“Rec-İnvest” MMC -dən prezidentə şikayət olundu

загруженноеRegionların inkişaf etdirilməsi və iqtisadiyyatın yüksəldilməsi baxımından regionlarda həyata keçirilən layihələr zamanı əhalinin maraqlarına zidd olan məqamlara da rast gəlinir. Belə ki, bəzi layihələr zamanı əhalinin torpaq sahələrinə, əmlaklarının ləgv edlməsi zərurəti yaranır ki, bu zaman bəzi məmurların “xidmət”ləri sahəsində neqativ hallar baş verir.

Belə faktlardan biri də Beyləqan rayonunda baş verib. Belə ki, düz iki ildir bu rayonda həyata keçirilən iqtisadi layihə zamanı torpaq sahəsi əlindən alınmaqla əmlakı talan edilən vətən müharibəsi əlili, keçmiş jurnalist Xaqani Rzaquliyev müxtəlif aidiyyatı qurumlara etdiyi rəsmi müraciətlərdən müsbət nəticə əldə edə bilmədiyindən növbəti addım kimi KİV vasitəsilə ölkə Prezidenti İlham Əliyevə müraciət etməyi məcbur olub. Müraciəti olduğu kimi təqdim edirik.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İ.H.ƏLİYEVƏ

Möhtərəm Prezident!

Bildirirəm ki, mən Qarabağ uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olan ilk jurnalistəm. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevə müraciətimiz əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədiylə Beyləqan rayonuun 17 saylı Haramı sahəsindən 50 ha torpaq sahəsi ayrılıb. Uzun illər burada qoyunçuluq, pambıq və taxılçılıqla məşğul olmuşuq. Lakin Nazirlər Kabinetinin 2012-ci aprel ayı, 90s saylı sərəncamını əsas götürən İqtisadiyyat və Sənaye naziri Ş.Mustafayev, Sahibkarlığa Kömək Milli Fondunun sədri Ş.Abdullayev, Beyləqan rayon İcra Hakimiyyəti Başçısı V.Abdullayev, onun müavini T.Məstanov, Torpaq şöbəsinin müdiri R.Pəsiyev heç bir xəbərdarlıq və razılaşma əldə etmədən mənə məxsus sahəni zəbt etmiş və əmlakımı talan etmişlər. Bütün bu qanunsuzluqları guya Sizin göstərişinizlə etdiklərini bütün əhaliyə, mənə dəfələrlə bəyan etmişlər. İlk öncə mənə məxsus torpaq sahəsinin olduğunu inkar edən Beyləqan İH sonra Sahibkarlığa Milli Kömək Fonduna və İqtisadiyyat və Saneyə Nazirliyinə ünvanladığı 29 noyabr 2012-ci il 1/407 saylı məktubla öz səhvlərini etiraf etsələr də, nazirlik mövcud durumla razı olduğu üçün “ötür-ötür” oyunu oynamağa başlayıb. Edilmiş çox saylı rəsmi müraciətlərə laqeyd və qeyri-müəyyən cavablar verilməklə vaxt ötürürlər. İqtisadiyyat və Saneyə Nazirliyi rəsmi məktuba Beyləqan rayon İH sözlərinə əsaslanaraq belə cavab verib: “Beyləqan rayon İH ilə Sizin aranızda bağlanması məqsədiylə hazırlanmış müqavilə imzalandıqdan sonra plastik kartı əldə edə və plastik kartınıza köçürülmüş kompensasiya vəsaitindən müvafiq qaydada istifadə edə bilərsiniz” (№ İİN –x/0 7626/2013).

Mənə məxsus ərazini polis gücünə, xəbərdarlıq etmədən talan edən Beyləqan rayon İH əməkdaşları T.Məstanov, R.Pəsiyev və nazirliyin əməkdaşları mənə məxsus 125 kv.m fermanı, 20 tonluq su qüllə çənini, 2250 metr (3 naqilli) elektrik xəttini, 13 ədəd dəmir – beton elektrik dirəyini, 63 KVA transformator yarımstansiyasını, bir ədəd subartezian quyusuna, 53 ədəd ağacı, 3 keçid və bir dəhnə daxil olmaqla 6350 metrlik baş arxı, dəmir boru su xəttini və s-nin əvəzini 5000 manatla kompensasiya etməyi təklif ediblər. Özü də bu vəsaiti özləri yox, tenderi udmuş MMC-yə ödətdiriblər. Dövlətin milyonlarını perspektivi olmayan bir layihə üçün göylərə sovuran nazirlik əməkdaşları və nazir Ş.Mustafayev 5000 manata sadalanan işlərin həyata kecirdə və əmlakı ala bilərmi?

Özü də dağıdılan əmlaklara qiymətlərin qoyulması heç bir dövlət satınalma qiymətlərinə, yaxud Nazilər Kabinetinin təsdiqlədiyi tariflər əsasında aparılmamışdır. Nazirliyin özünə yaxınlığı ilə tanınan “Rec-İnvest” MMC tərəfindən nazirliyin diqtəsi ilə qoyduğu qiymətlər əhalinin narazılığına səbəb olub. Qonşu Ağcabədi rayonunda subartezian quyusuna 12,5-13 min manat qiymət qoyulduğu halda Beyləqan rayonunda 10-11 min manat təklif edilməsi də təəccüb dogurur. Digər tərəfdən təkcə bu fakt yetərlidir ki, mənim əmlakımı talan edənlər heç artezianın quyusunun yaradılmasının pulunun yarısını da təklif etmirlər.

Bunlardan başqa müxtəlif şəxslərə məxsus əmlakları qiymətləndirərkən şəxsi münasibətlər və ya hansısa maraqlar naminə saxtakarlıqlara, qeyri-obyektivliyə yol verilib. Belə ki, mənim kimi insanların əmlakların məhv etməklə yanaşı, bəzi şəxslərin torpaq sahələrinin həcmi və əmlaklarının sayı süni surətdə şişirdilib.

Möhtərəm Prezident!

Təkcə 2012-ci il təsərrüfat ilində 20 ton taxıl və 92 ton kondisiya edilmiş pambıq istehsal etmişik. İllərcə yaratdığımız strukturları, əlillərin bəhrələndiyi bu ərazini zorla alanlar Sizin tapşırıq və göstərişlərinizə də məhəl qoymadılar. Kompensasiya ifadəsi “əvəzləmə”, “ödəmə” anlamı daşısa da, bunu adlarını çəkdiyim məmurlar hələ də düzgün anlamayıblar.

Möhtərəm prezident!

Biz daim dövlətin və dövlətçiliyin müdafiəsində dayanan insanlarıq. Dövlətin həyata keçirdiyi proqramlar xalqımızın rifahı üçün edilməlidir. Siz dəfərlərlə öz çıxışlarınızda bu sahədə olan neqativ halları tənqid etmiş və xəbərdarlıq etmisiniz. Son çıxışlarınızın birində müharibə əlillərinə, veteranlara və şəhid ailələrinə münasibətinizi bəyan etmisiniz və bir Ali Baş Komandan kimi göstərdiyiniz bu mövqeyi alqışlayırıq. Daim Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Lakin bir çox məmurlar bunu gəlişi gözəl sözlər kimi qarşılayaraq heç nəyə məhəl qoymurlar.

Sizə müraciət edərək inanıram ki, mənə vurulmuş maddi ziyanın düzgün hesablanması və ödənməsinə, yol verilmiş nöqsanların araşdırılmasına və cavabdeh şəxslərin cəzalandırılmasına göstəriş verəcəksiniz.

İmza: Xaqani Rzaquliyev

II qrup Vətən Müharibəsi əlili, jurnalist.

bizimxeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR