“Elita-R” MTK-nın rəhbəri məhkəmənin qərarını saymır

1425366577_11051005_939500099415742_2064661515_nVətəndaş Malik Rəhimovun hüquqlarını pozan Rauf Əliyevin barəsində ciddi tədbir görülməlidir

Kooperativin Qaraçuxur qəsəbəsində tikdiyi binadan iki mənzil alan paytaxt sakini aidiyyəti qurumlardan kömək gözləyir

Hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan bəzi şirkətlərin müştərilərinə kələk gəlməsi, onları aldatması və hüquqlarını pozması adi hala çevrilib. Aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan tikinti şirkətlərinə qarşı mübarizə tədbirləri həyata keçirsələr də, bu sahədə neqativ hallar azalmaq bilmir.

Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi ev 32, mənzil 15 ünvanında yaşayan Rəhimov Malik Mehman oğlunun etibarnamə üzrə nümayəndəsi Əliyev Qadir Qulu oğlu “Elita-R” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyindən, konkret olaraq şirkətin rəhbəri Rauf Əliyevdən şikayətçi olduğunu bildirdi: “Hüquqlarını müdafiə etdiyim Rəhimov Malik Mehman oğlu 14 iyun 2011-ci il tarixdə “Elita-R” MTK-dan iki üç otaqlı mənzil alıb. Mənzillərin qarşılığında şirkətə ümumilikdə 115 478 manat pul ödənilib. Şirkətlə vətəndaş arasında alqı-satqı müqaviləsi bağlanıb. Müqavilədə göstərilir ki, pul yüz faiz ödənilib. Malik Rəhimov mənzilləri satmaq istəyəndə “Elita-R” MTK buna imkan verməyib. Biz isə buna etiraz olaraq müqavilə şərtlərinin sona qədər yerinə yetirilməsinə dair iddia ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə qət etdi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ŞTQ-si məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 104.6 kvadratmetr olan 65 nömrəli mənzil, həmçinin həmin binanın 2-ci blok 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 105.36 kvadratmetr olan 61 nömrəli mənzil Malik Rəhimova verilməlidir. Qətnamə qanuni qüvvəsinə mindi və icra vərəqəsi açıldı. Qərar Nərimanov rayon icra şöbəsi tərəfindən icra olundu. Həmin vaxt mənzillər tam təhvil verilmədiyindən icra şöbəsi qərarı kağız üzərində icra etməli oldu”. Şikayətçinin sözlərinə görə, MTK rəhbərliyi guya qətnaməni almadığı üçün apellyasiya qaydasında şikayət verib: “Prosessual müddətin bərpasına dair ərizə yazdılar. Suraxanı Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi qarşı tərəfin iddiasını təmin etmədi. Amma Ali Məhkəmə tam qanunsuz qərar qəbul etdi ki, iş baxılması üçün yenidən Apellyasiya Məhkəməsinə göndərilsin. “Elita-R” MTK-nın təsisçisi, heç yerdə adı olmayan Rauf Əliyev qətnamənin icrasına mane olur. O vətəndaşın qanuni əldə etdiyi əmlakdan sərbəst şəkildə istifadəsinə əngəl törədir. Hüquqlarını müdafiə etdiyim şəxs bir ətək pul verib şirkətdən iki mənzil alıb. Şirkətin sahibi Rauf Əliyev isə ona qarşı özbaşınalıq edir. Nərimanov icra şöbəsinin böyük icra məmuru Əlirzayev Müşfiq Bəylər oğlu 06.12.2013-cü il tərixdə Suraxanı Rayon Məhkəməsinin 2 (010)-3282 2013 saylı, 04.10.2013-cü il tarixli icra sənədinə baxaraq qərar qəbul edib. Qərarda deyilir ki, “Elita-R” MTK tərəfindən Qaraçuxur qəsəbəsi ŞTQ-si 4048 49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının ikinci blok 13-cü mərtəbəsində yerləşən 61 və 65 saylı mənzillər Rəhimov Malik Mehman oğluna verilməlidir. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun tərtib edilib. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Mövlayev İzzət Əvəz oğlu iddianı qəbul etməyərək bildirdi ki, tərəflərin arasında 2 mənzilin alqı-satqısına dair qüvvədə olan müqavilə olsa da, əslində, iddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra etməyib. Belə ki, əslində, iddiaçının münasibəti “Vaqif oğulları Holdinq” MMC ilə yaranıb. Həmin MMC-nin direktoru Pirvəliyev Vaqif Qiyas oğlu “Elita-R” MTK ilə beton alqı-satqısına dair müqavilə imzalayıb. İddiaçı da MTK-ya Vaqif Pirvəliyev tərəfindən gətirilib. Mənzillərin verilməsinə dair tərəflərin arasında müqavilə bağlansa da, iddiaçı cavabdehə mənzillərin dəyərini ödəməmişdir. Belə olduğu halda iddiaçı sözügedən mənzilləri tələb etmək hüququna malik deyil. Odur ki, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə isə hesab edir ki, cavabdeh müqavilənin 8-ci bəndində nəzərdə tutulan mənzilləri iddiaçıya təhvil verilməsinə dair öhdəliyi icra etməyə borcludur. Lakin şirkət rəhbəri Rauf Əliyev məhkəmənin qərarlarına, eləcə də ölkənin müvafiq qanunlarına saymazlıq göstərir. Sizdən bu məsələni işıqlandırmağınızı, həmçinin aidiyyəti dövlət qurumlarından hüquqlarını müdafiə etdiyim şəxsə öz köməkliklərini göstərmələrini xahiş edirəm”.

“Elita-R” MTK-nın rəhbəri Rauf Əliyevin də mövqeyini dərc edə bilərik.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR