Ötən gün Rusiyada öldürülən jurnalist və politoloq Darya Duqinanın qatilinin kimliyi açıqlanıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib:
“Qətl Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovna olub. O, iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya gəlib və Duqinanın yaşadığı binada mənzil kirayələyib. Onun haqqında məlumat toplayıb. Onlar qətl günü Duqinanın iştirak etdiyi tədbirdə olublar. Daha sonra onu izləyiblər. Hadisədən sonra şübhəli şəxs qızı ilə birlikdə Estoniyaya keçib”.
Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina ötən gün həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb. Rusiya rəsmiləri hadisənin Ukrayna tərəfindən təşkil olunduğunu bəyan etsə də, Kiyev bu iddiaları yalanlayıb.(modern.az)