Rusiya Avropa ölkələrindəki səfirlik binalarında olan çoxsaylı antenlərdən casusluq üçün istifadə edə bilər.
Qaynarindo xəbər verir ki, bu barədə “Dosye” mərkəzi Delfi (Estoniya), De Tijd (Belçika), Expressen (İsveç), Frontstory (Polşa), ICJK (Slovakiya), LRT (Litva) və VSquare (Mərkəzi Avropa) nəşrləri ilə birlikdə apardığı araşdırmasında yazır.
Materialda qeyd olunur ki, səfirlik binasında antenlərin quraşdırılması adi bir təcrübədir, çünki diplomatlar rəhbərləri ilə təhlükəsiz və sürətli kanallar vasitəsilə əlaqə saxlamalıdırlar, lakin Rusiya diplomatik missiyalarının binalarındakı anten sayları ekspertlərdə suallar yaradır. Jurnalistlər onu da qeyd edirlər ki, antenin görünüşü onun elektron casusluq üçün istifadə edilib-edilmədiyini müəyyən etməyə imkan vermir.
Jurnalistlər peyk görüntülərini öyrəndikdən sonra Rusiyanın Avropadakı səfirliklərinin 39 binasında ən azı 182 görünən anten aşkar ediblər. Ən çoxu Belçikadakı səfirliyin binasındadır (17 anten). Rusiyanın Madrid, Praqa, Belqrad, Lissabon, Sofiya və Nikosiyadakı nümayəndəliklərində ən azı on anten müşahidə edilib. Eyni zamanda, onların real sayı daha çox ola bilər, çünki bütün antenlər kənardan görünmür. Həmçinin, avadanlıq Rusiyanın Litvadakı səfirliyində olduğu kimi yamaclı damın altında gizlənə bilər.
Parabolik antenlər peyk telefon siqnallarını tutmaq üçün istifadə edilə bilər. Belə anten Rusiyanın Belçikadakı səfirliyinin damında quraşdırılıb və jurnalistlərin fikrincə, onun köməyi ilə ruslar “demək olar ki, bütün Qərbi Avropanın danışıqlarına qulaq asa bilərlər”. Əksər Rusiya səfirliklərində yerləşən antenlər, o cümlədən Yagi-Uda antenləri siqnalların qarşısını almağa da imkan verir.
“Biz bilirik ki, məlumatı ələ keçirmək üçün bu cür əməliyyatlar yeni bir şey deyil. Belə əməliyyatlar Soyuq müharibənin əvvəlindən bəri davam edir, təbii ki, bir çox Avropa qurumlarının yerləşdiyi Brüsseldə də. Biz sadəlövh olmamalıyıq, belə şeylər bu gün də baş verir”, – Belçikanın ədliyyə naziri Vincent Van Kukenborn bildirib.
Polşanın hərbi əks-kəşfiyyat xidmətinin keçmiş rəhbəri, general Pyotr Pıtel bildirib ki, Varşavada rusiyalı diplomatların yaşadığı binanın damında texniki kəşfiyyat postları ola bilər. Onun sözlərinə görə, rusiyalılar böyük konteynerin ətrafında kiçik antenlərə bənzəyən belə avadanlıqdan bütün dünyada, xüsusən də xüsusi xidmət orqanlarının yüksək fəallığı olan ölkələrdə – “əsasən öz xüsusi əməliyyatlarını təmin etmək üçün” istifadə edirlər. Frontstory ekspertləri və mənbələri ehtimal edir ki, rusiyalılar Varşavadakı səfirliyin damındakı avadanlıqdan istifadə edərək 30 km-ə qədər radiusda telefon danışıqlarını dinləyirlər.
Jurnalistlər Rusiyanın Polşa, İsveç, Belçika, Çexiya, Almaniya, Bolqarıstan, Rumıniya, Yunanıstan və Portuqaliyadakı diplomatik nümayəndəliklərinin damlarında oxşar konteynerlərə diqqət yetiriblər.
Mərkəzi Avropa ölkələrindən birində keçmiş kəşfiyyatçı araşdırmaçılara bildirib ki, belə avadanlıqla Rusiya mobil telefon rabitəsini ələ keçirə bilər. Onun sözlərinə görə, ölkəsində xüsusi təyinatlılar damda nə dəyişdiyini öyrənmək üçün helikopterlə səfirliyin üzərindən uçublar.
“Agentlikdə, ola bilsin ki, beynəlxalq tərəfdaşlardan məlumat olub ki, orada [konteynerdə] paytaxtda telefon danışıqlarını ələ keçirə və qeyd edə bilən avadanlıq var. Təkcə mobil telefonlardan olan məlumatları deyil, həm də danışıqların özünü. Ruslar artıq 10 il əvvəl bu texnologiyaya sahib idilər; o vaxtdan bu daha da təkmilləşib”, – keçmiş kəşfiyyatçı deyir.
Macarıstanın keçmiş əks-kəşfiyyat rəsmisi təsdiqləyib ki, ən azı öz ölkəsində Rusiya telefon trafikinə nəzarət etməklə etirazları izləyir və “yerli tənqidçilər və Ukrayna qrupları haqqında məlumat toplayır”.
Araşdrımada deyilir ki, FSB səfirlik və digər mühüm obyektlər ətrafında efir aktivliyini izləməklə, tez-tez ratsiya və ya mobil telefonla danışıqlar aparan xarici əks-kəşfiyyatın hərəkətlərini izləyə bilər.
“[2010-cu illərdə] zabitlər tez-tez mobil telefonlarını dəyişməli olublar, çünki bu nömrələrdən hər hansı biri müəyyən edilibsə və səfirliyin yaxınlığında olubsa, o zaman ruslar onların izlənildiyini dəqiq bilirmiş”, – mənbə jurnalistlərə bildirib.
2022-ci ilin əvvəlindən 400-ə yaxın rusiyalı diplomat Avropa ölkələrindən qovulub. Eyni zamanda, Frontstory-nin məlumatına görə, Varşavadan qovulmuş 45 “diplomatdan” 20-si texniki işçi olub, hansılar ki, izləmə və ələ keçirmə avadanlıqlarına texniki xidmət göstəriblər.
Belçikanın ədliyyə naziri bildirib ki, Belçika təhlükəsizlik xidməti bir çox “texniki mütəxəssisləri” arzuolunmaz şəxs elan etməyi tövsiyə edib.
Araşdırmaçılar müəyyən ediblər ki, 2022-ci ildə Rusiya səfirliklərinin ayrı-ayrı ölkələrdəki, o cümlədən Belçika, İsveç və Estoniyadakı səfirlik işçiləri arasında kompüter texnologiyaları və ya radio rabitəsi sahəsində təhsil almış, Rusiya kəşfiyyatında təcrübəsi olan şəxslər də var. İsveç əks-kəşfiyyat bölməsinin rəhbəri Daniel Stenlinq jurnalistlərə təsdiqləyib ki, Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin əhəmiyyətli hissəsi FSB, SVR və QRU da daxil olmaqla kəşfiyyat zabitləridir.
“Dosye” mərkəzi qeyd edir ki, Rusiya Rusiya Federasiyasının sərhədyanı rayonlarında izləmə stansiyalarından, kəşfiyyat gəmilərindən və digər daha gözə çarpmayan avadanlıqlardan istifadə etməklə də kəşfiyyat apara bilər, lakin diplomatik nümayəndəliklərin ərazisi bu məqsədlə daha təhlükəsizdir, çünki diplomatik ərazidən siqnalların qarşısının alınması rəsmən qadağandır.