Yeni il süfrəsi neçəyə başa gələcək… – (Qiymətlər)

76561_res_01

İqtisadçı-ekspert: “Bayramlarda başqa ölkələrdə endirimlər edilir, bizdə isə yenə əks proses gedir…”

Yeni təqvim ilinin gəlişinə sayılı günlər qaldı. Yeni il sevinc hissləri ilə yanaşı, həm də bəzi məişət qayğıları ilə müşayiət olunur. Bu da əsasən bayram xərcləri ilə bağlıdır. Çünki adi günlərdən fərqli olaraq, bayramlarda xərclər artır.

Bayram qabağı ərzaq bazarında və marketlərdə də xeyli canlanma müşahidə olunur. Yeni il süfrəsini hazırlamaq üçün kimi indidən ərzaq tədarükü görür, kimi isə saatlar qalmış hazırlıq görməyi düşünür.

Amma indidən bazarlıq edənlər çoxluq təşkil edir. Səbəb də digər ölkələrdən fərqli olaraq Azərbaycanda bayramqabağı ərzaqların qiymətinin ceyran belinə qalxmasıdır. Bəs görəsən, bu il bir ailənin yeni il süfrəsi neçəyə başa gələcək?

Təbii ki, bayram süfrələrini təbəqələrə uyğun təsnifləndirmək lazım gəlir – VİP süfrə, ortabab və zəif süfrə. Öncə zəngin, VİP süfrəsindən başlayaq. Yeni il gecəsi zəngin süfrə açmaq nə az nə çox, 800-1000 manat arası pul tələb edir. Bu cür süfrələrdə bahalı meyvələr, xüsusi hazırlanmış fransız-italyan üsulu şirniyyatlar, çoxillik bahalı şərablar, növbənöv kürülər, delikates yeməklər, xaricdən xüsusi gətirilmiş balıqlar və sairə olur. Daha çox italyan mətbəxinə üstünlük verən VİP süfrə sahibləri bu salatlar olmadan süfrəni bitmiş hesab etməzlər. Salatların bir payı üçün çəkilən xərc 30-40 manat arasında dəyişir.

Ortabab, normal süfrədə isə plov, dolma, kabab, 3 cür salat, 3-4 cür meyvə, 1 tort və 2 növ şirniyyat olur. Bu süfrə 4 nəfərlik ailə üçün təxminən 200-300 manata başa gəlir.

Zəif süfrəyə gəlincə, bu süfrələr adi günlərin süfrəsindən sadəcə ət yeməyinin olması ilə fərqlənir. Hesablamalara görə, 4-5 nəfərlik ailə üçün olduqca sadə, dəbdəbədən uzaq bir süfrə açmaq üçün ən azı 50 manatının olması mütləqdir. Beləliklə, azgəlirli 4-5 nəfərlik ailənin bir toyuq, düyü plovu, salat, içki, şirniyyatdan ibarət süfrəsi ortalama 50-60 manata başa gəlir.

Bayramqabağı tələbat olan ərzaqların qiyməti ilə daha yaxından tanış olmaq üçün baş çəkdiyimiz “Yaşıl bazar”da satıcılar bayramqabağı canlanma olduğunu desələr də, alıcıların az məhsul almasından şikayətlənirdilər.

Satıcı Bəhruz Əliyev deyir ki, əhali xarab olmayan məhsulları indidən alır: “Hələ ki elə də bahalaşma yoxdur. Bu həftə sonuna yaxın qiymətlərdə bahalaşma olacaq. Bu da bizdən asılı deyil”.

Bazarda daha çox bahalaşma quru meyvələrdə hiss edilirdi. Belə ki, onların hər birində 1 manata yaxın artım müşahidə etdik: ərik qurusu 6 manat, kişmişin kiloqramı 5-7 manat, şabalıd 4-6, gavalı qurusu isə 5 manata idi. Pomidor 1 manat 50 qəpik-2 manat arası, xiyar 1 manat 40 qəpik, bibər 5 dənəsi bir manat, badımcan 2 manat, alma 1-3 manat arası, portağal 1 manat 50 qəpik, mandarin 2-3 manat, üzüm 2 manata satılırdı.

Qeyd edək ki, balıq ətinin qiymətində nəzərəçarpacaq artım olmasa da, satıcılar kütümün yeni ilə 2-3 gün qalmış 2 dəfə bahalaşdığını deyirlər. Səbəb isə odur ki, cənub bölgəsinin insanları bayram süfrəsinə mütləq kütüm balığından hazırlanmış ləvəngi qoyurlar. Alıcılar isə gəlirlərinin bazara uyğun gəlməməsindən şikayətlənirdilər. Onların sözlərinə görə, aldıqları məvacib bir günlük bazarlığın xərcinə bərabərdir.

Aqşin Mirzəyev müəllim olduğunu və maaşının bir günlük bayram süfrəsinə ancaq yetəcəyini deyir: “150 manat maaş alıram. Qiymətlər də əl yandırır. İndi gəl bu 150 manatla bayram süfrəsi aç və 1 ay dolan görüm necə dolanırsan. Çox çətindir. Heç olmasa, bayramqabağı maaşları artırardılar”.

Alıcı Səidə Məmmədova isə bayram bazarlığı üçün 60 manat ayırdığını dedi: “Bundan artıq xərcləyə bilmərəm. O da hələ ki əsas ərzaqları almamışam. Artıq 30 manatım gedib”.

Marketlərə də baş çəkib salat üçün lazım olan ərzaqların və şirniyyatların qiyməti ilə də maraqlandıq: mayonez 56 qəpik-2 manat 85 qəpik arası, yaşıl noxud 70 qəpik-3 manat arası, düyü 60 qəpik-4 manat 63 qəpik arasında satılırdı. Tortların qiyməti isə 7 manatdan 70 manatadək dəyişirdi.

İqtisadçı-ekspert Samir Əliyev hər il Azərbaycanda bir qayda olaraq qiymətlərdə sıçrayış baş verdiyini bildirdi: “Xarici ölkələrdə bizdən fərqli olaraq bayramqabağı kütləvi şəkildə endirimlər başlayır. Tutaq ki, bu endirim yeni illə bağlıdırsa, noyabr ayından etibarən endirimlər başlayır və insanlar bir qayda olaraq alış-verişi bir qayda olaraq bayram ərəfəsinə saxlayırlar. Endirim kampaniyaları həm geyimlərə, həm də ərzaqlara şamil edilir. Bizdə isə əks proses gedir və bayramqabağı qiymətlər qalxır. Bu da sovet dövründən qalma bir ənənədir. Qiymətlər də ona görə yüksəlir ki, ən kasıb insan belə bayramqabağı bazara üz tutur və nəsə almağa çalışır. Yəni tələbat artır.

Bazar iqtisadiyyatında da tələb və təşviq qiyməti formalaşdırır. Təşviq odur ki, satan çoxdursa, qiymət ucuz olur. Tələb, yəni alan çoxdursa qiymət bahalaşır. Bizdə də hamı bilir ki, tutaq ki, meyvəni, düyünü, əti istənilən ailə alacaq. Deməli, tələbat var. Alıcı çox olduğuna görə də bazarda qiymətləri qaldırırlar. Azərbaycanda bayram ərəfəsində həm qiymətlər, həm də ildən-ilə bayram süfrələrinin dəyəri bahalaşır”. (musavat.com)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR