ABŞ Dövlət Departamenti daha DİN-i fəaliyyətsizlikdə ittiham edə bilməz

siaphoto_468913Milli Məclisin 3 aprel tarixli iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Daxili İşlər nazirinin müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazov deputatlar qarşısında çıxış edərək, ötən müddət ərzində görülən işlər barədə danışıb.
Nazir müavini bildirib ki, son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minə yaxın şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub: “Azərbaycanda 2014-cü ildə insan alveri sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hüquqazidd əməllərin qurbanı olan 52 şəxs müəyyən edilib. Qurbanlardan 38 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilərək hamısına tibbi, psixoloji yardımlar göstərilib, zəruri geyimlə təmin ediliblər. İnsan alverindən zərər çəkmiş 53 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 40 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 24 nəfəri işlə təmin edilib”. (contact.az)
Milli Məclisin üzvü Aydın Abbasov qafqaznews.org-a bildirib ki, parlament bütövlükdə milli koordinatorun insan alveri ilə bağlı hesabatını qənaətbəxş hesab elədi.
Dövlət Departamenti 2013-cü ildə insan alveri hesabatında qeyd edib ki, Azərbaycan insan alverinə – məcburi əməyə və seks trafikinqinə məruz qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkəsi rolunu oynayır: “ Azərbaycanlı kişi və oğlanlar Rusiyada, həmçinin Azərbaycanın özündə məcburi əməyə cəlb olunur. Azərbaycandan olan qızlar və qadınlar həm ölkənin özündə, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, İran və İsveçdə cinsi istismara məruz qalırlar.
Bundan başqa, Türkiyədən, habelə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bəzi miqrant işçilər Azərbaycanda qul əməyinə məcbur edilirlər.
Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir, hərçənd bu sahədə əhəmiyyətli cəhdlər göstərir.
Azərbaycan hesabat dövrü ərzində insan alverinə dair qanunlarına onların beynəlxalq qanunlara uyğunlaşdırılması istiqamətində əlavələr edib. Lakin bununla belə, hökumət məhdud sayda xaricdən olan insan alveri qurbanlarını müəyyənləşdirməklə kifayətlənib” (azeritoday.com). 2013-cü ildən fərqli olaraq 2014-cü ildə Azərbaycan məcburi əməyə cəlb olunması ilə bağlı mübarizə sahəsində ciddi uğurlar əldə edib.
Milli koordinator Vilayət Eyvazov öz hesabatında qeyd edib ki: “ Respublika ərazisində 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb. Bu faktlara görə, 26 nəfər məsuliyyətə cəlb olunub”. (1news.az).

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR