“PAŞA Sığorta” “Qafqaz Xəbər”in rəsmi sorğusuna cavab verdi

 

Bu günlərdə Qafqaz Hüquq Mərkəzinin rəhbəri İlqar Abbasov bizə müraciət etdi.

Abbasovun sözlərinə görə, bu yaxınlarda onun müştərisi olan Orxan Sultanovun mənzilinə Emin adlı şəxs zəng edib: “ Telefona Orxan Sultanovun rəhmətlik əmisinin həyat yoldaşı ( hansıki oğlu ilə birgə yaşayır ) cavab verib.

Emin bildirib ki, o kolektordur və onda Orxan Sultanovun gətirilməsi ilə bağlı məhkəmə qərarı var”.

Qafqaz Hüquq Mərkəzinin baş direktoru Qafqaz Xəbər Agentliyinə bildirib ki, bu məsələ Orxan Sultanovun  “PAŞA Sığorta”-ya olan borcu ilə bağlıdır.

Məsələ ilə bağlı vəkil Elmar Süleymanov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, kredit müqaviləsi bank sirrinin bir hissəsidir: “Müştərinin icazəsi olmadan bu informasiyanı yaymağa bankın ixtiyarı yoxdur.

Bura sığorta sirri də aiddir. Sığortalanan şəxsin razılığı olmadan onun harada və necə sığorta olunması ilə bağlı məlumat yaymaq olmaz.

“Sığorta haqqında” qanunun 6-cı maddəsində (sığorta sirri ) qeyd olunur ki, sığortalananın adı-soyadı, ünvanı və digər şəxsi məlumatlar sığorta sirri hesab edilir. Sığorta məbləği və sığotra haqqı da sığorta sirrinə aiddir”.

Vəkil Elmar Süleymanov bildirdi ki, peşəkar sığortaçı sığorta sirrini qorumağı bacarmalı, yalnız sığorta olunanın yazılı razılığı olduqda məlumatı yaya bilər: “Ona görə də hesab edirəm ki, kollektorun ixtiyarı yox idi ki, Orxan Sultanovun sığorta məlumatlarını onun qohumlarına desin”.

Biz Eminin hansı kollektor şirkətinın nümayəndəsi olduğunu və onun sığorta sirri barədə məlumatlı olub-olmadığını müəyyənləşdirmək qərarına gəldik.

Emin ( soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirdi ki, o, BOA Kollektor şirkətinin nümayəndəsidir: “ Bizim “PAŞA Sığorta” ilə müqaviləmiz var və bizim ixtiyarımız var ki, Orxan Sultanovun evinə zəng edib onun borcu barədə məlumat verək. Orxan Sultanov 2013-cü ildən borcu ödəməkdən imtina edir. Birinci instansiya və Apelyasiya məhkəmələri Sultanovun “PAŞA Sığorta”ya borcunu qaytarması ilə bağlı qərar çıxarıb. Biz Orxan Sultanovun zorla gətirilməsi ilə bağlı heç bir söz deməmişik”.

Müxbirimizin “ Sığorta haqqında” qanunun 6-cı maddəsinə (sığorta sirri ) görə, sığorta müqaviləsi sığorta sirri hesab edilir” xatırlatmasına Eminin cavabı belə oldu: “ Bunun sığorta sirrinə heç bir dəxli yoxdur. Ortada icra olunmayan məhkəmə qərarı var. Və bizim ixtiyarımız var ki, Sultanovun evinə zəng edib borcun qaytarılmasını tələb edək”.

Biz “PAŞA Sığorta” MMC-nin mövqeyini öyrənmək üçün şirkətə sorğu göndərdik.

1 iyun 2017-ci il tarixdə şirkətdən bizə cavab gəldi:”Sorğunuza cavab olaraq bildiririk ki, cavabdeh Orxan Sultanov 20 fevral 2013-cü il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi Chevrolet Aveo markalı, 90-LK-616 dövlət nömrə nişanlı və “PAŞA Sığorta”da icbari sığorta olunmuş avtomobillə yol-nəqliyyat hadisəsi törədib. Nəticədə 2 avtomobilə ziyan dəyib. Sığorta olunan hallara əsasən “PAŞA Sığorta” ziyan çəkən hər 2 avtomobilə görə, 3545,53 manat məbləğində sığorta haqqı ödəyib.

Qaydalara uyğun olaraq 6 iyun 2013-cü il tarixdə “PAŞA Sığorta” MMC Orxan Sultanovun qeydiyyatda olduğu ünvana bildiriş göndərib. Ancaq cavabdeh könüllü ödəniş etmədiyi üçün bizim tərəfimizdən Nərimanov rayon məhkəməsinə müraciət olunub. Və 15 noyabr 2013-cü il tarixdə Nərimanov rayon məhkəməsi bizim iddiamızı təmin edib. Ancaq 4-cü ildir ki, cavabdeh məhkəmə qərarını icra etməkdən imtina edir.

Yaranmış vəziyyətlə bağlı “PAŞA Sığorta” MMC BOA Kollektor-a müraciət edib.

Onu da qeyd edək ki, sığorta şirkətlərinin gecikən ödənişlərlər bağlı kollektor şirkətlərinə müraciət etməsi dünyada geniş yayılmış praktikadır. “PAŞA Sığorta” həmişə müştəriyə hörmətlə yanaşmaq prinsipini rəhbər tutaraq bəyan edir ki, müştəri ilə qeyri-etik davranış bizim üçün qəbul edilməzdir.

Ona görə də bu məsələ ilə bağlı araşdırma aparıb nəticədən asılı olaraq müvafiq qərar qəbul edəcəyik”.

Sənan Məmmədli

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR