Bir müddət əvvəl Gununsesi.info saytında “Gununsesi.info-nun elektron poçtuna “North West” şirkəti ilə bağlı şikayət daxil olub” başlıqlı yazı dərc olunmuşdu.
Yazı 20-yə yaxın fəhlənin müraciətindən bəhs edirdi. Müraciətdə deyilirdi: “Biz aşağıda imza edən şəxslər 2015-ci ildə Gəncə şəhərində tikintisinə start verilən “North West” şirkətinin “Ganja Mall” tikinti layihəsində işə başlamışıq. İki ildən artıqdır ki, fasiləsiz olaraq bu layihədə fəhlə kimi çalışmışıq. Bu illər ərzində heç bir əmək məzuniyyətindən istifadə etməmişik. 2017-ci ilin may ayının son iş həftəsinin sonunda şirkət rəhbərliyi tərəfindən işdən azad olunmağımız barədə bizə məlumat verilib.
2017-ci ilin may ayının 31-də bizim son iş günümüz olub. Şirkət rəhbərliyi tərəfindən əmək müqaviləsinin bağlanması üçün lazım olan sənədlər işçilərdən toplanılıb. Ancaq bu günə kimi biz işçilərlə heç bir əmək müqaviləsi bağlanmayıb. Dəfələrlə kompensasiya almaqla bağlı müraciət etmişik. Ofisdən bizə bildirdilər ki, kompensasiya 6 aydan çox işləyənə 600 manat, 6 aydan az işləyənə 300 manat veriləcək. (Gununsesi.info)
Həqiqətənmi, “North West” şirkəti işçilərlə əmək müqaviləsi bağlamayıb..?
Qafqaz Xəbər Agentliyi olaraq suala cavab almaq üşün “North West”ə müracaiət etdik.
Şirkətin əməkdaşı bizə bildirdi ki, bizim hüquqşünas mütləq sizinlə əlaqə saxlayacaq və sizin suallarınıza cavab verəcəkdir.
Təəssüf ki, şirkətin hüquqşünası bizə zəng etmədi.
Biz məsəslə ilə bağlı Əmək Müfəttişliyi Dövlət Xidmətinin Gəncə şöbəsinin müdiri Xaqani Səfərovdan xahiş etdik ki, gününsesi.info saytının dərc etdiyi məlumata münasibət bildirsin.
O, Qafqaz Xəbər Agentliyinə bildirdi ki, bu informasiya həqiqətə uyğun deyil: “Biz bu məsələ ilə bağlı “North West” şirkətinə müraciət etdik. Baş ofisdən bizə bildirdilər ki, xidmət göstərmək üçün fəhlələrlə müqavilə bağlanılıb. Və onların əmək haqqı tam ödənilib”.
Müxbirimizin “Axı, həmin fəhlələr “North West” şirkətində 2 il işləyiblər” xatırlatmasına Xaqani Səfərovun münasibəti belə oldu: “Xidmət göstərmək üçün müqavilə tez-tez yenilənə bilər. Bizə müəssisələrə getməyə icazə verilmir. Biz fəhlələr müraciət edəndə ancaq müəssisəyə sorğu göndərə bilərik. Biz həmin fəhlələrlə görüşmüşük. Onlar özləri də təsdiq etdilər ki, onlarla xidmət göstərmək müqaviləsi bağlanılıb”.
Şikayətçi fəhlələrdən biri olan Samir Baranov isə Xaqani Səfərovun dediklərini yalan adlandırdı: “Bu yalandır. Bizimlə müqavilə bağlanmayıb”.
Başqa fəhlə Sayad Musayev isə bizə bildirdi ki, şirkət bizimlə müqavilə bağlamayıb və Əmək müfəttişliyinin Gəncə şöbəsinin əməkdaşları ilə görüş olmayıb.
Digər şikayətçi fəhlə Məqsədgəldi Babayev isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, onunla şirkət müqavilə bağlamayıb: “Və Əmək müfəttişliyinin nümayəndələri ilə görüş olmayıb”.
Məsələ ilə bağlı hüquq müdafaiəçisi Mirvari Qəhrəmanlı bizə bildirdi ki, kim Əmək Müfəttişliyi Dövlət Xidmətinə şikayət edirsə, ona deyirlər ki, get məhkəməyə müraciət elə: “Məncə, Əmək müfəttişliyi sahibkarlarla münasibəti korlamaq istəmir”.
Qəhərmanlının fikrincə, Əmək məcəlləsinə görə, əmək qanunvericiliyinin icrasına ictimai nəzarəti Həmkarlar, dövlət nəzarətini isə Əmək müfəttişliyi həyata keçirir: “ Əgər Əmək müfəttişliyi heç bir tədbir görə bilmirsə, şikayətçiləri ancaq məhkəməyə göndərirsə, belə qurum kimə lazımdır?”.
Rəşad Rüstəmov
Kavkaznews.az