“Təmiz Binəqədi”nin unudulmuş natəmiz küçəsi – Fotolar

15038Bakının Binəqədi qəsəbəsindəki Cəfər Cabbarlı küçəsinin sakinləri yolların bərbad olmasından şikayət edirlər

Sakinlərin sözlərinə görə, küçə uzun zamandır ki, bərbad haldadır. Onlar bu zamana kimi dəfələrlə şikayət etsələr də, vəziyyətin dəyişmədiyini deyirlər.
Qəsəbə sakinlərinin şikayəti əsasında adıçəkilən ünvana yollandıq. Mənzil başına çatmaq üçün 133 nömrəli marşrut avtobusuna mindik. Sakinlərin şikayət etdikləri Cəfər Cabbarlı küçəsinə çatdığımız zaman, avtobusun təkərləri bir neçə dəfə yolun tam ortasındakı çalalara düşməli oldu. Sürücü hər dəfə “Təmiz Binəqədi… Təmiz Binəqədi… Budur təmiz..? 100 metr yerə asfalt çəkə bilmirlər ki, rahat yolumuzu gedək” deyirdi.
Sürücü dediklərində tamamilə haqlı idi. Çünki bir küçəyə asfalt çəkməyi özünə problem edən İcra Hakimiyyəti, “Təmiz Binəqədi”dən necə danışa bilər?
Xülasə… Adıçəkilən küçənin sakinləri ilə görüşdük. Onların dediklərinə görə, bir neçə ay öncə bir küçəyə asfalt çəkilib və hətta həmin küçədəki evlərin qapıları, divarları rənglənib: “Elə düşünməyin ki, nə isə bir iş görürlər, yox… Yaxınlıqdakı məktəbin açılışına prezident gəlməli idi. Buna görə də həmin küçəyə yeni asfalt çəkdilər. Qapıları rənglədilər. Amma onu da tam etmədilər. Ancaq görünən hissəni abadlaşdırdılar. Geridə qalan hissə olduğu kimi qaldı. Diqqətlə baxırdılar. Hansı hissə görünürdüsə, oraya asfalt çəkdilər. Rənglədilər, təmizlədilər. Qalan hissələrə isə toxunmadılar. Dedik ki, “Bəs digər hissələri niyə təmir etmirsiniz?” Cavab belə oldu, “Həmin hissələr görünmür”.
Balaca bir küçədir. Buraya asfalt çəkməyə nə var, axı..? Qonşumuzun maşını onsuz da köhnədir. Bu dərə onu lap dağıdıb. Bizim pulumuz yoxdur. Olsaydı, özümüz pul yığıb, asfalt çəkdirərdik. Bu da onları bəlkə utandırardı. Amma imkanımız yoxdur. Bizim küçəmizin təmir edilməsi üçün gərək buradan prezident keçsin? Nə qədər yalandan bəzək-düzək etmək olar? Heç olmasa, bu yola bir yamaq vursunlar. Buna da razıyıq”.
Sakinlər deyirlər ki, bu, hələ küçənin yaxşı vəziyyətidir: “İki gün qabaq bir az yağış yağdı. Gördüyünüz vəziyyət budur. Qışda, yağışın bol yağan vaxtlarında küçənin bütün suyu həyətə axır. Vedrələrlə su daşıyanlar olur. Çünki kanalizasiya xətləri işləmir. Suyun axıb, gedəcəyi yer yoxdur. Adama pis təsir edən bilirsiniz nədir? Küçənin digər tərəfi tam asfaltdır, bizim isə tərəf bərbad haldadır. Biz adam deyilik? Aidiyyatı qurumlardan xahiş edirik ki, buraya bir əncam çəksinlər”. (musavat.com)
11056843_365878680267925_1080789841_n 10000111_365878683601258_751788496_n 11008846_365878700267923_1457328367_n 11039529_365878693601257_743321772_n 11039590_365878686934591_844612269_n 11040076_365878690267924_1353473537_n 11051049_365878696934590_1558051309_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR