“Gəlinim bu cür ailəyə dözməyib getdi”- Xalq artisti

91260İstər yaşlı, istərsə də cavan nəsil onu çox gözəl tanıyır… Ailəsində rastlaşdığı faciələr və çətinliklər içərisində olsa belə, o, bu gün də pis-yaxşı yaşayır. İnsanlara gülüş bəxş edən, öz səmimiyyəti və mehribanlığı ilə seçilən bu qadın, sən demə, rollarını dağ boyda dərdini yaşayaraq yaradıb. Lakin bu hadisələr onu həyatdan küsdürə, bədbinləşdirə bilməyib. Məişət qayğıları, problemləri onu bir an da olsun tərk etmir. Onun üçün amplua deyilən bir çərçivə yoxdur. Amma tamaşaçılar onu daha çox komik obrazlar vasitəsilə seviblər. Müsahibənin qəhrəmanı bədbin həyat içərisində öz nikbinliyi ilə seçilən xalq artisti Nuriyyə Əhmədovadır…

– Nuriyyə xanım, necəsiniz? Həyatınız necə davam edir?

– Çox sağ olun oğlum. Hələ ki, yaşayıram. Yaxşı olmağa çalışıram. Düzdür, hava ilə əlaqədar olaraq səhhətimdə də dəyişikliklər olur. Bəzən yaxşı oluram, bəzən də halım dəyişir. Dava-dərmanla birtəhər özümü saxlayıram. Mən siz jurnalistlərə, məni sevənlərə, sənət yoldaşlarıma təşəkkürümü bildirirəm. Ona görə ki, məni heç biriniz yadınızdan çıxarmırsınız… Elə bir gün yoxdur ki, telefonuma zəng gəlməsin. Təbii ki, bu cür hallar məni çox sevindirir.

– Nuriyyə xanım, şahidi olduğum bir hadisəni sizin yadınıza salacağam… Bir il əvvəl Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində “Nabat” filminə baxarkən ağladığınızı görmüşdüm… O zaman məni təəccübləndirən hal nəhəng komediya aktrisasının göz yaşı tökməsi idi…

– Bəli, yadımdadır. Mən bu filmə baxaraq öz taleyimə ağlayırdım. Çünki mən həyatda çox faciələr görmüşəm. Həyat bəzən üzümə gülüb, bəzən əksinə. Sözün düzünü deyəcəyəm, artıq həyatdan doymuşam. Yaşamağa həvəs və taqətim qalmayıb. Nə vaxta kimi rəfiqələrimin evində məskunlaşmaq olar? Köçkün vəziyyətində yaşayıram. Mən istəmərəm ki, öləndə kiminsə evindən meyitimi çıxarsınlar. Bax bu hal məni yandırır. Mən villa, imarət istəmirəm. Sadəcə, məskunlaşmağım üçün 1 otaqlı mənzil istəyirəm.

Bəzən çox ağrıyıram, hər şeydən bezirəm. Mən axı dünyaya dərd çəkmək üçün gəlməmişəm… (kövrəlir). Yolda hərdən məni görüb soruşular ki, Nuriyyə xanım sizə hələ də ev verilməyib? Deyirəm xeyr, evim yoxdur. Ümid edirəm ki, bu problemim həllini tapacaq. Gec-tez. Amma nə vaxt? Bax bunu bilmirəm. Ev üçün bir çox yerlərə məktub yazıb müraciət də etmişəm. İnanıram ki, müraciətlərim cavabsız qalmayacaq.

– Nuriyyə xanım 46 ildir sənətdəsiniz… Sizin nəsil bir qrup sənətkarlar var ki, bu gün diqqətdən kənarda qalıb. Buna səbəb nədir?

– Oğlum, hal-hazırda keçid dövrüdür. Çünki 21-ci əsrdə yaşayırıq. Bizdən əvvəlki sənətkarlar sənəti bizə ötürüb getdilər, indi isə gərək biz də sənəti kimlərəsə təhvil verək. Əlbəttə ki, gənclərin içində istedadlı olanları da var. Bunu danmaq olmaz. Amma heç vaxt keçmişi yaddan çıxartmaq olmaz. Necə ki, biz keçmişimizi yaşadırıq, istərdim ki, bizdən sonra gələn sənətçilər də bu ənənəni davam etdirsinlər. Çünki mən özümü bu sənətə qurban vermişəm. Mən sənətə Nuriyyə xanım kimi gəlmişəm, Nuriyyə xanım kimi də gedəcəyəm.

– Həyat sizi 2 ağır itki ilə üz-üzə qoydu… Bunlardan sonra necə duruş gətirdiniz? Təsəlliniz nə oldu?

– Başqalarının sevincinə şərik olub, kədərinə kədərlənmişəm. Təbii ki, insan həyatda bütün hadisələrə hazır olmalıdır. Ana üçün övlad itkisindən böyük nə ola bilər? O dərd heç bir zaman unudulmayacaq… Qızımı itirəndən sonra həyatımda böyük bir boşluq yaranmışdı… Sevinmişdim ki, oğlum yaşayır… Onlar həmişə yadıma düşür… Elə bir gün yoxdur ki, onları yadıma salıb ağlamayım. Yeganə yaşama səbəbim kiçik oğlum Faiq və sənətimdir… Allah onu mənə çox görməsin. O, çox istedadlı uşaqdır, həm rəqs edir, həm aktyorluğu bacarır, həm də gözəl ssenarilər yazır.

Əgər aktyorluq onda yaxşı alınacaqsa, mən bir ana kimi ona yalnız dəstək olacağam. Həyatda çətin vaxtlarda yeganə çıxış yolunu ancaq sənətimdə görmüşəm. Məni yaşadan sənətim olub. Ən kədərli günlərimdə belə rollarım məni ovudub. Bir də dostlarım… Yaxşı, həqiqi dost hər kəsə nəsib olmur. Əlimi yerdən-göydən üzülmüş hesab etdiyim günlərimdə dostlarımın dəstəyi fikrimi dağıdıb, məni həyata bağlayıb…

– İnsan taleyi bəzən təkrarlanır…

– Oğlumun taleyi də mənim taleyimə bənzəyirdi… Uşaqları oldu – öldü. Oğul nənəsi olmaq mənə qismət olmadı. Gəlinim isə bu cür ailəyə dözməyib getdi. Gəlinimə qızım kimi baxırdım. O bəxtinə yazılan həyatdan xəbərsiz idi.. Hərçənd oğlum ailə sevən idi. Gərək ailənin də təməli olsun. Allah ona bir ailəni də çox gördü.

– Nuriyyə xanım fikirləşirsinizmi ki, nə vaxtsa etdiyiniz səhvə görə bu gün Allah sizi cəzalandırır?

– Həyatda səhvsiz insan yoxdur. Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Qızımı itirəndən sonra özümü itirdim (kövrəlir). Yəqin hardasa səhvim olub. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam son nəfəsinə kimi aktrisa olmağıma görə məni bağışlamadı. Aktrisa olduğum üçün o vaxtı qohumlarımın çoxusu məndən üz döndərdilər. Mən, əslində, müğənni olmaq istəyirdim. Amma müğənni olmaq da mənə qismət olmadı.

– Bəlkə də, müğənni olsaydınız, bugünkü maddi dolanışığınız yaxşı olardı…

– Maşallah, indi o qədər müğənni var ki. Gündə biri efirdə görünür. Bu suala cavab verə bilmərəm. Artıq yorulmuşam. İnsan həyatda istədiyinə nail olmayanda ölmək istəyir.

– Elə bir obrazınız varmı ki, öz taleyinizi oynamısınız?

– Hər rolumda bir az da olsa, özüm varam. Aktrisa hər rolunda öz mənini göstərməlidir. Bunsuz ola bilməz. Amma təkrar olmamaq şərtilə. Mənə bu gün şəkili qadın obrazı versələr, çəkilmərəm. Çünki mənim yaradıcılığımda bu obraz artıq var. Mən oynamamışam, yaşamışam. Oynamaq anlamı mənə yaddır. “Sahilsiz gecə” filmində əxlaqsız erməni qadını rolunda çəkilmişəm. O vaxtı qonşuluğumuzdakı qadın mənə müharibə zamanında olan əxlaqsız bir xanımın həyatından danışmışdı. Bu rolu oynayanda mən onun dediklərini yadıma salıb oynayırdım. İndi artıq o yaşımdır ki, yalnız faciəvi rollar oynamaq istəyirəm. Amma buna baxmayaraq bu faciədən də bir gülüş doğur. Mənim həyatım elə bir filmdir… İmkanım olsa, öz həyatımdan kitab yazıb, film çəkərdim…

– Nuriyyə xanım sənətdə olan qadınlarla bağlı bəzən şayiələr yayılır. Bu cür şayiələri yaradan səbəblər hansılardır?

– Qadınlar haqqında artıq-əskik danışan insanlara nifrət edirəm. Hər bir qadının namusu kişidən aslıdır. Qadın zərif məxluqdur. Mən Azərbaycan qadını kimi sədaqətli, ailəcanlı qadın görməmişəm. Qadın olmaq həyatda ən çətin roldur. Təbii ki, istəməzdim qadın sənətçilərimiz haqqında bu cür şayiələr yayılsın. Allah hamını təmiz yaradıb. Pisi də, yaxşını da insanlar edir.

– Tamaşaçılar sizin üçün çox darıxıb… Sizin nə vaxt verilişlərdə və yeni filmlərdə görəcəyik?

– Tamaşaçıların mənim üçün darıxdıqlarını bilirəm. Xəbərim var.. Bəzən yolda görüb, məni saatlarla saxladıb söhbət edirlər. Çox xoş oluram, yaşamaq-yaratmaq eşqim aşıb-daşır. Amma oğlumun ili çıxmamış nə filmlərdə çəkiləcəyəm, nədə ki, verilişlərə çıxacağam. Sentyabr ayından sonra, sağlıq olsun, gələn dəvətləri qəbul edib, dəyərləndirəcəyəm. Məni həmişə yada saldığınız üçün sizin kollektivə təşəkkürümü bildirirəm.

Milli.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR