Tərlansan göydən enməzsən..?

Hakim Tərlan Əkbərov öz qərarını ləğv edəcək..?

Eyni mövzuda təkrar-təkrar yazmaq sözün həqiqi mənasında çox çətin və əzablı işdir.

Amma nə etməli..?

Böyük Mirzə Cəlil əbəs yerə demirdi ki, “Sözünü o kəslərə de ki, səni eşitmir”.

Əgər deyilən sözü bircə dəfəyə eşitsəydilər nə vardı ki..

Sözümüzün lazım olan yerlərə çatması üçün təkrar-təkrar yazmağa məcburuq.

Biz bir media olaraq yorulan, usanan deyilik. Təki cəmiyyətimizin, vətəndaşlarımızın problemləri həll olunsun. Bizim qazancımız budur.

Bəli, rəhmətlik Mirzə Cəlil demişkən, sözümüzü O KƏSLƏRƏ deyək ki, bizi eşitmək istəmirlər.

O KƏSLƏR-dən biri də Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərovdur.

Öncə cənab hakimin AD-ından başlayaq.

Peyğəmbər əfəndimiz (s.ə.s) buyururdu ki, övladlarınıza gözəl adlar qoyun.

Görünür cənab hakimin atası, yaxud babası çox düşünüb ona gözəl bir ad qoyublar- TƏRLAN.

Bu məqamda yadımıza ötən əsrin 37-ci ilində güllələnən şairimiz Mikayıl Müşfiqin misraları düşür:

TƏRLAN-san göydən enməzsən,

Torpaqlarda sürünməzsən…

Bəli, tərlan quş olsa da göydə qanad açıb süzən quşlardandır, yerdə zir-zibil eşələyən quşlardan deyil.

Yəqin Tərlan müəllimə də yaxınları-doğmaları bu adı qoyanda düşünüblər ki, övladımız göydə süzəcək, yəni haqqa-ədalətə-allaha yaxın olacaq.

Amma sən saydığını say, gör hakim Tərlan Əkbərov nə sayır…

Uzun müddətdir ki, ölkə mediası 4 uşaq anası Lalə Dadaşovanın keçmiş həyat yoldaşı, Araz Dadaşovun qanunsuz əməlləri və onu müdafiə edən prokurorluq və məhkəmə orqanları əməkdaşlarının ( o cümlədən hakim Tərlan Əkbərovun ) qanunsuz hərəkətləri barədə müraciətini dərc edir.

Bəli, hakim Tərlan Əkbərov 4 uşağı və onların əmlakı əlindən alınmış, evdən qovulmuş analarını deyil, arvadı tərəfindən dələduz, cinayətkar, vəhabi və s adlandırılan Araz Dadaşovu müdafiə edir.

Məlumat üçün bildirək ki, Lalə Dadaşova dövlət qurumlarına müraciətində yazır ki, Azərbaycan Respublikasının vətəndaşı kimi özümə borc bilib terror təşkilatları və radikal islamçılarla əlaqəsi olan və onlara dayaq duran Araz Dadaşovun qanunsuz əməlləri barədə məlumat verərək aşağdakıları bildirirəm:

“Araz Dadaşov Azərbaycanda anadan olmasına baxmayaraq 90-cı illərin ortalarında Rusiya vətəndaşlığını qəbul edərək, bir müddət orada yaşamaqla radikal islamçılara qoşulmuş, o cümlədən hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən terrorçuluğa görə ittiham olunan əslən dağıstanlı Abu Umar Sasitlinskinin həbsindən əvvəl onunla sıx əlaqədə olmuş, Abu Umarla bir yerdə Səudiyyə Ərəbistanına səfərlər etmiş, bir sözlə vəhabiçilərin hərəkatına qoşularaq radikal islamçılara dəstək olmaq üçün Azərbaycana qayıdıb, burada həmin hərəkatın fəal iştirakçısı və təşkilatçısı kimi təşviqat aparmaqla Azərbaycan Respublikasının vətəndaşlarının bu işə cəlb edilməsində, onların Suriyaya göndərilməsində, göndərilmiş şəxslərin ailələrinin pul vəsaiti ilə təmin olunmasında mühüm rolu vardır”.

Bütün bunlar azmış kimi Araz Dadaşov keçmiş həyat yoldaşının adına olan bütün əmlakı mənimsəmiş və sonda onu 4 uşaqla evdən qovmuşdur.

Zavallı qadın isə ədalət məhkəməsinə (!!) müraciət edərək öz haqqını tələb etmək istəmişdi.

Amma 4 uşaq anası hardan biləydi ki, hakim Tərlan Əkbərov onu deyil, yuxarıda barəsində bəsh etdiyimiz Araz Dadaşovu müdafiə edəcək.

Görəsən, Tərlan Əkbərov niyə 4 uşağı deyil, əmlakı əlindən alınmış, evdar qadını deyil, Araz Dadaşovu müdafiə edir..?

Görəsən, Tərlan Əkbərov Araz Dadaşovun nəyinə aşiq olub..?

Nə isə zəlzələdən, ya vəlvələdən hakim Tərlan Əkbərov Lalə Dadaşovanın haqlı iddiasını deyil, Araz Dadaşovun maraqlarını müdafiə edən qətnamə qəbul edib.

Haqsızlığla qarşılaşan və çarəsiz qalan Lalə Dadaşova mətbuata müraciət edərək başına açılan oyunları ictimailəşdirmək qərarına gəlib.

Bəli, Lalə Dadaşovanın mətbuata müraciətinin səbəbi-mənbəyi Qafqaz Xəbər Agentliyi, yaxud başqa bir KİV deyil.

Lalə Dadaşova məhz hakim Tərlan Əkbərovun əməllərindən və keçmiş əri Araz Dadaşovun dələduzluğundan üz tutub KİV-ə…

Bizim isə Qafqaz Xəbər Agentliyi olaraq borcumuzdur ki, vətəndaşın şikayətini ictimailəşdirək və müvafiq dövlət orqanlarına çatdıraq.

Bütün bunlardan sonra Araz Dadaşov keçmiş həyat yoldaşı Lalə Dadaşova, onun qardaşı Ruslan Məmmədov və müraciəti dərc edən “Qafqaz Xəbər Agentliyi”nə qarşı Xəzər rayon məhkəməsində “şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyana” görə iddia qaldıraraq 100 (yüz) min manat təzminat tələb etmişdir.

Bax, atalar bu yerdə deyib ki, oğru elə bağırdı ki…

Əmlakın əlindən alınsın… 4 uşaqla evdən atıl… hakimin ədalətsiz qərarı ilə üz-üzə qal… və sonda səni guya şərəf və ləyaqəti alçaltmağa görə məhkəməyə versinlər…

Və ən absurd və məntiqsiz olan odur ki, Araz Dadaşovun iddia ərizəsinə yenə hakim Tərlan Əkbərov baxacaq.

Görəsən, Araz Dadaşovun iddia ərizəsini hakim Tərlan Əkbərova həvalə edən Xəzər rayon məhkəməsinin sədri nə düşünüb?

Bəs hakim Tərlan Əkbərov bu işi öz icraatına necə qəbul edib..?

Axı, bu işi başqa bir hakimə də həvalə etmək olardı..

Yəni bunların başı bu qədər piylənib..?

Gözləri bu qədər tutulub..?

Axı, hakim Tərlan Əkbərovun qərarından və keçmiş ərinin əməllərindən narazı qalan Lalə Dadaşova mətbuata üz tutub. Və onun yazdıqlarını təhqir hesab edərək Araz Dadaşov məhkəməyə müraciət edib.

Yəni bu şikayətin mənbəyi Tərlan Əkbərovun qəbul etdiyi qərardır.

Onda ortaya sual çıxır: hakim Tərlan Əkbərov öz qəbul etdiyi qərarı özü ləğv edə bilərmi..?

Əlbəttə, yox. Deməli, bu dəfə də Tərlan Əkbərov Araz Dadaşovun iddiasını təmin etməyə məcburdur. Həm də hakim gözükölgəlidir axı.

Bəlkə də dünya məhkəmə tarixində rast gəlinməyən bir hal baş verəcək.

Bütün bunlar öz yerində hakim Tərlan Əkbərovun bəzi hərəkətləri az qala lətifə mövzusuna çevrilib.

Hakim Tərlan Əkbərov vəkilə deyir ki, məhkəmə prosesində biz düşmənik, ancaq marketdə qardaşıq. Deyəsən qardaş – əxi məsələsi hakimi yaman məftun edib.

Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərovla marketdə təsadüfən görüşən Lalə Dadaşovanın vəkili İlqar Əliyev qafqaznews.az saytının redaksiyasına bunları deyib: Təsadüfən marketdə Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərovla görüşdüm. O mənə öz oğlunu təqdim etdi və bildirdi ki, məhkəmə prosesində biz düşmənik, ancaq marketdə qardaşıq. Gəlin, cənab vəkil, mən sizə marketdə qulluq edim. Vəkil təəccüblənib ki, görəsən hakimin aylıq əmək haqqı nəqədərdi ki, o marketdə mənimlə görüşərək mənə qulluq etməyə çalışır.

Bundan sonra İlqar Əliyev qafqaznews.az saytına söyləyib ki, Tərlan Əkbərov onu oğlu ilə tanış edib və bildirb ki, onun çıxartdığı qətnamələri oğlu yazır və gələcəkdə atası kimi hakim olmaq arzusundadır.

Biz Tərlan Əkbərovun oğlunun gələcəkdə hakim olmasının əleyhinə deyilik. Amma kaş ki, haqq-ədalət məsələsində oğul Əkbərov ata Əkbərova oxşamasın.

Hakim Tərlan Əkbərovun lətifəyə çevrilmiş bir hərəkətini də vəkil danışır.

Deməli, hakim Əkbərov guya vəkillərə hüquq dərsi keçir. Və deyir ki, məhkəmə prosesində mənim snayper tüfəngim doludur, sizin tüfənginizin isə gülləsi boşdur. Ona görə də mən sərrast vura bilirəm, siz vəkillər isə göyə atırsınız.

Bəli, hakim az qala lətifə obyektinə çevrilib.

Amma bizi bir məsələ maraqlandırır.

Hakim Tərlan Əkbərovun snayper tüfəngini kim doldurub?

Bəlkə, Araz Dadaşov..

Yəqin ki, bütün bunlara yaxın vaxtlarda Azərbaycan hüquq-mühafizə orqanları aydınlıq gətirəcək.

Amma Tərlan Əkbərova deyirik ki, Akif Çovdarov da bir vaxtlar xeyli məhkəmə hakiminin tüfəngini doldurmuşdu. Ona görə də bir az səbr edək. Zaman hər şeyi yoluna qoyacaq.

Mahmud Rasimoğlu

Qafqaznews.az

Mövzu ilə bağlı linklər: 

“Notarius vəzifə cinayəti edib”

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir – VİDEO

Baş Notariat idarəsi istintaqı ifşa etdi..?


“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius məsuliyyətə cəlb olunmalıdır”

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”

Prokurorluq notariusa havadarlıq edir..?

4 uşaq anası təhlükəli Azərbacan vəhabiləri ilə bağlı Prezidentə ŞOK müraciət etdi

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir -VİDEO

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR