“Kim hansı valyuta ilə kredit götürübsə,..”

elmaaanBaş bankir Milli Məclisdə suallara cavab verdi

Vahid Əhmədov: “Nəyə görə dollar 78 qəpik olanda dollarla alınan kreditlər indi 1 manat 5 qəpiklə ödənməlidir?”;
Milli Məclisin İqtisadi siyasət komitəsinin aprelin 1-də keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi təsdiq edilib.
Komitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib. Modern.az-ın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərik edir.
Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib. İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. E.Rüstəmovun səlahiyyət müddəti bu il aprelin 6-da başa çatır.
Parlamentdəki müzakirələrdə E.Rüstəmov deputatların suallarını cavablandırmalı olub. “Manatın korreksiyasından sonra da valyuta satışı davam edir. Bundan sonra 1 milyarddan çox valyuta satmışıq”, – deyə E.Rüstəmov bildirib.
O, manatın ucuzlaşmasından sonra Azərbaycan cəmiyyətinin etibarını necə bərpa etmək yollarından da söz açıb. Baş bankirin sözlərinə görə, Azərbaycan xalqının inamı hər şeyi açıq danışmaqla, şəffaflıqla bərpa ediləcək. E.Rüstəmov bildirib ki, Azərbaycan dollarlaşma üçün öz valyutasını satmaqdan imtina edə bilməz. O, bugünkü valyutanın yarısının dollarlaşmaya sərf olunduğunu vurğulayıb: “Bu proses hələ ki davam edir. Çox güman ki, aprel-may aylarına qədər davam edəcək”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri E.Rüstəmov deputat Vahid Əhmədovun manatın devalvasiyasının ardından manatla götürülən kreditlərin aqibəti barədə verdiyi sualı da cavablandırıb. “Kim müqavilə ilə hansı valyuta ilə kredit götürübsə, həmin valyuta ilə də geri qaytarmalıdır. Bazar iqtisadiyyatı şəraitində bankların hansı valyuta ilə kredit verməsi onların öz işidir. Onlar öz risklərini özləri müəyyənləşdirir. Biz banklara tövsiyə edirik ki, kreditlərin vaxtını uzatsınlar. Bu bankların da marağındadır”.
E.Rüstəmovun sözlərinə görə, faiz dərəcələri yüksək olan banklar əhali üçün güzəştə getməlidirlər: “Bu proses başlayıb. Yaxın vaxtlarda rübün yekunları əsasında açıqlamalar veriləcək”. Onun bu açıqlaması V.Əhmədovun növbəti sualına səbəb olub: “Nəyə görə dollar 78 qəpik olanda dollarla alınan kreditlər indi 1 manat 5 qəpiklə ödənməlidir?”.
E.Rüstəmov bir daha xatırladıb ki, kredit müqavilədə göstərilən valyuta ilə qaytarılmalıdır. Bununla belə, o bildirib ki, bank müştərinin razılığı olmadan kreditləri dollarla hesablayırsa, bu çox ciddi qanun pozuntusudur: “Belə qanun pozuntuları varsa, siz bunun hamısını bizə göndərin. Bununla bağlı çox ciddi tədbirlər görəcəyik. Amma müqavilə öhdəliyində kreditin manatla və ya dollarla qaytarılması nəzərdə tutulubsa, buna əməl edilməlidir. Kursun isə önəmi yoxdur. Kim krediti hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır”.
E.Rüstəmov onu da əlavə edib ki, ipoteka məbləğlərinin artırılması ilə bağlı hökumətə təkliflər edilib: “Bu həm sosial, həm də kommersiya ipotekalarına aiddir. Biz bununla yanaşı, təklif edirik ki, ucuz tikintilər həyata keçirilsin”.(musavat.com)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR