Dostlar arasında qanlı dava

Abşeron rayonunda 1980-ci il təvəllüdlü Elnur münaqişə zamanı tanışı Avtandilə xəsarət yetirib.

Teleqraf.com bildirir ki, hadisə ötən il iyulun 21-də baş verib.

İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə ifadə verən Elnur özünü qismən təqsirli bilib. O bildirib ki, 2005-ci ildən Avtandili tanıyır: “Həmin vaxtdan aramızda yoldaşlıq münasibətləri yarandı. Ailəvi bir-birimizin evinə gediş-gəlişimiz vardı. Hadisə günü Avtandilgilə arvadımla getmişdim. Avtandilin içkili idi. Üstümə qışqırdı, borc aldığım pula zamin durduğundan borcu ödəməyimi tələb etdi.

Avtandilin üstümə qışqırmasından əsəbləşdim. Güllərin dibindəki bıçağı götürərək onu vurdum. Bir necə zərbə endirmək imkanım olsa da bunu etmədim. Qardaşım İlkin Avtandili xəstəxanaya apardı. Zərərçəkmiş şəxs bıçaqla vurduğumu Avtandilin həyat yoldaşı da gördü”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunub. O, həmin ifadəsində qeyd edib ki, Avtandil onunla Qobu qəsəbəsində bir yerdə işləyir: “Hadisə günü Avtandil mənə zəng etdi və onun dəvəti ilə həmişə bir yerdə pivə içdiyimiz kafeyə getdik. Hərəmizə bir litr pivə içdik. Avtandil haqqımda pis fikirlər danışıldığını, guya mənim öz dostumun arvadı barəsində xoşagəlməz sözlər dediyimi bildirdi. Buna görə Avtandilə hər kim mənim haqqımda, mənim ünvanıma belə sözlər danışırsa, zəng vuraraq çağırmasını və üzümə deməsini söylədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Avtandil zəng vuraraq onlarla bir yerdə işləyən Rafiqi ora dəvət edib: “Rafiq gəlib bizimlə stolda əyləşdi. Həm Rafiqə, həm də Avtandilə haqqımda, mənim demədiyim sözləri danışan şəxsin ünvanına nalayiq sözlər dedim. Aramızda mübahisə oldu. Səs-küy olmasın deyə Avtandilin təklifi ilə onun Masazır qəsəbəsindəki evinə getdik. Həyətdə mübahisə davam etdi. Lakin dava-dalaş olmadı.

Avtandil guya öz qardaşım arvadı haqqında da nalayiq sözlər işlətdiyimi, bunları arvadımın onun arvadına dediyini bildirdi. Biz ayrıldıq, mən yaşadığım evə getdim. Arvadımdan belə sözlər deyib-demədiyini soruşdum. O, belə sözlər demədiyini bildirdi”.

Elnur bildirib ki, məsələni aydınlaşdırmaq üçün arvadı ilə Avtandilin yaşadığı evə gediblər: “Avtandil həyətdəki taxtın üzərində uzanmışdı. Arvadım Avtandilin arvadından “mən sənə nə vaxt demişəm ki, ərim öz qardaşı arvadının ünvanına pis sözlər danışıb” deyə soruşdu. Arvadım Avtandilin arvadının saçından tutdu və onlar əlbəyaxa oldular.

Avtandil arvadımın qolundan tutaraq onu vurmaq istədi. Ona bildirdim ki, kişisən, gəl, mənimlə söhbət elə, qadına əl qaldırmazlar. Avtandil arvadımı və məni vurmaq istədi. Yerdə gördüyüm bıçağı özümü müdafiə etmək üçün Avtandilin qarın boşluğundan vurdum. Arvadımla birlikdə oradan çıxıb evimizə gəldik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bıçağı özü ilə götürüb, maşınında gizlədib, sonradan onu istintaqa təqdim edib.

Zərərçəkmiş Avtandil isə qeyd edib ki, Elnurun təklifi ilə evinin yaxınlığındakı kafeyə gedib, pivə işiblər: “Elnurun mənə borcu olduğu pulu qaytarmadığına görə aramızda mübahisə oldu. Tanışımız Rafiq də ora gəlib yanımızda oturdu. Səs-küy olmasın deyə Mazasır qəsəbəsindəki həyətimə dəvət etdim. Həyətdə söhbətə davam etdik. Sonra barışaraq, mehribanlıqla ayrıldıq. Onlar getdikdən sonra həyətdəki taxtda yatdım”.

Zərərçəkmiş bildirib ki, saat 19.30-da səsə yuxudan ayılıb: “Elnur və arvadı həyətə gəlmişdi. Tez evə girdim, paltarımı geyindim. Evdən çıxanda Elnurun arvadının arvadıma hücum etdiyini gördüm. Onları aralaşdırdım. Müdaxilə etmək istəyən Elnuru kənara itələdim. Ondan arvadı ilə birlikdə getməsini tələb etdim. Həyətin darvazasına qədər onları apardım.

Geri qayıdıbə evimə tərəf gedərkən Elnur özündə olan bıçaqla arxadan sol böyrək nahiyyəmdən bir dəfə vurdu. Arxaya dönüb Elnura “sən nə etdin” dedim. Elnur və arvadı bizdən getdilər”.

Elnur 6 il müddətinə azadlıqdan məhrum edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR