DSMF: Vətəndaş daha yerli sosial müdafiə orqanına gəlməyəcək

bankomat“Məqsəd vətəndaş-məmur təmaslarını aradan qaldırmaqdır”.

Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin ödənişi avtomatlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev bildirib.

Onun sözlərinə görə, ödənişi avtomatlaşdırılacaq müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləlik və doğum, uşağın anadan olmasına görə birdəfəlik müavinət,  uşağa qulluqla əlaqədar olan müavinət və dəfn üçün müavinətdir.

“Bu müavinətlərin hamısı bu gün bizim əsas tərəfdaşlarımız olan sığorta edənlər, yəni, işəgötürənlər tərəfindən hesablanır. Biz onlardan bütün sənədləri elektron qaydada qəbul etməyi planlaşdırırıq.

İşəgötürənlər müavinətləri özləri təyin edirlər. Bu məqsədlə onlarda müavinətlərin təyin olunması barədə komissiyalar yaradılıb. Bu komissiyaların protokolu ilə təyin olunmuş müavinətlər elektron qaydada, bütün sənədlərlə birlikdə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına ötürülür. Burada isə həmin müavinətlərin avtomatlaşdırılmış qaydada ödənişi həyata keçirilir”, – deyə, o qeyd edib.

Z.Babayev bildirib ki, həyata keçirilən tədbirlərin məqsədi vətəndaş-məmur təmaslarını aradan qaldırmaqdır.

“Vətəndaş daha yerli sosial müdafiə orqanına gəlməyəcək. Misal üçün, avtomatik olaraq sığorta edən nəzərdə tutulan müavinəti protokollaşdırılacaq, sənədləşdiriləcək və Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına təqdim edəcək, qurmun yerli orqanı isə həmin məbləği vətəndaşın kassa hesabına köçürəcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR