Millimizin sabiq futbolçusu: “Cırtdan dövlətlər də inkişaf elədi, biz isə…”

Təbii ki, ötən gün millimizin Maltaya məğlubiyyəti hər birimizi üzdü. Reytinq baxımından bizdən qat-qat aşağıda olan və inkişaf mərhələsinə yeni qədəm qoyan bir milliyə məğlubiyyət heç kimi razı sala bilməz. Hətta yoldaşlıq matçı olsa belə. Yığmamızın sabiq üzvü Kamal Quliyev də millinin məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunları deyib: “Hər şey göz qabağındadır. Elə oyunlar var ki, nəticəyə oynayacaqsan. Qələbə ruhunu qaytarmaqdan ötrü meydana çıxıb nəticə qazanmalısan. Ola bilsin ki, futbol göstərməyəsən, məşqçinin əvvəlcədən düşündüyü strateji gedişlər, taktiki sxemlər, sistematik oyun meydanda görünməsin. Amma sırf nəticəyə oynayacaqsan, qol vurub qələbə ruhunu saxlayacaqsan. Bu, bəzən komandalara lazım olur. Uzaqlaşan qələbə sevincinin iyini yaxına gətirmək və irəliyə doğru getmək lazımdır”. Quliyev millinin son açıqlanan heyəti ilə bağlı bunları əlavə edib:  “Heyətlə bağlı nəsə deyə bilmərəm. Çünki komandanın içində olan baş məşqçidir. Kimin hazır, nəyə qadir olub-olmadığını o daha yaxşı bilər.  Biz də vaxtilə futbol oynamışıq. Bəzən görürsən ki, futbolçular özlərini naza qoyur. Heyətimiz qısırdır. Ona görə də ən yaxşısını baş məşqçi bilir. Görünən odur ki, potensialımız bundan o tərəfinə imkan vermir”. Sabiq müdafiəçi Maltaya məğlubiyyətin ayıb olduğunu da bildirdi:  “Əlbəttə, ayıb saymaq olar. Hamı, bütün cırtdan dövlətlər də inkişaf elədi, bizdən başqa. Onlar inkişaf baxımından bizi geridə qoydu, biz isə hələ yerimizdə sayırıq”. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR