“İldə iki dəfə, bəzən isə ildə bir dəfə olur ki, gözəllik üçün pul xərcləyim”

Əməkdar artist Gülüstan Əliyeva Moderator.az-ın suallarını cavablandırıb.

– Gülüstan xanım, pandemiya günlərində sənətinizlə məşğul ol bilirdiniz?

– Əlbəttə ki, məşğul olurdum. Sənət dayanmağı sevmir, gərək daim fəaliyyətdə olasan. Konservatoriyada və teatrda çalışıram, daim məşqlərimiz, tamaşalarımız olur. Bir neçə mahnımız var ki, biri “Şuşaya gedən yol” adlanır. Bir mahnıma klip çəkdirməyi də düşünürəm.

– Gülüstan xanım, siz həqiqətən də baxımlı və gözəl xanımsınız. Gözəlliyinizə çox pul xərcləyirsiniz?

– Bütün qadınlar gözəldir, baxımlıdırlar. Hətta qadınlarımız özlərinə baxmağa borcludurlar. Çünki dünyanı gözəlləşdirən, gözəl göstərən qadınlardır. Qadın həm də qarşı cinsin gözündə gözəl görünməlidir. Deməzdim ki, baxımlı olmağıma çox pul xərcləyirəm. İldə iki dəfə, bəzən isə ildə bir dəfə olur ki, gözəllik üçün pul xərcləyim.

– Hansı arzunuz hələ ki, həyata keçməyib?

– Arzular bitib-tükənmir, sonsuzdur. Nə qədər ki, arzularımız var, biz də varıq bu həyatda. Arzular bizim gələcək həyatımız üçün aldığımız kreditlərdir. Çox arzularım var ki, əlbəttə ki, həyata keçməyib. Bu arzular həm sənətlə, həm də ailə ilə bağlıdır. Ən böyük arzumuz Qarabağ idi, onu da aldıq. Digər arzular onun yanında çox kiçik görünür və deməyin heç əhəmiyyəti də yoxdur.

– Gülüstan xanım, həyat yoldaşınızın Cəbrayılda dağıdılan məzarını ziyarət etdiniz. İllər sonra həmin torpağa ayaq basdınız. Yoldaşınızın məzarını bərpa edəcəksiniz?

– Əlbəttə, mən artıq bu barədə hazırlıqlar görmüşəm. Cəbrayıla yenidən gedəcəyimiz vaxtı gözləyirik ki, yoldaşımın baş daşını qoyaq. Ona kiçik baş daşı düzəltdirmişəm. Gedib həmin baş daşını məzarına bənd edəcəyik.

– Hansı xatirəni özünüzlə Cəbrayıla apara bildiniz və hansını qəlbinizdə dəfn etdiniz?

– Xatirələr elə ürəyimizdə qalıb, dəfn olunsa yaxşıdır. Çünki belə bir deyim var ki, xatirələr nə qədər gözəl olsa da, acı dadır. Çünki adı xatirədir.

– Daxilən güclü xanımsınız, amma çox həssassınız. Müşahidə etdiklərimiz doğrudur?

– Nə qədər zərif qadın olsaq da, həyat bizi güclü olmaq məcburiyyətində qoyur. Mən də beləyəm. Çünki güclü qadın olmasan ayaqda dura bilməzsən, ona görə də güclü olmaq lazımdır. Hamıya da güclü olmağı arzu edirəm.

– Çətin günlərinizdə ən böyük təsəlliniz nə olub?

– Çətin günlərimdə ən böyük təsəllim ailəm, övladım və sənətim olub, onlar məni yaşadıb.

– Sizcə, gənc xanəndələr və estrada müğənniləri vaxtilə sizin və sizin qəbildən olan sənətkarların keçdikləri çətin, enişli-yoxuşlu yolları keçirlər, yoxsa?..

– Əlbəttə ki, yox! Onlar biz keçdiyimiz çətinlikləri keçməyiblər. Bizim 30 ildə qazandıqlarımıza onlar 3 ayın içərisində nail olublar.

– Ümumiyyətlə, gənclərdə bəyəndiyiniz və bəyənmədiyiniz hansı xüsusiyyətlər var?

– Gənclərdə yaxşı cəhətlər də var. Mən çatışmayan cəhətləri deyəcəyəm. Öyrənməyə az meyl göstərirlər, internetdə boş-boş vaxt keçirirlər, mütaliə etmirlər, söz ehtiyatları çox azdır. Asan qazanc arxasınca çox qaçırlar.

– Sizin qədər etiraf edən sənətkar bəlkə də yoxdur. Etiraf etmək çətin bir hissdir? İnsanlar niyə etiraf etməkdən qorxur?

– Mənim həyatımda baş verən nələrsə digər insanların da həyatında baş verir. Bunu da etiraf etdikdə mən düşünmürəm ki, insanlar qeyri-adi qarşılayırlar. Çünki bu hadisələrdən hamının başına gələ bilər. Camaatdan gizlədilə biləcək bir işi olan insanlar etirafdan hər zaman qaçırlar, ehtiyat edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR