İran parlamentinə hücum edənlərdən biri özünü partladıb
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.
“Kamikadze İran parlamentinin dördüncü mərtəbəsində özünü partladıb”, – Mehr agentliyinin Twitter səhifəsində bildirilib.
Ölənlər və yaralananlar haqqında məlumat yoxdur.
12:18
İran Parlamentində atışma zamanı yeddi nəfər ölüb, daha dörd nəfər girov götürülüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə TASNİM agentliyi məlumat yayıb.
11:50
İran parlamentinə silahlı hücum edən dörd nəfər saxlanılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Müxtəlif versiyalara görə, hücum edənlərdən biri kamikadze olub, onu təhlükəsizlik xidmətinin əməkdaşları mühasirəyə alıblar.
TASNİM-in yaydığı məlumata görə, parlamentdə baş verən atışmanın iştirakçılarından biri binanı tərk edərək küçədə atəş açıb.
11:30
İran parlamentinə hücum edən dörd nəfər mühasirəyə alınıb.
Oxu.Az bu barədə İSNA-ya istinadən xəbər verir.
Agentliyin məlumatına görə, kimliyi hələ müəyyən edilməyən dörd silahlı şəxs yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 10:00) parlamentə hücum edib və mühafizə əməkdaşlarına atəş açıblar.
Hazırda hücum edən şəxslər parlament dəftərxanasında mühasirəyə alınıblar, onların saxlanılması üzrə əməliyyat aparılır.
10:46
İran parlamentinə hücum zamanı yaralanan təhlükəsizlik xidmətinin əməkdaşı ölüb.
Oxu.Az bu barədə Mehr-ə istinadən xəbər verir.
Məlumata görə, hücum edənlərdən biri saxlanılıb.
10:39
İran Parlamentində atışma davam edir, girov götürülüb.
Oxu.Az Tasnim-ə istinadən xəbər verir ki, üç naməlum şəxs “Kalaşnikov” avtomatlarından və tapançadan atəş açıblar.
İlkin məlumata görə, üç nəfər yaralanıb, yaralananlardan biri təhlükəsizlik xidmətinin əməkdaşıdır.
10:24
İran parlamentində baş verən atışma nəticəsində ən azı iki nəfər yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi “Twitter” səhifəsində məlumat yayıb.