Son 20 ildə uşaqlar arasında piylənmə 60%-a qədər artıb

Hazırda dünyada 250 milyondan çox uşaq piylənmədən əziyyət çəkir.

Bunu endokrinoloq Kəmalə Gözəlova deyib. Həkimin sözlərinə görə, bu, çox ciddi göstəricidir:

“Piylənmənin uşaqlar arasında bu qədər çox yayılmasının səbəbi hazırkı dövrdə onların qeyri-düzgün qidalanması, qeyri-aktiv həyat tərzi keçirməkləri ilə bağlıdır. Burada genetik meylliliyin də da rolu var. Belə ki, əgər hər iki valideyn piylənmədən əziyyət çəkirsə, onların uşaqlarının gələcəkdə piylənmədən əziyyət çəkmə ehtimalı 80%, valideynlərdən birinin piylənmədən əziyyət çəkdiyi halda isə həmin valideynlərin uşaqları üçün bu ehtimal 40%-ə qədər enir. Yeni doğulmuş uşaqların süni qidalarla qidalandırılması da gələcəkdə onların piylənmədən əziyyət çəkməsi ilə bağlı riski artırır. Buna görə körpələr ən azı ilk 6 ay ərzində ana südü ilə qidalanmalıdırlar”.

Həkimin sözlərinə görə, uşaqlar arasında piylənmənin bu qədər çox yayılmasının səbəbi tez hazırlanan, paketləndirilmiş qidalardan istifadənin geniş yayılması və daha əlçatan olmasıdır:

“Eyni zamanda uşaqların hazırda fiziki aktivlikləri çox aşağı səviyyədədir. Ona görə uşaqları heç olmasa həftədə 3 dəfə idmanla məşğul olmalıdırlar. Valideynlər uşaqların fiziki aktivliklərinə diqqət etməlidirlər”.

Həkim qeyd edib ki, ümumilikdə 1975-ci ildən 2020-ci ilə qədər piylənmənin rastgəlmə tezliyi 3 dəfəyə qədər artıb:

“2020-ci ildə dünya əhalisinin 119 milyardı artıq çəkidən, bunun 650 milyonu isə piylənmədən əziyyət çəkir. Piylənmənin səbəbləri birincili və ikincili olmaqla iki yerə ayrılır. Piylənmənin geniş yayılmasının səbəbi həyat tərzimizdir. Rahat və oturaq həyat tərzi burada ciddi rol oynayır. Buna görə, inkişaf etmiş ölkələrdə insanlar piylənmədən daha çox əziyyət çəkirlər. Piylənmənin birincili səbəbləri özümüzdən asılı hallarla əlaqələdir. Bu, qidalanma və həyat tərzimizlə bağlıdır. Fəstfud qidalardan, qazlı içkilərdən istifadə, fiziki aktivliyin aşağı olması piylənmə tezliyini artıran amillərdəndir. Piylənmənin ikincili səbəbinə isə genetik, endokrin xəstəliklər, bəzi dərman preparatlarının istifadəsi aiddir”.

Həkim əlavə edib ki, piylənmə bir çox xəstəliklər üçün risk faktorudur və həmin xəstəliklərin bir çoxunda geri dönüş olmur:

“Bütün xəstəliklərdə olduğu kimi piylənmənin də profilaktikası müalicəsindən daha asandır. Piylənmə diaqnozu qoyulmuş şəxslər isə ən azı ildə bir dəfə həkim müayinəsindən keçməlidirlər. Müayinə zamanı birinci, pasiyentin bel çevrəsi, arterial qan təzyiqi ölçülməli, aclıq qan şəkərinə, qanda yağların miqdarına baxılmalıdır. Düzgün qidalanmaqla – rafinə edilmiş karbohidratlardan, trans yağlardan, şirin, qazlı içkilərdən az istifadə etməklə çəkimizi azalda və qaraciyərin yağlanmasının qarşısını almaq mümkündür”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR