Gənc soydaşımız İsveçdəki parlament seçkisinə qatılıb – FOTO

27 yaşlı hüquq elmləri namizədi, gənc soydaşımız, Solna bələdiyyəsinin üzvü Fərəc Quliyevlə “Yeni Müsavat” qəzeti üçün müsahibə alınıb. Həmin müsahibəni təqdim edirik.timthumb

– Fərəc bəy özünüz haqqında bir az məlumat verin zəhmət olmasa. Nə zaman harda doğulmusunuz və neçə ildir İsveçdə yaşayırsınız? Siyasətlə nə zamandan məşğulsunuz?

– Mən Fərəc Quliyev 1986 ildə Baki şəhərində anadan olmuşam. On ilə yaxındır ki, ailəmlə birlikdə İsveçdə yaşayıram. Artıq 4 ildir ki, aktiv siyasətlə məşqulam. 2010 ildə  Solna bələdiyyəsinə seçildim, bu il də bildiyiniz kimi  parlament seçkilərində namizədliyimi irəli sürmüşəm. Hal hazırda Stockholm universitetində hüquq fənnindən dərs deyirəm və həm də elmlər namizəiyəm.
– Hansı partiyanı təmsil edirsiniz? Necə oldu ki, siz parlamentə namizədliyinizi verdiniz?
– Yuxarıda qeyd etdiyim kimi mən keçən seçkilərdə bələdiyyəyə namizədliyimi verdim və Sosial Demokrat partiyasından paytaxt Stockholmun ən böyük bələdiyyəsi olan Solna bələdiyyəsinin üzvü seçildim. Niyə məhz Sosial Demokrat Partiyası? Əvvəla ona görə ki, İsveçdə bu partiyanın çox qədim tarixi var. Əsası 1889 cu ildə qoyulmuş solçuluq ideyalarını təlqin edən bu partiyanın əsas qayəsi insanlar arasında bərabərhüquqluluğu təmin etməkdir. Bəzən bizim insanlarımız, xüsusi ilə də keçmiş SSRİ ərazisində yaşamış əhali sosial demokratları kommunistlərlə qarışdırırlar. Əslində adından da göründüyü kimi sosial demokrat ideyası heç də pis ideologiya deyildi; əksinə insanları sosial ədalətə və demokratiyaya dəvət edirdi. Amma sonralar, xüsusi ilə də keçmiş Sovetlər Birliyində bu ideyadan sui istifadə edərək, özlərinin diktatorluq və repressiv hakimiyyətlərini qoruyub saxlamaqçün bir vasitə kimi işlətdilər.
Gələk mənə: Hal hazırda İsveçdə işsizlik və bunun da məntiqi nəticəsi olaraq rasizm günü-gündən artmağa başlayır. Bir məsələnin üstündə xüsusi dayanmaq istəyirəm: Burdakı işsizlik anlayışını nə Azərbaycan nə də keçmiş sovetlər birliyinə aid olan ölkələrlə müqayisə etmək məntiqli olmaz. Burda əgər sən əvvəllər də işləmisənsə işləmədiyin müddətdə maaşının 70-80 faizini ala bilirsən və buna işsizlər kassası (Arbetslöshetskassan) deyilir. Sosial Demokrat partiyasının da bugünkü seçki şüarı həm işsizliyi, həm də rasizmi maksimal dərəcədə azaltmaqdır. Məhz elə bu fikirlərlə də mən əsasən siyasi karyeramı qurmağa başlamışam. Mənim təmsil olunduğum partiya bu ölkəni nefti, qazı olmadan dünyanın ən demokratik və ən varlı ölkəsinə çevirib. Özü də bu tarixə görə çox az müddətdə baş verib. Bilirsiniz ki, İsveç 1920-30 cu illərdə Avropanın ən kasıb və geridə qalmış ölkəsi idi.
– İsveçdə millətçilik hissləri çoxalır, hətta keçən seçkidə sərt sağ təmayüllü və xarici vətəndaşlara qarşı çıxış edən İsveç Demokratları partiyası parlamentdə 6 faiz səs toplaya bildilər. Sizcə bunun səbəbi nədir?
– Millətçilik və rasizmin kökündə işsizlik dayanır. Son illərdə əsasən sahibkarlar işçiləri uzunmüddətli və ya həmişəlik işlə təmin etmirlər. Bunun müxtəlif səbəbləri var əsasən də vergi məsələsidir. Sahibkarlıq vergisi adi işçinin vergisindən qat-qat çoxdur və bu da sosial ədalətin təminatı üçündür. Yuxarıda da qeyd etdiyim kimi, İsveçdə işlərini itirən insanlar da öz keçmiş əmək haqqlarının 80 faizini ala bilirlər ki, bu da çox zaman dolanışığa o qədər də böyük təsir etmir. Amma bunun pis nəticələri də olur və işsiz qalan isveçli bütün günahları xaricidə görür; bizə  –  gəlmələrə qarşı bir antipatiya yaranır. Halbuki, isveçlilərin bəzən getmədiyi bir çox işlərə xaricilər məmnuniyyətlə gedirlər və nəticədə yaxşı yaşayırlar, bu da qısqanclığa və rasizmə gətirib çıxarır. Artıq  səkkiz il hakimiyyətdə olan indiki sağ təmayüllü burjua partiyaları işsizlik problemini həll edə bilmədilər və dediyim kimi, indi İsveçdə kütləvi işsizlik artmaqda davam edir. Ölkəyə indi yeni işçi və sahibkar siyasəti lazımdır. Biz şirkətlərə dövlət hesabına investisiyalar ayırmaq fikrindəyik, müasir təlabatlara uyğun iş yerləri açmaq istəyirik. Bizim güclü gənclər programımız var, fikrimizcə gənclər dərhal yeni iş yerləri ilə və ya təcrübə müddəti ilə təmin olunmalıdırlar. Bizim devizimiz belədir: ”İşsiz qalan gənclər cəmiyyət üçün itkidir”. Elə bu və başqa səbəblər bəzən gəncləri kriminal və rasist ideologialarına yaxınlaşdırır.
– Burda bir çox insanlar xaricilərin bir yerdə İsveç cəmiyyətindən təcrid olunmuş halda yaşamaqlarından və çox vaxt inteqrasiya olmamaqlarından uzun müddət hakimiyyətdə olmuş Social Demokrat partiyasını günahkar sayırlar sizin bu barədə fikrinizi bilmək olarmı?
– Biz indi səkkiz ildir ki, muxalifətdəyik;  amma ondan əvvəl 12 il iqtirdarda olmuşuq. Əlbəttə vaxtı ilə bizim də səhvlərimiz olub bu sahədə və biz heç də o səhvlərimizi boynumuza almağa çəkinmirik. İnteqrasiya heç də asan məsələ deyildir. Təsəvvür edin, insanlar bura müxtəlif ölkələrdən gəliblər özü də hərəsinin öz mentaliteti ayrı-ayrı düşüncə tərzləri, dini – etnik baxışları var. Birdən birə onların alışmadığı bir ölkəyə inteqrasiya olunmasına illər və bəlkə də onillər lazım olur. Təmsil olunduğum partıya tam yeni bir konsepsiya ilə iddia qoyub ortaya. Bizimçün keçmiş siyasət artıq dünəndə qaldı. Ən böyük fikrimiz, amalımız, məqsədimiz işsizliyin aradan qalxmasıdır. Sizi inandırım ki, ən böyük problem işsizlikdir. İşsizlik aradan qalxan kimi integrasiyada heç bir problem olmayacaq.
– Seçicilərə nə vəd edirsiniz? İnsanlar niyə Fərəc Quliyevə səs verməlidirlər?
– Mənimçün ən əsas yeni iş yerlərinin yaradılması, orta, peşə və ümumtəhsil məktəblərinə investisiya ayrılması, yaşayış yerlərini artırmaq  – yəni yeni evlər inşa edilməsini dövlət programına saldırmaqdır. Yuxarıda da dediyim kimi, gənclərin  müasir təhsil sisteminə və marifçilik proqramlarına böyük ehtiyac var. Mənə səs verənlər əmin ola bilərlər ki, bu sadaladığım məsələlərin həyata keçməsində mümkün olan hər şeyi edəcəyəm. Siyasətdə əsas məqsədim başqa ölkələrə örnək olaraq tam, dayanıqlı bir cəmiyyət yaratmaqdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR