QƏDİM TÜRK TAYFALARI: SKİFLƏR VƏ HUNLAR

Skiflər barədə “Qafqaz” Xəbər Agentliyində dərc edilmiş məqalədən sonra araşdırmaları davam etdirərək, skif və hunlar barədə yeni məlumatlar əldə etdiyimizdən, bir daha bu məsələyə qayıtmalı olduq.

Skifologiyanın əsasını qoyan Herodot skiflərin Şimali Qara Dəniz və Azov dənizinin qərb sahilləri ərazilərinə daxil olmalarını e.ə. IX əsrə aid edir. Lakin onların yerli etnik qruplara aid olunması, yaxud gəlmə tayfalar olmaları tam araşdırılmamışdır. Eyni zamanda qeyd olunur ki, yerli kimmeriyalılarla onlar arasında prinsipial fərqlər yoxdur. Onlar eyni ərazilərdə məskunlaşmışlar.

Herodot skiflərin Asiyadan gəlmələrini qeyd etsə də, Asiya sərhədlərinin o dövrdə Don çayından başladığından, bu ərazilərə yaxın məskunlaşan tayfaları da yerli kimi qəbul etmək mümkündür.

I. Skiflər Azərbaycanda

Artıq e.ə. VII əsrdən Skifiya Uzaq Şərqdə Sakit Okeandan Şərqi Avropaya qədər böyük əraziləri əhatə edirdi. Tarixçi Herodot (IV “Tarix” kitabı) qeyd etmişdir ki, skiflər əvvəllər Asiya qitəsində məskunlaşmışlar, VIII əsrdə onların bir qismi Şərqi Avropaya daxil olmuş, e.ə. VII əsrdə isə digər qismi Azərbaycan ərazilərində yerləşmişlər. Qeyd edilən ərazilərdə hələ e.ə. IX əsrdən Azərbaycan dövlətçiliyinin davamı olan Manna dövləti yerləşirdi.

Manna dövləti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ idi. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tuturdu.

Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda – Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqə – Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi, yaşı beş min ildən artıq olan Azərbaycan dövlətçiliyinin davamı olmuşdur. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş quti, lullubi və digər tayfa birliklərinin varisi idi.

Manna dövlətinin şimalında e.ə. VII əsrdə məskunlaşan skiflər oğuz-türk dövləti olan Skif padşahlığı yaradırlar.

Müəllifi Zaur Həsənov olan “Car skifləri” əsərində bildirilir ki, Assuriya çarı Asarxaddinin hakimiyyəti dövrünün yazılarında İşpakayın başçılığı ilə skiflərin Mannaya gəlişi qeyd edilir. Tarixçi İ.M.Dyakonov bu hadisələri e.ə. VII əsrin 70-ci illərinə aid edir. Sonra o Bibliyada müasir Azərbaycan ərazisində (Mannadan şimalda) Aş-quz (Aşkenaz) padşahlığının yaranması haqqında qeyd edir. Assuriyalılar onu Aş-quz-ay adlandırırdılar, bu ölkənin digər adı Sakasena idi. Buna əsaslanaraq Anna Komin təsdiq edir ki, uci (uzlar) və unnlar (qunlar) Qafqazda yaşamışlar. Skiflər sonradan Manna ərazilərinə və Anadolunun şərqinə yayılmışlar.

Skif padşahlığı dövləti 150 il mövcud olmuşdur, sonradan burada məskunlaşan skiflər digər Azərbaycan dövlətləri yaratmışlar.

Aparılmış arxeoloji qazıntılar qeyd edilən Azərbaycan ərazilərində Sakaşena (Skif padşahlığı) dövlətinin mövcudluğunu təsdiq etmişdir. Qeyd edilən dövrdə skiflər bütün Asiya və Şərqi Avropa ərazilərində hökmdarlığı edirdilər.

Tarixçi Rəşid ad-Din türk tayfalarının Qərbə daxil olmalarını və türk tarixini e.ə. VII əsrdə aid etmişdir.

Assuriya ətrafında yerləşən dövlətləri hədələdiyi ilə əlaqədar Midiya və Manna Assuriyaya qarşı müqavimət göstərmək məqsədilə skiflərlə ittifaq yaratmaq fikrində olmuşlar. Lakin Assuriya onları qabaqlayaraq skiflərlə ittifaq bağlayır və onlarla qohumluq əlaqələri qurur.

Qeyd etmək lazımdır ki, tarixçi alimlər Z.Bünyadov və Şükürova öz araşdırmalarında e.ə. VII əsrdən hadisələri skiflərə və eyni zamanda oğuz türklərinə aid etmişlər.

Skiflər e.ə. VI əsrdə Midiyaya daxil oldular, döyüşlərdə midiyalılar məğlubiyyətə uğrayırlar. Bunun nəticəsində skiflər bu ərazilərdə hökmranlıq etmişlər.

Sonradan skiflərin bir qismi Şərqi Aralıq dənizi sahillərinə, Suriya və Fələstinə yürüşlər edir, Misiri hədələyirlər. Misir fironu Psametix onlarla münasibət quraraq, şərtləri ilə razılaşır. Elə bu dövrdə skiflərin digər hissəsi Avropada Frakiyanı zəbt edir və Dunay çayının şərq sahillərində möhkəmlənirlər. Roma tarixçisi Pompey Troqun onların bu ərazilərdə nüfuz zahibi olaraq hətta II Filip Makedoniyalı ilə danışıqlar aparmaları haqqında məlumat verir.

II. Massagetlər

Tarixi araşdırmalar göstərir ki, massagetlər qədim oğuz tayfalarından biridir. E.ə. VIII əsrin sonu- VII əsrin əvvəllərində skiflərlə qohum olan massagetlər Azərbaycanda mühüm rol oynamışlar.  

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Mahmud İsmayıl yazır ki, “Sakmasagetlər hələ e.ə. VII əsrdə qədim Azərbaycan ərazisinin böyük hissəsində məskunlaşmışlar”.

Massagetlər Orta Asiyada, Xəzər dənizinin şimalında və cənubda, Şərqi Avropa ərazilərində də yaşaymışlar. “Azərbaycan tarixi” kitabında qeyd olunur ki, “Şimali Azərbaycan əhalisinin bir qismi massaget (maskut) adlandırılırdı. Strabon  qeyd etmişdir ki, skiflərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar.Yunan tarixçisi Herodot hələ 2600 il əvvəl massagetlərdən söhbət açarkən onları heç də bu əraziyə, torpağa gəlmə tayfa adlandırmayıb. Bu nəticəyə gəlirik ki, Azərbaycan massagetlərin əzəli-əbədi yaşayış məskənlərindən biri olmuşdur. Onların bir qismi Abşeron yarımadasında məskunlaşır. “Maştağa” kitabının müəllifi Vəli Həbiboğlu qeyd edir ki, massagetlərin vətəni Azərbaycandır.

Xalq artisti H.Sarabski “Köhnə Bakı” kitabında göstərir ki, “1900-cü ildə Maştağa kəndində əhali üç hissəyə ayrılmışdı: Seyidlər məhəlləsi, Xonxar məhəlləsi, Keçəl məhəlləsi”. V.Həbiboğlunun kitabında göstərilir ki, “xunxar” və yaxud “xonxar” termini hələ orta əsrlərdə Maştağada mövcud olmuş məhəllə adıdır. Bu “qaniçən”, “qantökən” mənasını verir və skif adətlərinə tam uyğundur.

“Maştağa” kitabında qeyd edilir ki, xunxar əhalisi soykökü etibarilə qədim hun türkləridir. Yürüşlər zamanı hunların suları qurtardıqda, özləri ilə götürdükləri bizi atın boyün damarlarına batıraraq onun qanını içər və susuzluqlarını yatırarmışlar.

Xunxar sözü “hun ərləri” deməkdir. Xunxar məhəlləsində yaşayanlar tarixən qədim hun türklərinin nəslini davam etdirənlər olmuşlar.

Maştağanın “Xunxar” (Hunhar) məhəlləsində qədim Cümə məscidi yerləşir, 1813/14-cü illərdə Xunxar məhəlləsinin sakinləri tərəfindən tikilmişdir. Maştağa və Buzovna kəndlərində qədim hun qəbirstanlığının mövcudluğu bu ərazilərin qədim hun-türk tayfalarının məskəni olmasını sübut edir.

III. Hunlar

Tarixdə qeyd edilir ki, hələ e.ə. XII əsrdə hunlar mövcud olmuş, e.ə. VII əsrdən Yin-Şan dağları və onun ətrafındakı ərazilərdə məskunlaşmışlar. Artıq e.ə. IV əsrdə onlar güclü bir qüvvəyə çevrilmişdilər və tayfa birlikləri arasında birləşmə prosesi başlamışdır.

Hunların yurdunda Tyan-Şan dağlarında əvvəllər Metenin qüvvələri dayanırdı. Hun axınları da oradan  başlayardı. Çinlilər oraya ordu göndərir, əraziləri özlərinə qatırlar. Hunlar Qobi səhrasının şimalına qovulur, bu ərazilədə çinlilər müdafiə sədləri, gözətçi qüllələri inşa edirdilər və yeni bir sədd çəkirdilər. Qobi səhrasının şimalında otlar və ağaclar az idi. Ərazi düzənlik, böyük bir hissəsi qum çölü idi. Hunlar məcbur olaraq quraqlıq və qıtlıqdan Çinə qarət üçün daxil olurdular.

Çou (e.ə. 1122-255), Çin (e.ə.255-209 illərdə) və Han sülalələri çağlarında hunlar qorxunc bir qüvvəyə çevrilmişdilər, axın və qərətlərlə qeyd edilən sülalələrin sərhədlərinə daxil olurdular.

Hələ e.ə. 121-ci ildə Çinin qərb qapısı sayılan Qansu əraziləri hunlardan alınır. Çinlilər hunların onların tabeliyinə keçmələri üçün ultimatum verirlər.

E.ə. 96-cı ildə Hun taxtına Huluku xan çıxır və 91-ci ildə boyük Çin ordusunu məğlub edir. İyirmi illik müharibələrdə Çin müvəffəqiyyət əldə edə bilmir.

Hakimiyyətdə olan Çiçi xan e.ə. 49-cu ildə vusunlara qarşı axın edir, sonra Orta və Qərbi Asiyadakı Bu-çieh (uyğurlar) tayfasına və tinqlunq tayfalarını özünə bağlayır. Şimali Asiyadakı qırğız tayvalarına vurduğu zərbə ilə də Qərbi Asiyanı şimaldan cənuba qədər öz əlinə keçirir. Bu tayfalar hunlarla qohum idilər. Sonradan məlum olur ki, Çiçi xanın əsl planı Qərbi Türküstan və Fars ərazilərini tutmaqdan ibarət imiş.

Hunlardan əvvəl Xunnu əhalisi e.ə. III əsrdən eramızın I əsrinə qədər Asiya çöl zonasında mövcud olmuşdur.

E.ə. 220-ci ildə 21 türk tayfasının birləşməsindən Mete xanın başçılığı ilə Böyük Hun İmperiyası yaranır. E.ə. 209-93-cü illərdə bu imperiya müasir Monqolustan sərhədlərindən kənara çıxır. Hunlar ipək yoluna hakim olmaq üçün Çin ilə mübarizə aparırlar.

Bahəddin Ökəlin “Böyük Hun İmperiyası” kitabında Hun-Çin münasibətləri geniş təhlil olunur, burada aşağıdakı məlumatlar verilir.

Çiçi xan Bu-çieh (uyğur), Qırğız (Çienkun) tayfalarını və Tinqlinləri özünə təslim edir. E.ə. 49-cu ildə Çiçi xan qırğızların ölkəsində özünə yurd və paytaxt saldırır, Səmərqənd hökmdarı ilə bu ikinci paytaxtda əlaqələr yaradır.

Çinlilər hunluların qərblə yaxınlaşmasın istəmirdi. E.ə. 8-ci ildə Çin elçi göndərərək hunlardan torpaq istəyir. Monqolların əcdadı buhyanlardan hunlar vergi almağa Çin icazə vermir və münasibətlər korlanır. Çinin Türküstan valisi hunlara sığınır, hunlar  Çinə hücum edir və oranı talan edirlər. E.ə. 46-cı ildən sonra hunların keçmiş kölələri olan sieibi və vuhuan kimi şərqi monqollar hunları sıxaraq qərbə doğru yönəldirlər. Bu dövrdən sonra hunlar gələcəklərini Orta Asiya və  Türküstanda görürlər.

73-cü ildə Çin hunlara qarşı böyük müharibə edir.  Çin Orta Asiyanı almaq istəyir. Beləliklə, hunlar həm monqollar, həm də çinlilər tərəfindən qərbə sıxışdırılırdı. Qərbə köçən hunlar təzə yurdlarını Balxas və Aral arasında qurur və “Güeh-pan” dövləti yaradırlar.

Qərbi Türküstanın şimalına getməyən hunların digər hissəsi Kuça şəhərinin şimalında dövlət yaradırlar. Qaynaqlarda bildirirlir ki, Şimali Hun xaqanlığı qərbə köçdükdən sonra sienbilər onların məskənində yerləşirlər.

IV. Hunlar skiflərin davamçısıdırlar

Dj.B.Bori “Roma imperiyasının tarixi” əsərində bildirir ki, “skif” sözü bütün köçəri xalqlara aid edilir, nəzərə alsaq ki, Atilla öz ətrafına böyük miqdarda köçəri tayfalar yığmışdı, “skif” termini onların adlandırılması üçün qəbulediləndir.

O, qeyd edir ki, hunlar həqiqətən də skif idilər (belə ki, skif sözü romalılarda xalqı tərənnüm etmirdi, bu həyat tərzini müəyyən edirdi), lakin Tomson qeyd edir ki, Priskanın yazıları tarixin klassikasına çevrilən dövrdə, düzənlik köçəriləri  skiflər  artıq “hun” adlandırıldı. Beləliklə, “skif” və “hun” sözləri o dövrün bütün türk-monqol köçəri tayfalarına aid edilirdi.

Araşdırmalardan məlum olur ki, hun, türk, xəzər və peçeneqlər arasında heç bir fərq yox idi, hamı eyni dinə xidmət edir və danışıqları azacıq ləhcələrlə fərqlənən eyni (burada türk) dilində danışırdılar. Burada bir məsələ maraq doğurur. İordan Kasiodora əsaslanaraq hunları xunni və seres adlandırır.

Yunanlar da Çinin sərhədyanı ərazilərində məskunlaşan türkdilli tayfaları ümumilikdə “seres” adlandırırlar. İordan xunları, albanları və seresləri qonşular adlandırır. O qeyd edir ki, Skifiya o qədər uzağa yönəlir ki, hunlar alban və sereslərin ərazilərinə çatırlar.  O yazılarında Avropada yaşayan xunnilərdən başlayaraq, Zaqafqaziyada yaşayan albanları və sonra Asiyada Xəzər dənizinin digər tərəfində yaşayan seresləri eyniləşdirir.

İordan sonra qeyd edir ki, Skifiya geniş və uzaq əraziləri əhatə edərək əvvəllər öz tarixlərində Xəzər dənizi sahillərində məskunlaşan, hazırda Şərqdə məskunlaşan sereslərlə həmsərhəddir.

Buradan aydın olur ki, Çin seresləri öz tarixlərinin əvvəllərində Xəzər sahillərində yaşamışlar, xunlar və albanlar hələ Xəzər dənizinin digər sahillərində yaşasalar da, sereslər şərqə köçmüşlər. Beləliklə, bu qənaətə gəlmək olur ki, sereslər həm hun, həm də albanlarla sıx etnik əlaqələri olmuşdur. Strabon isə qeyd edir ki, albanlar həmin köçəri tayfalardandırlar .

İordan ,“V Tarix” kitabında eyni zamanda Herodot və Rəşid ad-Din qədim dövr oğuzları barədə yazaraq onları bütün türklərin əcdadları adlandırılar. Belə ki, Oğuzların tayfa birlikləri tərkibində bütün türk etnosları qıpçaqlar, karluklar, uyğurlar və s. formalaşmışdır. Avrasiya düzənliklərində məskunlaşan, “Car tayfaları” adlanan böyük ordu ilə hunlar Avropa və Asiyaya yürüş edirlər. Qafqaz dağlarını keçərək onlar Midiyaya və Roma əyalətlərinə daxil olurlar. İlk həmlələrini romalılar dəf edir və onlar cənuba hərəkət edirlər, lakin fars ordusu onlara qarşı vuruşur və qarşısını alır, bir hissəsi Albaniyaya daxil olur və digər hissəsi geri, skif düzənliklərinə üz tutur.

Qərbi Sibirdə yaşayan türk xalqı Telelər 391-ci ildə Tabğaclar tərəfindən tabe edildi, 403-cü ildə onlar  jujanlara tabe oldular. Tele tayfası IV-V əsrlərdə Balxaş gölü ətrafında yaşamışdılar. V əsrdə onlar Aral və Xəzər dənizi arasında dövlət yaratmışdılar (492-ci ildə). 494-496-cı illərdə eftaliltər onların mövcudluğuna son qomuşlar. 552-ci ildə türk xaqlanlığı yaradıldıqda, telelər  həmin dövlətə daxil olmuşlar.

Telelər 556-cı ildə xaqanlığın qərbində məskunlaşırlar. VII-VIII əsrlərdə tokuz-oquz adlanmışlar. Onlar VIII əsrdə Xəzərlərin tərkibinə daxil olmuşlar, qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana daxil olmuşlar.  Onlar jujuanlara qonşu idilər. Jujuan Şimali Çin çöllərində türk dövləti olmuşdur. V əsrdə Xınqandan Altaya qədər xanlıq yaratmışlar, IV-VI əsrlərdə səhnədə olmuşlar.

Hunlar çinlilərə məğlub olduqdan sonra knyaz Aşına 500 ailə ilə jujuanların (avarların) yanına gəlir. Türk qəbilələrinin başçısı Bumın xaqan 552-ci ildə jujuanların üzərinə hücum etdi, onları məğlub edib I Göytürk dövlətini yaratdı. Bundan sonra hunlar türk adlandırıldı.

588-ci ildə bu dövlət parçalandı, II Göytürk (682-744) yarandı, 711-715-ci illərdə qırğız qəbilələrini məğlub etdi, 744-cü ildə isə dağıldı.

Hunlar eramızın hələ I-IV əsrlərində Qafqazda önəmli rol oynamışlar. Onlar xəzərlərlə birlikdə sasanilərlə Bizansa qarşı döyüşmüşlər. 1206-cı ilin I yarısında Çingiz xan bütün türk-monqol tayfalarını yığaraq qədim hunların imperiyasını bərpa etmək fikrinə düşür (e.ə. III əsrdə yaranan Xsiunq-nu) və onları vahid millət kimi birləşdirmək istəyir.

Aydın Kazımov

05.11.2021

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR