Azərbaycan neftinin qiyməti aşağı düşdü

24320Azərbaycan neftinin qiyməti 100 dollarlıq psixoloji həddən aşağı düşüb.
Dövlət Neft Şirkətindən AzərTac-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,35 dollar ucuzlaşaraq 97,98 dollar təşkil edib.
Qeyd edək ki, dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 100 dollar proqnozlaşdırılıb.
Ümumiyyətlə, dünya bazarlarında neftin qiymətində enmələr müşahidə olunur. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barreli 0,56 dollar ucuzlaşaraq 92,27 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar azalaraq 97,96 dollar olub.
Virtualaz.org xatırladır ki, ekspertlər ucuzlaşmanın davam edəcəyi barədə xəbərdarlıq etmişdilər.
Məsələn, ekspert İlham Şaban hələ ötən həftə demişdi ki, qiymətin enməsində Amerika Birləşmiş Ştatlarının böyük rolu var: “İyul-avqust aylarında ABŞ-da neft hasilatı rekord həcmdə artıb. Son 33 ildə belə artım olmamışdı. Nəticədə ABŞ-a idxal günbəgün azaldı və son 26 ilin minimum həddinə endi. ABŞ-a yönələn neft həcmləri əsasən Avropa bazarına göndərilməyə başladı ki, bu da kəskin ucuzlaşmaya gətirdi”.
Ekspert vurğulamışdı ki, iyulun əvvəlində neftin qiyməti 115 dollara qədər yüksəlmişdi, indi isə xeyli ucuzlaşıb və bu tendensiyanın davam edəcəyi güman olunur.
İ.Şabanın sözlərinə görə, bir neçə gündür ki, ABŞ-da yay tətili mövsümü rəsmən başa çatıb, insanlar şəhərlərə qayıdıblar, bundan sonra səyahətə meylli olmayacaqlar: “Deməli, benzinə tələbat minimuma enəcək və xam neft sifarişi azalacaq. Yəni mövsümi qiymət azalması baş verir, bu isə digər bazarlara təsir edir. Amerikanın qlobal bazarlara təsiri çox böyükdür.
Neftin qiymətinin iyun-iyulda 115 dollara qalxması İraqda İŞİD terrorçu qrupunun baş qaldırması ilə də bağlı idi. Məhz ABŞ Hərbi Hava Qüvvələrinin terrorçuların bazalarına zərbələrindən sonra qiymət sürətlə aşağı düşdü”.
Ekspert qeyd edib ki, əslində neft hazırda real bazar qiymətinə qayıdır: “Neftin real bazar qiyməti 80-90 dollar arasındadır. Çox güman ki, dünya buna doğru yönəlir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR