“Aeroportda 1 nəfər “Buta” nümayəndəsi yoxdur” – Bakıya dönə bilməyən bloger

Xəbər verdiyimiz kimi, “Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) – Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikib. 

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

Bildirilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcək.

Həmin reys ilə Bakıya gəlməyə hazırlaşan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas deyib ki, hadisə yerində “Buta Airways”ın əməkdaşları yoxdur: 

“Dağ boyda təyyarə havaya qalxa bilmir. Oturan kimi işıqlar sönür və boşaldılma əmri gəlir. Sual olunur ki, “Buta”nın Embraer təyyarəsinin uçuş öncəsi texniki baxışı necə olub və bu uçuşa icazəni kim verib? Və ən maraqlısı bütün sərnişinlər yenidən Türkiyəyə giriş edir amma 1 nəfər Buta nümayəndəsi yoxdur. Bir nəfər məsuliyyəti üzərinə götürmür və növbəti addımlar haqqında məlumat vermir. Ancaq Aeroport işçiləri və Türkiyə tərəfinin məsul şəxsləri işlə maraqlanır”.

O bildirib ki, oteldə gecələməyə yer yoxdur: 

“Sonra nə baş verir? Otelə gecələməyə getmək lazımdır. Otelə avtobuslarla gəlirik amma bir pis xəbər var. Oteldə otaqlar azdır. Burada ssenarist bizə başqa plan hazırlayıb. 1 nəfər özünə 2 nəfər seçməlidir və birlikdə qalacaqlar. Əks halda havalimanı! Təbii ki, heç kim heç kimlə qalmaq istəməz amma mən seçimimi etdim. Bu gecə “adaya veda edən isimler” məlum olacaq. “AZAL” və Buta isə artıq bu təkrarlanan texniki xətalar ilə bizi qorxudur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR