Ukrayna Prezidenti Volodimir Zelenski yayımladığı videomüraciətdə yeni ilin ilk həftəsində cəbhə xəttində şiddətli toqquşmaların olduğunu bildirib.
Zelenski Luqansk və Donetsk vilayətlərində şiddətli döyüşlərin davam etdiyini bildirib.
Prezident Donetsk cəbhəsində ən ağır toqquşmaların Bəhmut və Soledar şəhərləri istiqamətində baş verdiyini də vurğulayıb.
Rusiya ordusunun intensiv hücum cəhdlərinə baxmayaraq, sözügedən şəhərlərin Ukrayna ordusunun nəzarəti altında olduğuna diqqət çəkən Zelenski bu şəhərlərin cəbhənin ən qanlı yerlərindən biri olduğunu deyib.
Rusiya ordusunu Ukraynada pravoslavların Milad bayramı münasibətilə elan etdiyi 36 saatlıq atəşkəsə əməl etməməkdə günahlandıran Zelenski atəşkəs saatlarında Rusiyanın Kramatorsk və Donbas bölgəsinin digər şəhərlərinə hücumlarının həyata keçirildiyini bildirib.
Rusiyanın sözünə etibar etmədiklərini vurğulayan Zelenski “Rusiyanın diplomatiya və siyasətdə manipulyasiya etmək cəhdləri heç vaxt nəticə verməyəcək” – deyib.
Qeyd edək ki, bu gün Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin olduğunu xatırladan Zelenski əlavə edib ki, 50 ukraynalı əsgər azad edilib və onlar bütün ukraynalı məhbusların vətənə qayıtması üçün işlərini davam etdirəcəklər.