Bir neçə gün əvvəl Qafqaznews.az saytı olaraq dərc etdiyimiz “Adə, hambal, gəl ayağımın altında uzan əlim bankomata çatsın” başlıqlı yazıda Beynəlxalq Bankın öz müştərilərinə yaratdığı problemdən bəhs etmişdik.
Qısaca xatırladaq ki, redaksiyamıza Rəfael Maqsudov adlı oxucumuz tərəfindən daxil olan fotodan bəlli olurdu ki, Beynəlxalq bankın müştərisi bankomatdan istifadə etmək üçün ya özü ilə nərdivan gətriməli idi, ya da alpinist olmalı idi. Çünki bankomat elə hündür yerdə quraşdırılıb ki, ora hətta dünyanın ən hündür adamının da əli çata bilməz.
Məqalə dərc olunandan bir neçə gün sonra redaksiyamıza həmin şəxs tərəfindən bankomatın yeni fotosu daxil olub. Və fotodan görünür ki, Beynəlxalq bank öz səhvini düzəldib və müştərilərin bankomata əlinin çatması üçün pilləkən inşa edib.
Əlbəttə, bizim məqsədimiz hansısa bankı, yaxud kimisə qaralamaq deyil. Məqsədimiz vətəndaşlarımız üçün yaradılan süni problemlərin aradan qaldırılmasıdır. Və buna da zaman-zaman nail oluruq.
İstənilən halda öz səhvini aradan qaldırdığı üçün bankın rəhbərliyinə də “sağ ol” deyirik.
Bizə maraqlı mövzu verən diqqətli oxucularımıza da təşəkkür edirik.
Sənan Məmmədli
Qafqaznews.az