“QASİD”in direktor müavini Ağəli İsmayılovda 1 milyon dollar haradandır ?

Bu yaxınlarda NUH.az saytı olaraq  sahibkar  Zahid Aslanlının  məhkəmə hakimlərinin  qanunsuz  hərəkətləri  barədə Birinci Vitse-Prezident xanım M.Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab R.Mehdiyevə, Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova, Ali Məhkəmənin sədri cənab R.Rzayevə və Kütləvi İnformasiya Vasitələrinə müraciətini dərc etmişdik.

Müraciətin digər  dertallarını hələ ki  bir kənara qoyaraq  bir məsələ üzərində xüsusi  dayanmaq istəyirəm.

Sahibkarın müraciətindən bəlli olur ki, 2013-cü ildə  “QASİD”  firmasının direktor müavini Ağəli İsmayılov  Zahid Aslanlıya 1.000.000  ( 1 milyon dollar ) verərək onun sahibi olduğu  “Dan Ulduzu” şadlıq sarayına  şərik-ortaq olmaq istədiyini bildirib.

Tərəflər  şadlıq sarayının ümumi dəyərinin  5.700.000  ( 5 milyon yeddi yüz min ) dollar  olmasını razılaşıblar. Və Ağəli  İsmayılov  1 milyon  dolları  verəndən sonra  qalan pulu, yəni 2.750.000  ( 2 milyon  7 yüz  50 min ) dolları Zahid  Aslanlıya ödəməkdən imtina edib. Və məsələ məhkəmə çəkişməsinə çevrilib.

Yuxarıda qeyd etdiyim kimi məni hələ ki məhkəmənin qətnamələri, kimin haqlı, kimin haqsız olması deyil…məhz bir məsələ maraqlandırır: “QASİD”  mətbuat yayımı firmasının direktor müavini Ağəli İsmayılovda 1.000.000  ( 1 milyon dollar ) haradan ola bilərdi…?

Axı, hörmətli Ağəli müəllim biznesmen deyil, iş adamı, sahibkar, fermer  deyil. Adi mətbuat yayım firmasında direktor müavinidir və konkret məbləğdə əmək haqqı alır. Bu adamda 1 milyon dollar haradan ola bilər..?

Bəlkə, Ağəli müəllim xəzinə tapıb..?

Bəlkə babasından  “qızıl küp” qalıb..?

Bəlkə, Ağəli müəllim hansısa kəşf edib, patent qazanıb, ixtira edib..?

Hətta bunlar da  1 milyon dollar üçün bəs etmir.

Axı, hamı bilir ki, uzun illər QASİD mətbuat yayımı qəzetlərin satışından  5-10 qəpik pul əldə edib.

Bəs 1 milyon dollar haradandır..?

Əgər Ağəli müəllim QASİD-dən 1 milyon dollar qazanıbsa, onda QASİD-in  “xozeyni”   seyyid övladı hacı, millət vəkili  Mirkazım müəllim Kazımov nələr qazanıb..?

Bu pulun mənbəyi nədir..?

Bu yerdə adamın yadına MTN generallarının məhkəməsi düşür…

Yahu, belə ölkə olmaz ee…Bir gün bunun haqq-hesabı sorulacaq.

Bu pulları sizlər harada qazanmısınız..?

Dövlətə bu illərdə nə qədər vergi ödəmisiniz..?

Bu pullar bəlkə babanızdan qalıb..?

Axı, sizin babalarınızın ən yaxşı halda 2 eşşəyi, 5-10 qoyunu-keçisi olub..

Bəlkə xəzinə tapmısınız..?

Bu pullar hamısı oğurluqdur ee…

Yazının bu yerində yadıma  Metropolitenin keçmiş rəisi T.Əhmədovun məsələsi düşdü.

Tağı Əhmədov  istintaqda bildirir ki, keçmiş MTN generalı Akif Çovdarov  hədə-qorxu yolu ilə ondan 3 milyon dollar alıb.

Müstəntiq  Tağı Əhmədovdan  “Siz 3 milyon dolları  necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?”  sualına Metro rəisi  belə cavab verib: “40 illik əmək haqqımdı, yığıb saxlamışdım”.

Tağı Əhmədovdan soruşan yoxdur ki, sənin 40 illik əmək fəaliyyətinin (  40 х 12 = 480  ay ) böyük hissəsi  sovet dövründə  olub və o vaxt   500 manatdan artıq maaş olmurdu. Lap fərz edək ki, Tağı Əhmədov 1000 manat maaş alıb. Bütün bunları hesablayanda ( 480 ay х 1000 = 480.000 ) …heç yarım milyon etmir. Bəs, yerdə qalan  2 milyon  500 min dolları hara yazaq, ay Tağı Sadiq..?

Görəsən, bu 40 il  ərzində Tağı Əhmədov nə yeyib, nə içib, nə geyib..?

Bəlkə 40 il ərzində Tağı Əhmədov əyninə əncir yarpağı geyib..?

Hətta əncir yarpağı  geysə  belə,  3 milyion dolları hesablamaq olmur.

Tağı müəllim, həmişə deyirsiniz ki, kinoya getməyə 20 qəpik tapmırdım.

Bəs nə baş verdi? Möcüzə oldu, dönüb milyonçu oldun..?

Eynu sualları  Ağəli müəllimə də vermək olar.

Haradandır sizdə 1 milyon dollar, ay Ağəli müəllim..?

Bəxtiniz orda gətirib ki, bu gün ölkədə elementar məhkəmə sistemi yoxdur.

Yoxsa bütün bu sualları sizə məhkəmədə ünvanlayardılar.

Sonda, mən hörmətli Tağı müəllimə də, Ağəli müəllimə də  demək istəyirəm ki, mən sizin pullarınızı saymaq fikrində deyiləm.

Bu yerdə böyük türk şairi Nazim Hikmətlə bağlı bir hadisə yadıma düşür.

Kommunist olduğu üçün Türkiyədə izlənən Nazim Hikməti bir gün jandarma yaxalayır. Və görürlər ki, şair yumşaq yataqda dincəlir. Jandarma soruşur: “Paşa nəvəsi, üzv olduğun kommunist firqəsi bərabərlikdən danışır…bəs sən burda yumşaq, təmiz yataqda dincəlirsən, firqədaşlarını isə  həbsxanalarda bit-birə basıb yeyir”…

Nazim Hikməti deyir ki, cənab komutan, mən bit-birənin bərabərliyindən deyil, zənginliyin bərabərliyindən danışıram və istəyirəm ki, hamımız zəngin olaq…

Bəli, Tağı müəllim, Ağəli müəllim!

Mən sizin pullarınızı saymaq fikrində deyiləm. Və çox istəyirəm ki, insanlarımızın hamısı zəngin olsun.

Amma bu zənginlik halal yolla olmalıdır. Oğurluq, quldurluq yolu ilə deyil.

Çünki Akif Çovdarovların, Hacı Məmmədovların, Əli Abbasovların, Eldar Mahmudovların timsalında Azərbaycan cəmiyyəti gördü ki, oğurluğun və q…yin müddəti 40 gündən çox çəkmir.

Cənab Tağı Əhmədov və Ağəli İsmayılov!

Yaxşı olardı ki, bu sualları sizə ölkə baçısı möhtərəm İlham Əliyev cənabları versin: Sizdə bu milyonlar haradandır..?

İndi  sürət əsridir. Pis əməllərin ömrü 40 gün də çəkmir.

Ona görə də çalışın, hələ ki gec bu pis əməllərdən çəkinin.

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR