Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyi olaraq özünü DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı kimi təqdim edən Bəxtiyar Əsədovun əməllərindən bəhs edən yazılar dərc etmişdik. Qısa xatırlatma üçün bildirək ki, saytımıza müraciət edən bir qrup sahibkarı Bəxtiyar Əsədovun gerçək kimliyi maraqlandırırdı. Beləki özünü Baş DYPİ-nin əməkdaşı kimi təqdim edən Bəxtiyar Əsədov sahibkarları DYPİ-nin bınasına dəvət edərək, onlara söz verib ki, sizin böyük tikinti layihələrində iştirakınızı təmin edə bilərəm. Bəxtiyar Əsədov inandırıcı olması üçün sahibkarlara deyib ki, guya özü çalışdığı idarənin rəhbərinin tikinti biznesini idarə edir. Ancaq özünü Baş DYPİ-nin əməkdaşı kimi təqdim edən Bəxtiyar Əsədov “işini görəndən sonra” aradan çıxıb və sahibkarların telefon zənglərinə cavab verməyib. Bəxtiyar Əsədov həm də sahibkarlara deyirmiş ki, idarə rəhbərinin tikinti biznesinə nəzarət etdiyim üçün mənə idarədə iş veriblər. Zərərçəkən sahibkarlar soruşurdu ki, həqiqətənmi, Bəxtiyar Əsədov Baş DYPİ-nin əməkdaşıdır? Onun əməllərindən çalışdığı qurumun rəhbərliyinin xəbəri varmı? Sahibkarlar onları aldadan Bəxtiyar Əsədovun polis mundirində olan fotosunu da redaksiyamıza təqdim etmişdilər. Bəxtiyar Əsədovla bağlı yazılar saytımızda dərc olunadan sonra bir çox qaranlıq mətləblərin üstü açıldı. Məlum oldu ki, bu şəxs həm də bir çox bankları aldadıb. Beləki bu şəxs ona məxsus «Range Rover”i banklardan birinə girov qoyaraq xeyli miqdarda kredit götürüb. Və bankın pulunu qaytarmayıb və girov avtomobili “zapçast” edərək satıb. Əsədov başqa bir banka da “atmaq” istəyib. Ancaq bank ona məxsus mülkü hərracda 84 min manata sataraq banka dəyən zərəri ödətdirib. Bizim bu yazıları yazmaqda məqsədimiz Bəxtiyar Əsədovu “hədəfə” almaq deyildi. Məqsədimiz başqalarının Əsədovun toruna düşməməsi idi. Yuxarıda bəhs etdiyimiz yazılardan xeyli müddət keçib. Amma bu günlərdə Bəxtiyar Əsədovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatda deyilir ki, Bəxtiyar Əsədov yeni biznesə girişib. Hətta Bəxtiyar Əsədov Qobustan rayonunun Mərəzə qəsəbəsində torpaq sahəsi götürərək fermer təsərrufatı ilə məşğul olmaq qərarına gəlib.
Və bu yeni biznesdə özünü peşəkar sayan türk vətandaşı Ergin Koruoğlu adlı birisiylə də ortaq işbirliyi qurmaq istəyir. Sözün qısası, bu cütlük Türkiyənin tanınmış brendi olan “Taksim” şirkətinin adını Sabunçu rayonuna “gətirmək” istəyiblər. Hətta bu məqsədlə Bakıxanov qəsəbəsində yerləşən mədəniyyət sarayı ilə üzbəüz Mehmandarov küçəsində icarəyə yer götürərək obyektə “Taksim” şirkətinin adını vermək istəyiblər. Güya bunun üçün Ergin Koruoğlu “Taksim” markası ilə uzun müddət danışıqlar aparıb. Ancaq sonradan dönərxananın “Taksim” adı Sabunuçu rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən yolverilməz hesab olunub və “Taksim” adı sökülüb. İcra hakimiyyəti həm də dönərxananın “tüstü bacası”nın sakinləri narahat edəcəyini əsas gətirərək “baca”nın bayıra çıxmasına icazə verməyib.
Bəxtiyar Əsədov isə obyektin sahiblərinin yanında pis vəziyyətdə qalmamaq üçün onlara yalan vəd verərək bildirib ki, guya Sabunçu rayon icra hakimiyyətiylə razılıq əldə edib və dönərxana yaxın günlərdə “Taksim” adı ilə fəaliyyət göstərəcək və Türkiyədən “Taksim” brendi ilə stol-stullar və digər ləvazimatlar gələcək…
İndi isə qayıdaq Mərəzə qəsəbəsindəki fermaya… Bəxtiyar Əsədov hər yerdə deyir ki, fermanın torpaq sahəsinin sənədləşdirilməsində 48 saylı notariat kontorun müdiri Səadət Hüseynov ona böyük köməklik edib. Məlumdur ki, 48 saylı notariat kontoru Baş DYPİ-nin binasında yerləşir. Və yuxarıda yazdıqlarımızdan bəllidir ki, Bəxtiyar Əsədov da guya Baş DYPİ-də “çalışır”. Yəni hər iki şəxs bir “dam”ın altında fəaliyyət göstərir. Redaksiyamıza daxil olan digər məlumata görə isə Bəxtiyar Əsədovun yeni biznes ortağı olan Ergin Koruoğlu “Bizim Ət” şirkətinin rəhbəri Şahsuvar Şahsuvarovdan bir neçə il əvvəl Bakıxanov qəsəbəsində işlətdiyi ət dükanı üçün 4 min manat dəyərində ət alsa da, bu günədək pulunu qaytarmayıb. Hər dəfə də Şahsuvar Şahsuvarovu görəndə Ergin qaçıb ondan gizlənir. Son günlər mətbuatda adı neqativ əməllərdə hallanan Bəxtiyar Əsədovla Erginin işbirliyini oxuyan Şahsuvar Şahsuvarov hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.
Şahsuvar Şahsuvarov müxbirimizlə söhbətində bildirdi ki, o istəmir ki, Erginin şərik olduğu obyektdə yenə kimlərisə aldatsınlar, ona görə Erginlə bağlı polisə müraciət etməyə hazırlaşır. Digər məlumata görə isə, Bəxtiyar Əsədov Mərəzə qəsəbəsində fermer təsərrüfatı işlərini qaydaya salmaq üçün uzunmüddətli kredit götürmək istəyir. Ən maraqlısı odur ki, bu işdə vacib olan sənədləşdirmə işlərində ona….
48 saylı notariat kontorunun müdiri Səadət Hüseynovun böyük köməkliyi dəyir. Səadət Hüseynovun “sənədləşdirmə” məsələsində “sehrbaz” olduğunu isə bir müddət əvvəl ölkə mətbuatı açıb ortaya qoydu. …Bəlli oldu ki, Şəki rayonun Daşüz kənd sakini İbrahim Məmmədovun qayınanası, bacanağı, baldızı və həyat yoldaşı üç azyaşlı uşağını da götürərək Suriyaya qaçıb. Ata uşaqların ölkə ərazisindən çıxarılması üçün heç kimə etibarnamə verməyib. Yazılanlardan məlum olur ki, uşaqların dayıları İŞİD-ə qoşularaq Suriyada vuruşur. Ən dəhşətlisi isə o idi ki, mətbuatın yazdığına görə azyaşlı uşaqların anaları ilə birgə dövlət sərhəddimizi keçməsi üçün 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu saxta sənəd hazırlayıb. O vaxt Qafqaz Xəbər Agentliyi olaraq Səadət müəllimə bir neçə sual ünvanlamışdıq. Bizə elə gəlir ki, həmin suallar qüvvəsini itirməyib:
1-cisi, ölkədə onlarla özəl və dövlət notariat kontorları olduğu halda niyə MƏHZ 48 saylı kontorun adı hallanır? 2-cisi, Səadət Hüseynov deyir ki, saxta sənəddəki imza mənə məxsus deyil. Əlbəttə, heç kim saxta sənədə öz imzasını qoymaz, o cümlədən, Səadət Hüseynov da.
3-cüsü, imzanın saxtalığının müəyyən edilməsi çox uzun və mürəkkəb prosesdir. Bunu az vaxtda kim və necə müəyyən elədi..? Həm də söhbət bir deyil, bir neçə imzadan gedir…
4-cüsü, Səadət Hüseynov deyir ki, həmin ailə ilə heç bir yaxın alaqəm yoxdur… Saxta etibarnamə vermək üçün yaxın, ya da qohum olmağa ehtiyac yoxdur.
5-cisi, Səadət Hüseynov deyir ki, “sənədi mənə göstərdilər…sənəddəki imzanın mənə məxsus olmadığını gördülər…”. Görəsən, baxmaqla imzanın saxta olduğuna kim zəmanət verə bilər? Və s… Bizi izləyin.
Sənan Məmmədli
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)