ABŞ-ın Azərbaycandakı yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb

trend_robert_cekuta_mainBakı – 6 aprel 2015-ci il. ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekuta Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.

“AmCham”-dan Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə,“AmCham”ın icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu ABŞ səfirini və işgüzar naharın iştirakçılarını salamlayıb və “AmCham”la ABŞ səfirliyinin davamlı əməkdaşlığından məmnun olduğunu bildirib: “Qürur hissi ilə vurğulamaq istəyirəm ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “AmCham” Azərbaycanda uzun və müvəffəqiyyətli inkişaf yolu keçib. İnanıram ki, cənab Sekutanın diqqəti və dəstəyi nəticəsində üzvlərimizin gözləntilərini doğrultmaqda davam edəcəyik”.

Səfir R. Sekuta palatanın üzvləri qarşısında çıxış nitqində özəl və dövlət sektorları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərindən danışıb: “Azərbaycan və ABŞ, o cümlədən Azərbaycanla dünya ölkələri arasında mövcud olan iqtisadi əlaqələr çox böyük potensiala malikdir. Bizim özəl sənayeyə olan güvənimiz Azərbaycanla əlaqələrimizin hərəkətverici qüvvəsidir”.

Ölkə iqtisadiyyatına təsir edən hadisələr barədə üzvləri daim məlumatlı saxlayan “AmCham” Azərbaycan manatının devalvasiyası ilə bağlı təqdimat keçirmək üçün Gürcüstanın sabiq maliyyə naziri, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçısı Dimitri Qvindadzeni dəvət edib.

Son olaraq Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev səfir R. Sekutaya və ABŞ səfirliyinin rəhbərliyinə “AmCham”la davamlı əməkdaşlığa görə minnətdarlığını bildirib və gələcəkdə potensial ortaq layihələrin həyata keçirilməsi barədə gözləntilərini səsləndirib: “Şirkətlər qarşısında öhdəçiliklərimizi yerinə yetirərkən ABŞ səfirliyi hər zaman yanımızda olub. Əməkdaşlığımızın başlanmasından etibarən daim bizə dəstək olduğunuz üçün bir daha təşəkkür edirəm”.

“AmCham” haqqında:

“AmCham” Azərbaycan – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 290-dan çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. “AmCham” üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR