Mübaliğəsiz demək olar ki, ötən əsrin ikinci yarısından başlayaraq beynəlxalq münasibətlərin tarixi əsasən ABŞ-SSRİ, daha sonra isə ABŞ – Rusiya münasibətlərinin tarixi olub.
Əlbəttə, geosiyasi müstəvidə İran və Şimali Koreya, keçmiş İraq və Cənubi Amerikanın bəzi avtoritar rejimləri kimi dövlətlər də olub və indi də var.
Amma ABŞ, bütün Qərb dünyası bu illər ərzində daha çox Rusiyadan çəkinib və bu gün də onu özünün milli təhlükəsizliyi üçün əsas problem hesab edir, hərçənd ki, burada bəzi vacib məqamları qeyd etməyə dəyər.
Ən birincisi, Rusiya artıq əvvəlki dövrlərdə olduğu kimi qlobal alternativ ideyanın daşıyıcısı deyil. SSRİ-dən fərqli olaraq o, özünün siyasi və iqtisadi modelini başqa müstəvilərə proyeksiya etmək əzmində deyil. Əlbəttə, Rusiyada bu gün də belə hesab edirlər ki, onların fərqli inkişaf və siyasi həyat fəlsəfələri olmalıdır. Guya başqa xalqları özünün çətiri altına qovan Qərbdən fəqrli olaraq Moskva kiçik xalqların sanki qurtuluş və azadlıq nicatıdır. Halbuki başqalarına azadlıq vəd edən bu ölkə özü heç vaxt onun nə olduğunu bilməyib və demək olar ki, 1861-ci ilə qədər quldarlıq quruluşunda yaşayıb.
Nə qədər qəribə olsa da, ən azı kəndlilər hətta sovet dövründə də qul kimi yaşamaqda davam etdilər. Hərçənd, sosializmin ideoloqları belə hesab edirdilər ki, çar Rusiyası xalqlar həbsxanasıdır, amma özləri belə bir həbsxananın ən nəhəngini qurub başa gətirdilər…
İkincisi, Rusiyanın iqtisadi resursları onun geosiyasi ambisiyalarına qətiyyən adekavt deyil. Rusiyanın iqtisadiyyatı hətta ABŞ-ın bir ştatı – Kaliforniya ilə müqayisəyə gəlmir. ABŞ-ın hətta hərbi büdcəsi Rusiyanın total büdcəsindən bir neçə dəfə artıqdır. NATO müstəvisilə bağlı, ümumiyyətlə, susmaq lazımdır – hətta İtaliya iqtisadiyyatı Rusiya üçün əlçatmaz bir hədəfdir.
Bəs axı onda problem nədədir? Niyə hamı ABŞ-Rusiya dialoqunun izləyir? Burada bir daha qeyd edək ki, Rusiya prezidentinin sözçüsü D.Peskov bu günlərdə bəyan etdi ki, prezidentlərin görüşü haqqında hələ bir qərar qəbul olunmayıb.
ABŞ və Qərb dövlətləri özlərinin individual və ya kollektiv doktrinalarında Rusiyanı fövqəldövlət yox, araqarışdıran, münaqişə yaradan bir ölkə kimi qeyd edirlər.
Öz tərəfimizdən onu da qeyd edək ki, Rusiya hazırda bəlkə yeganə ölkədir ki, digər dövlətlərə qarşı kiber-hücumlar, kiber-təxribatlar təşkil edir. Rusiya silahlı qüvvələrinin tərkibində hətta müvafiq kiber bölmələr də var.
Aydın məsələdir ki, bu məqamlar nəzarətdən kənarda qala bilməz. Üstəlik, bəzi analitiklər belə hesab edirdi ki, SSRİ-nin süqutundan sonra NATO da Varşava paktı kimi buraxılmalı idi – guya ki, yad planetlilərin Yerə hücumunu çıxmaqla NATO-nun həll edəcəyi problem qalmayıb.
Əlbəttə, bu çox səthi və tələsik nəticədir. Dünya hələ yetərincə qorunmur və Rusiya da ambisiyalarını heç də gizlətmir, Moskva bu gün də dünya hegemonluğuna can atır. Üstəgəl, bunu çox məharətlə edir – sovetlərin vaxtından fərqli olaraq silahlanma yarışına girmir, çünki bilir ki, yenə də uduza bilər. O daha modern taktika və strategiyadan istifadə edir ki, bunun birini, kiber-müharibəni artıq qeyd etmişik.
Odur ki, Rusiya və ABŞ prezidentlərinə düşünməli-daşınmalı çox məqamlar var. Amma əksər təhlilçilər bu fikirdədir ki, daha bir soyuq müharibə olmadan, yeni Ronald Reyqan olmayınca məsələ “ölü nöqtə” deyilən yerdən tərpənməyəcək, çünki ruslarla dialoqda o vaxt bir nəticə əldə etmək olar ki, dialoq güc və təzyiq mövqeyindən aparılsın…
Hüseynbala Səlimov