“Atəşgah” Sığorta Şirkəti dəyən ziyanı ödəmək istəmir

1403273656_atesgah sigortasdfgvbh54Suraxanı  rayonu, Əmircan qəsəbəsi, Mədən küçəsi, ev 7 ünvanda yaşayan Bakı şəhər sakini Qocayev Qoca Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət ünvanlayıb. Müraciətin sahibi bildirir ki, ona məxsus olan  “BMW X6”  markalı ,  99  HB 999  dövlət  qeydiyyat  nömrəli avtomobilə 03.06.2014-cü il tarixdə  Heydər Əliyev prospektində baş vermiş  yol-nəqliyyat hadisəsi zamanı  xeyli  zərər dəyib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi akt da tərtib edib.

Zərərçəkən  Qoca Qocayev   “Atəşgah”  şirkəti ilə  bağlanmış 34110064595  saylı  sığorta müqaviləsinə  əsasən ona dəymiş ziyanı  şirkətdən tələb edir.

Ancaq  sığorta şirkətinin Zərərlərin Tənzimlənməsi Departamentinin rəisi Vüqar Süleymanov  heç bir ciddi əsas gətirmədən  müştəriyə ziyanı ödəməkdən imtina edir.

Sığorta şirkətinin zərərçəkənə  ünvanladığı məktubda qeyd olunur ki, hadisə zamanı sükanın arxasında  bizimlə sığorta müqaviləsi  bağlayan  Anar Ələkbərov deyil, siz olmusunuz. Belə olan halda  Qoca Qocayev bildirir ki, mənimlə  Anar Ələkbərov arasında qanuni formada alqı-satqı olub və hadisə baş verən zaman avtomobil mənim mülkiyyətimdə olduğu üçün əlbəttə sükanın arxasında mən olmalıydım.

Əllərində heç bir  arqument olmayan şirkət vəzifəlisi bildirir ki, belə olan halda 5 gün müddətində bizə məlumat verməliydiniz. Qoca Qocayev alqı-satqının hələ 5 gün olmadığını söyləyəndə şirkətin nümayəndəsi yenə bəhanə axtarır.

Bağlanan sığorta  müqaviləsinin 9.1-ci maddəsində göstərilir ki: “Sığorta  müqaviləsi  bağlandıqdan sonra  həmin müqavilənin  qüvvədə  olduğu müddət ərzində sığortalı sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində  bu barədə sığortaçıya yazılı məlumat verməlidir”.

Biz isə “Atəşgah” sığorta şirkətinin rəhbərliyindən soruşuruq ki, hadisə baş verəndə nəinki 5 iş günü, ümumiyyətlə, 5 gün keçməmişdir. Deməli, hər şey qaydasındadır. Sadəcə, siz  müştəriyə dəymiş zərəri ödəmək istəmirsiniz. Belə olan halda çəkişməni məhkəmə həll etməlidir.

Bütün bunlara aydınlıq gətirmək üçün Zərərlərin Tənzimlənməsi Departamentinin rəisi  Vüqar  Süleymanovla ( 4-97-81-82 ) telefon əlaqəsi yaratsaq da onu yerində tapa bilmədik.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Tamerlan Zeynallı

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR