Putin: “Ukrayna ilə heç vaxt müharibə olmayacaq”

84408_res_01Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ilə müharibənin olacağını gözləmək lazım deyil.

“Mən hesab etmirəm ki, belə qiyamət ssenarisi baş verəcək. Ümid edirəm ki, məsələ bu həddə qədər gəlib çatmayacaq” – deyə V.Putin Rusiyanın dövlət televiziyasına müsahibəsində bildirib.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenkonun Krımı qaytarmaq planlarından da söz açıb. Rusiya prezidenti bunu qisasçılıq adlandırıb.

“Hansısa ərazilərin qaytarılmasına gəlincə isə bunlar qisasçılıq xarakteri daşıyan açıqlamalardır. Özü də məsələ hansısa ərazilərin harasa, kiməsə qaytarılmasında deyil” – deyə Putin əlavə edib.

Putin rəsmi Kiyevi belə fikirlərə düşməkdənsə “Ukraynanı normal həyata necə qaytarmaq, ölkənin cənub-şərqli ilə paytaxt və mərkəzi hakimiyyət arasındakı münasibətləri necə yoluna qoymaq, Donbasda yaşayan insanların hüquq və maraqlarını necə təmin etmək barədə düşünməyə” çağırıb.

Rusiya prezidenti Ukraynanın güc strukturlarını da kəskin tənqid edərək onları münaqişəni qızışdırmaqda və böyütməkdə suçlayıb: “Onlar bununla həm öz məğlubiyyətlərinə haqq qazandırmağa, həm də bütün olub-bitənlərə görə günahı Rusiyanın üstünə atmağa cəhd edirlər”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR