Faiq Şabanov Gəncənin köhnə bazarına təzə nırx qoyub

 1399872041_13998358261391866916Faig_Shabanov_(1)Gəncə DYPŞ-də aparılan  biabırçı yoxlamanın nəticəsi

Bir müddət əvvəl  Gəncə Şəhər Polis İdarəsinin statusu artırılaraq Baş İdarə oldu. Bu ölkə rəhbərliyinin və cənab nazirin Gəncə şəhərinə xüsusi önəm verməsinin nəticəsi idi. Sonra isə polis polkovniki Faiq Şabanov Gəncə ŞBPİ-ə rəis təyin olundu.

Bu dəyişikliklərdən sonra hamı düşünürdü ki, ölkənin ikinci paytaxtı sayılan Gəncə şəhərində insanların asayişinin qorunmasında, qanunların təmin olunmasında ciddi müsbət dəyişikliklər baş verəcək. Ancaq atalar demişkən, sən saydığını say, gör təzə rəis Faiq Şabanov nə sayır..?

Faiq Şabanov rəis təyin olunan kimi ilk öncə gəncəli iş adamlarına, sahibkarlara hücuma keçdi.

Ötən yazılarımızda bu mövzunu işıqlandırandan sonra ganca.az (Gəncə Media Mərkəzi) saytından zənglər gələrək polis rəisinin müdafiəsinə qalxdılar. Hətta saytımızın elektron ünvanına xeyli  sifarişli məktublar da yolladılar. Guya rəis Faiq Şabanov  iş adamlarına “qayğı” göstərir.

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az ) olaraq biz isə bütün bunlara fikir verməyərək öz obyektiv araşdırmalarımızı davam etdirdik.

Çox gözləməli olmadıq. Və Faiq Şabanovun əməlləri ilə bağlı etibarlı mənbədən daxil olan məlumatları işıqlandırmaq qərarına gəldik.

Qafqaz Xəbər Agentliyinə  ( qafqaznews.az ) daxil olan məlumatda bildirilir ki, Gəncədə kim avtoxuliqanlıq etmək istəyirsə, bununla bağlı sadəcə Gəncə ŞBPİ-nin DYPŞ-nin rəis müavini polis kapitanı Şabanov Raminə müraciət edib ayda 250 manat pul ödəmək kifayətdir. Sonra “papağını yan qoyub”  bir ay müddətində ürəyin istəyən qədər “avtoxuliqanlıq” edə bilərsən. Yox, əgər peşəkar avtoxuliqansansa, tarif artır, belələri ayda 350 manat ödəməlidir.

Məlumat üçün bildirək ki, Ramin Şabanov Gəncə ŞBPİ-nin rəisi Faiq Şabanovun doğmaca qardaşı oğlu, həm də kürəkənidir. Ramin Şabanov əmisinə arxayın olub bildiyini eləyir.

Etibarlı mənbənin bildirdiyinə görə bir neçə gün öncə şəhər sakinlərinin müraciəti əsasında Baş DYPİ-nin Gəncə DYPŞ ilə bağlı apardığı yoxlama yekunlaşıb. Müraciətdə qeyd olunurmuş ki, Ramin Şabanov əvvəlcədən onların içkili vəziyyətdə olduqları barədə protokol yazır, sonradan “haqqını” alaraq tərtib etdiyi nömrəli protokolda  “içkli” sözünü “təhlükəsizlik kəməri” ilə əvəz edir.

Baş DYPİ-in yoxlamaya gələn qrup rəhbəri Mahir Nağıyev və qrupun üzvü  Elçin Xasiyev nömrəli protokollara baxış keçirərkən məlum olub ki, həqiqətən də protokollarda ilk yazılan sözlərin üstündən ağ boya çəkilərək təhlükəsizlik kəmər sözləri qeyd olunub. Deməli, şikayətçilər haqlı imiş.

Qrup rəhbəri vəziyyəti dəyərləndirərək toplanmış  materialı Baş prokuror  yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərmək qərarına gəlib. Ancaq yuxarıdan gələn zəng hər şeyi dəyişib. Bütün bu işlərin səbəbkarı Ramin Şabanov cəzalandırılmaq əvəzinə Gəncə DYPŞ-nin rəisi Rəhim Zalova xidmətə tam yararsız olduğu elan olunub və yoxlama sona çatıb.

Qeyd edək ki, Baş DYPİ-dən yoxlamaya gələn qrupun üzvü Elçin Xasiyev Gəncə 9 saylı MERO-nun keçmiş rəisi Oktay Xasiyevin oğludur. Bir neçə il bundan əvvəl cənab nazir Ramil Usubovun Gəncəyə səfəri zamanı  Oktay Xasiyev xidmətində buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdur. Onun yerinə isə müavini Tariyel Məmmədov təyin olunmuşdur. Tariyel Məmmədovla bağlı da mətbuatda xeyli neqativ yazılar dərc olunub. Onun barəsində və aldığı mülklərinin yutubda çox maraqlı video rolikləri var.

Mənbənin bildirdiyinə görə Gəncə DYPŞ-dəki yoxlamanın nəticəsində haqsız yerə cəza alan Gəncə DYPŞ-nin rəisi Rəhim Zalov o gündən Gəncə ŞBPİ-nin rəisi Faiq Şabanov tərəfindən işə buraxılmır. Rəhim Zalov bizim etibarlı mənbəmizlə söhbətdə bildirib ki, mənim DYPŞ-də rəis vəzifəsi daşımağım formal xarakter daşıyır, oranın əsl rəisi Ramin Şabanovdur, ancaq töhmət mənə verilir.

Qafqaz Xəbər Agentliyinə  ( qafqaznews.az ) bildirir ki, mənbənin digər məlumatına görə Faiq Şabanov  hazırda Gəncə DYPŞ-nin rəisi vəzifəsinə  “300 min manatlıq müştəri”  axtarır. Qardaşı oğluna isə bildirib ki, o tez bir zamanda Gəncədən uzaqlaşıb başqa bir rayonun DYPŞ-nə rəis getməlidir. Beləliklə, Faiq Şabanov Gəncənin köhnə bazarına təzə nırx qoyub…

P.S. Amma bir məsələ qaranlıq qalır. Görəsən səlahiyyət sahibləri bilmir ki, əminin, qardaşoğlunun, kürəkənin və s. bir qurumda işləməsi polis haqqında qanuna ziddir? Ən əsası belə hallar korrupsiya və rüşvətxorluq üçün münbit şərait yaradır….

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyinə  

 

 

 

 

 

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR