26 may 2017-ci il tarixdə Qafqaznews.az saytında “Dövlət rüsumu ödədikdə məhkəmə icraçısından qəbz tələb edin” başlıqlı məqalə dərc olunub.
Məqalə Bakı şəhər sakini Ağabala Balayevin şikayəti əsasında hazırlanıb.
Ağabala Balayevin sözlərinə görə, məhkəmə icraçıları ondan dövlət rüsumunu ödəməyi tələb edirlər: “ Mən artıq dövlət rüsumunu ödəmişəm. İcraçıların yenidən tələb etməsinin heç bir əsası yoxdur”.
Balayev müraciətində bildirir ki, o, 2010-cu ildə Bank of Baku-dan iki kredit götürüb: “2011-ci ilədək mən kredit borcumu vaxtlı-vaxtında qaytardım. 2011-ci ildə ödəmələri gecikdirdim. Və bank məhkəməyə müraciət etdi. Hakim bankın xeyrinə qərar çıxardı. İş Binəqədi məhkəmə icra şöbəsinin icraçısı Zaura ( o soyadını demədi ) verildi. Mövcud qanunvericiliyə görə məhkəmə qərarından 7 gün sonra banka olan borc bağlanmırsa, bu halda ümumi borcun 7 faizi həcmində dövlət rüsumu ödənməlidir. Mən bu məbləği ödədim”.
Müxbirimizin “Siz dövlət rüsumunu ödəyəndə sizə qəbz verildimi?” sualına Ağabala Balayev belə cavab verib: “ Binəqədi icra şöbəsində heç kimə qəbz verilmir. Zauru tezliklə Qaradağ icra şöbəsinə icraçı göndərdilər. Və mənim işimi icraçı Nəvai Əliyevə verdilər. O, bank borcumu əmək haqqıma yönəltdi. Mən 2016-cı ildə bir borcumu, 2017-ci ildə o biri borcumu bağladım. Və heç bir borcumun olmaması ilə bağlı bankdan məktub aldım. Bu məktubla Binəqədi icra şöbəsinə müraciət etdim ki, mənim əmək haqqımdan pul tutulması dayansın. İcra şöbəsinin əməkdaşı mənə dedi ki, mütləq 7 faiz dövlət rüsumu ödəməlisən. Mən icraçıya bildirdim ki, mən artıq dövlət rüsumunu ödəmişəm. Mənə bildirdilər ki, keçmiş icraçı Zaur pulu kassaya ödəməyib və mənimsəyib. Və Zaur artıq işdən uzaqlaşdırılıb”.
Qafqaz Xəbər Agentliyinin müxbiri Ağabala Balayevdən dövlət rüsumunu qəbul edib qəbz verməyən icraçı Zaurla da əlaqə saxlamaq üçün Qaradağ icra şöbəsinə zəng vurub. Şöbənin əməkdaşı müxbirimizə bildirib ki, Zaur vəzifəsindən azad edilib. ( Kavkaznews.az).
1 iyun 2017-ci il tarixdə biz Zauru tapa bildik.
Zaur ( təəssüf ki, soyadını demədi ) bizə bildirdi ki, Ağabala Balayevlə bağlı baş verənləri xatırlamır: “ Əgər banka olan borc əmək haqqına yönəlibsə, onda icra şöbəsi cavabdehin iş yerinə məktub göndərir ki, onun əmək haqqından bank borcu tutulsun. Onda 7 faizlik dövlət rüsumu da tutulur”.
Müxbirimizin “Nə üçün sizin Binəqədi icra şöbəsində işləyən həmkarlarınız bildirir ki, 7 faizlik dövlət rüsumu ödənəndə Ağabala Balayevə mütləq qəbz verilməli idi?” sualına Zaur belə cavab verdi: “Bank borcunun tutulması borclunun işlədiyi müəssisənin mühasibatlığında həyata keçirilir. Qəbz nəyə lazımdır?”.
Ağabala Balayev isə Qafqaz Xəbər Agentliyinə bildirib kİ, Zaur sizi aldadır: “ 2011-ci ildə mənim bank borcum hələ əmək haqqıma yönləndirilməmişdi. Bank borcum 2014-cü ildə əmək haqqıma yönləndirildi. Onda Zaur artıq Binəqədi icra şöbəsində işləmirdi. Mənim bank borcumun əmək haqqıma yönləndirilməsini başqa icraçı Nəvai Əliyev həyata keçirib. Zaur sizə yalan deyir ki, məndən 7 faiz pulu almayıb. Mən şəxsən özüm pulu Zaura vermişəm”.
Araşdırma davam edir.
Rəşad Rüstəmov
Kavkaznews.az