dildirdi ki, mən müstəntiq Yusif Novruzovdan nə üçün obyektiv araşdırma aparmadığını soruşanda cavab verdi ki, mənə əmr olunub ki, xüsusi amansızlıq maddəsi olmalıdır, əks təqdirdə məni işdən qovacaqlar:” Mərhumlar hətta oğlumun dostlarını təhdid ediblər ki, onun yerini desinlər. Hətta prokurorluq buna hüquqi qiymət verdi. Mərhumlar ölüm qabağı 12 zəng ediblər…istintaq hətta bununla maraqlanmadı. Bu qardaşlar banda üzvləridir, mənim oğlumu dəniz qırağına aparıb öldürmək istəyirdilər. Biz 60 vəsatət qaldrmışıq, buna reaksiya verən olmayıb”. Jurnalist belə bir sualla müraciət etdi:” Zaur Tərlanovun arvadı Cavid Rəhimov tərəfindən zorlanmağı ilə bağlı müstəntiq Yusif Novruzova müraciət edibmi”. Ata Tərlanovun cavabı belə oldu:” Əlbəttə. Cavid oğlumun arvadına təcavüz edib və üstəlik evdən 34 min dollar oğurlayıb. Ancaq cinayətkar sağ olmadığı üçün cinayət işi qaldırılmadı”.

Vəkil isə bildirdi ki, Zaurun həyatı təhlükədə olub: “ Ölkə Konstitusiyasına görə, vətəndaş öz həyatını müdafiə etmək hüququna malikdir”. Müstəqil ekspert Aqil Qəhrəmanov isə mərhumların anasının sələmçi olması ilə bağlı cinayət işində materialın olması ilə maraqlandı. Vəkil bildirdi ki, bəli, mərhumların anası Nigar Rəhimovanın sələmə pul verməsi ilə istintaqda ifadələr var. Sələmə pul verməyin cinayət olduğunu qeyd edən jurnalistlərdən biri Nigar Rəhimovaya qarşı nə üçün cinayət işi açılmadığını soruşdu. Vüqar Xasıyev cavab verdi ki, o qadın 2 oğlunu itirib, ona görə də istintaq ona qarşı cinayət işi qaldırmağı zəruri hesab etmədi.

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli isə mərhumun anasının sələmçi, eyni zamanda böyük sərvət sahibi olmasını qeyd edərək Zaur Tərlanova qarşı xüsusi amansızlıq maddəsinin verilməsində rüşvət amili ilə bağlı vəkilə müraciət etdi.

Vəkil bildirdi ki, günahsızlıq prezumpsiyası deyilən məsələ var, əlimizdə fakt olmadığı üçün nəsə demək olmur. Vəkil bir məsələyə də diqqəti yönəltdi:” İş Baş Prokurorun və ədliyyə nazirinin nəzarətinə götürülüb. Təəssüf ki, bu işin obyektiv aparılmasına zəmin yaratmayıb. 29 şahid Zaur Tərlanovun hansı şəraitdə cinayət törətməsini bildirib. Ancaq məhkəmə onların ifadəsini nəzərə almayıb. Məhkəmə xüsusi amansızlıq məsələsini əsaslandırmalı idi. Tərlanov hətta qardaşların ölməsini bilməyib və ona görə də polisdən kömək istəyib. O könüllü olaraq təslim olub. Ancaq məhkəmə bunu da nəzərə almayıb.

Jurnalistin “Pul tələb etmək özü də cinayətdir. İstintaq mərhumların bu hərəkətini araşdırdımı” sualına vəkilin cavabı belə oldu: “ Bu məsələ ilə bağlı mərhumlara iş qaldırıldı. Ancaq öldükləri üçün iş bağlandı. Obyektiv qərar qəbul etmək üçün ədalətli məhkəmə istintaqı aparılmalı idi. Apellyasiya məhkəməsi bəlkə məhkəmə istintaqı aparmaq üçün qərar qəbul edəcək. Biz bunun üçün çalışırıq. Bunun üçün məsələni ictimaiyyətin diqqətinə çatdırırıq ki, Apellyasiya məhkəməsi ədalətsiz qərar qəbul etməsin. Apellyasiya məhkəməsinin qərarından sonra Ali Məhkəməyə və Avropa məhkəməsinə şikayət etmək hüququmuz var”.

Bakı Milli tv-nin müxbiri Namiq Məmmədov isə vəkilə belə bir sualla müraciət etdi: “ Siz istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Baş prokurorluğa müraciət etmisiniz”. Vəkilin cavabı isə belə oldu: “Baş prokuror Eldar Həsənovun zamanında o, istintaq vaxtı vəkillərlə özü görüşürdü və istintaqın ədalətli aparılmasına göstəriş verirdi. Ancaq indi Baş prokurorun qəbuluna düşmək çətin məsələdir”.

Kanal 13-ün müxbiri Teymur Kərimov isə müstəntiqə konkret kim tərəfindən təzyiq olunması ilə maralandı. Ənvər Tərlanov bildirdi ki, müstəntiq mənə dedi ki, ona Baş prokurorluqdan təzyiq edirlər. Jurnalistlər müstəntiq Yusif Novruzovdan şikayət edilməsi ilə maraqlandı. Ənvər Tərlanov bildirdi ki, mən müstəntiqə onun hərəkətindən şikayət edəcəyimi deyəndə cavabı belə oldu: “ Kimə istəyirsən şikayət elə”.

Ənvər Tərlanov müstəntiqdən prokurorluğa şikayət etsə də heç bir nəticəsi olmayıb, ancaq ona bildiriblər ki, sizin şikayətiniz Baş prokurorluğun saytında yerləşdirilib. Konfransın sonunda vəkil Vüqar Xasıyev bildirdi ki, bu gün elə bir sistem yaradılıb ki, şikayətlərin mənası olmur və obyektiv olmayan müstəntiqlərə qarşı heç bir tədbir görülmür: “ Müstəntiq 24 saat müddətində prokurora öz qərarını təqdim etməlidir. Əgər prokuror bu qərarı ləğv etmirsə, deməli qərarla razıdır. Deməli, prokuror müstəntiqin qərarını ləğv edirsə, onda öz hökmünü də ləğv etməlidir. Bu isə mümkün deyil”.

 Rəşad Həsənoğlu

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR